PDF Oxu

Sosial

  • 12

15 İyun Milli Qurtuluş Günü müasir tariximizin yeni bir nümunəsidir

15 İyun Milli Qurtuluş Günü müasir tariximizin yeni bir nümunəsidir

Azərbaycan tarixinin ən önəmli hissəsi olan 15 İyun Milli Qurtuluş Gününün növbəti ilini müstəqil və güclü dövlətçiliyimizin mövcudluğu şəraitində qeyd edirik. Bunu "Səs"ə açıqlamasında Yeni Azərbaycan Partiyasının fəalları, rayon təşkilat sədrləri vurğulayıb. Qeyd olunub ki, Ulu Öndərimiz xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı yox olmaqdan, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edib.

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Milli Qurtuluş Gününü milli məfkurəmizdəki yerindən və mövqeyindən bəhs etdi. Bildirdi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını parçalanmadan, vətəndaş müharibəsindən, ümumilikdə isə, dövlətçilik prinsiplərini birdəfəlik yoxolma təhlükəsindən xilas etdi: "1990-cı illərin əvvəllərində siyasi hakimiyyətdə AXC-Müsavat cütlüyünün səriştəsizliyi və şəxsi maraqları daha çox önə çəkmələri sayəsində Azərbaycan dövlətçiliyi çıxılmaz duruma düçar olmuşdu. Demək olar ki, Azərbaycana qarşı həm daxildən, həm də xaricdən böyük təhlükələr mövcud idi. Ölkə daxilində bir neçə qütbə bölünmüş qüvvələr arasında gərgin mübarizə gedirdi. Bütün bunların fonunda isə, Azərbaycan xalqı böyük əzab və əziyyətlərlə üz-üzə qalmışdı. Məhz belə bir məqamda xalqın yeganə ümidi Ulu Öndər Heydər Əliyev idi. Beləliklə də, Azərbaycan xalqı təkid və tələblə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsinə və Onun müdrikliyi ilə mövcud problemlərin aradan qaldırılmasına inamı daha da gücləndi".

YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov Azərbaycan tarixinin ən müqəddəs günlərindən olan 15 İyun Milli Qurtuluş Gününün xalqın və millətin ən böyük bayramlarından biri olduğunu söylədi. Qeyd etdi ki, Azərbaycan tarixində ən önəmli məqamlarından olan 1993-cü ilin 15 iyunu xalqın böyük öndəri, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışı ilə əlaqədardır: "Bu tarix Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında yenidən böyük bir missiyasının başlanğıc tarixi kimi də qiymətləndirilir. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətinin başı üzərini almış böyük təhlükələr və xarici işğal faktoru xalqın Ulu Öndər Heydər Əliyev zəkasına üz tutması ilə sona yetdi". H.Pənahov bu gün müstəqil və güclü dövlətçiliyimizin olması ilə fəxr edən hər bir vətəndaşımızın həmin anları da heç vaxt unutmadığını, o dövr xalqımızın başına gətirilən bəlaların izlərinin hələ də sağalmadığını vurğuladı.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva da Azərbaycan xalqının tarixində ən parlaq səhifələrdən olan 15 İyun Milli Qurtuluş Günü müasir tariximizin yeni bir nümunəsi olduğun bildirdi. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev məhz bu tarixdə xalqın böyük sevgisi və əhatəsi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq, Azərbaycanın düşmüş olduğu bəlalardan xilas etdi. S.Vəliyeva, həmçinin, Ulu Öndərin o dövrlər Naxçıvanda görmüş olduğu bir sıra işlərdən də bəhs etdi. "O dövrlər həm ölkə daxilində, həm xaricdə baş verən proseslər çox mürəkkəb idi. Bu çətin situasiyadan Ümummilli Lider Heydər Əliyevin dərin zəkası və uzaqgörənliyi sayəsində çıxmaq mümkün idi. Çünki Ulu Öndər Heydər Əliyev həmişə öz xalqı və dövləti üçün əlindən gələn heç bir işi əsirgəməyib. O dövr Naxçıvanda Ali Məclisə Sədrlik edən Ulu Öndər, ilk dəfə olaraq, Azərbaycan bayrağını müstəqil dövlətin rəmzi kimi təqdim etməklə, ilk konkret addım atmış oldu. Beləliklə də, Ulu Öndər Heydər Əliyevə qarşı xalqın böyük inamı və məhəbbəti daha da güclənməyə başladı" deyən S.Vəliyeva 1993-cü ilin məlum hadisələrindən sonra xalq öz liderini yenidən rəhbər görmək arzusu ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdiyini də vurğuladı. Təşkilat sədri məhz xalqın təkidi ilə siyasi hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı düşmüş olduğu bəlalərdan xilas edərək və xalqı xoşbəxt gələcək naminə böyük ideyalar ətrafında birləşdirdiyini söylədi.


Tapdıq Qurbanlı

Digər xəbərlər