PDF Oxu

Sosial

  • 9

Kazan görüşündə razılaşma əldə oluna bilər

Kazan görüşündə razılaşma əldə oluna bilər

Kazan görüşü ərəfəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı rəsmi Moskva bir daha əsas vasitəçi kimi mövqeyini ortaya qoymağa çalışır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanla Azərbaycan arasında prinsipial yaxınlaşma olduğunu və bəzi məsələlərin razılaşdırıldığını bəyan etdi.

Hətta bəzi ekspertlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının Ermənistana çox böyük zərbələr vurduğunu, problemlər yaratdığını bildirirlər. Təbii ki, S.Lavrovun belə bir bəyanatı maraq doğurmaya bilməz. Millət vəkili Aydın Mirzəzadə qəzetimizə açıqlamasında Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səyləri müsbət qiymətləndirildiyini bildirdi: "İlk öncə Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir, daha sonra Ermənistanla sıx münasibətdə və strateji əməkdaşlığı olan bir ölkədir. Əgər Rusiyanın xarici siyasət idarəsinin rəsmisi belə bir bəyanat veribsə, deməli, məsələdə həqiqətən də müəyyən yaxınlaşma fikri var".

Millət vəkili vurğuladı ki, bir neçə gün əvvəl də Azərbaycan, Rusiya, Ermənistan XİN-in Moskva görüşündən sonra tərəflərin bir sıra məsələlərdə ortaq məxrəcə gəlmələri haqqında məlumat verildi.

Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ istiqamətində aparılan danışıqların nə vaxtsa öz nəticəsini verməli olduğunu bildirdi.

Həmçinin, A.Mirzəzadə vurğuladı ki, Azərbaycan dövləti Dağlıq Qarabağ problemində ən böyük kompromisi məhz danışıqlara getməklə həll edib. Dövlətimiz yetərli qədər Ermənistana güzəştə gedib. Və işğalçı Ermənistana bir daha Dağlıq Qarabağ münaqişəsini qansız, itkisiz həll etməsi üçün çox böyük şans verib: "Mənasız, lüzumsuz və işğalçı Ermənistana heç bir fayda verməyən 20 illik müharibəyə son qoyulmalıdır. Hətta erməni ictimaiyyətinin nümayəndələri vaxtaşırı olaraq, işğal edilmiş torpaqların geri qaytarılması və Dağlıq Qarabağda yaşayan erməni icmasının Azərbaycan cəmiyyətinin bir icması olması barədə fikirlər səsləndirir. Artıq erməni ictimaiyyətinin bu məsələdə Azərbaycanın düzgün mövqeyini dərk etməyə başladığını deyən millət vəkili, həmçinin, qeyd etdi ki, ermənilər uzun sürən işğalın, müharibənin Ermənistana müsbət heç nə vermədiyinin fərqinə varmaqdadır. Millət vəkili onu da söylədi ki, bu gün erməni mətbuatında müxtəlif sayda açıqlamalar verilir. Hər bir erməni vətəndaşı böyük məmuniyyətlə, Azərbaycan vətəndaşı olmaq istər".

A.Mirzəzadə bütün bunları onunla əlaqələndirdi ki, dövlətimizdə stabillik, iqtisadi, siyasi, mədəni, mənəvi inkişaf var. Azərbayacan bu gün nəinki regionun, hətta dünyanın qəbul etdiyi nüfuzlu ölkələrdən biridir.

Prezidentlərin Kazanda keçiriləcək görüşünə münasibət bildirən millət vəkili bu görüşdə müsbət nəticə gözlədiyini vurğuladı: "Ümumən Kazan görüşü ətrafında gedən söhbətlər, ayrı-ayrı ölkələrin rəsmilərinin verdiyi bəyanatlar onu göstərir ki, Kazan görüşündən əvvəlki görüşlərdən fərqli olaraq, nə isə gözləməyinə dəyər. Çox böyük ümidlə bu görüşə hazırlaşırıq. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çox böyük dəmir iradəsi sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu vasitəsilə çox tezliklə öz real həllini tapacaq"

Millət vəkili status-kvonun dəyişməsinin və danışıqların mərhələli şəkildə həllinə başlanmasının zamanının çatdığını vurğuladı:"Tərəflər problemin həllini müxtəlif mərhələlərə bölür və mərhələ-mərhələ onu həll etməyə çalışırlar. Mərhələli həll variantı isə, Dağlıq Qarabağın ətrafındakı Azərbaycan rayonlarının işğaldan azad olunması, məcburi qaçqın və köçkünlərin öz yurd- yuvalarına qayıtması, ərazilərin minalardan təmizlənməsi və quruculuq işlərinin aparılması olacaq. Eyni zamanda, paralel olaraq regionda kommunikasiyanın açılması, müəyyən əlaqələrin qurulması da nəzərdə tutulur. Ondan sonra isə, digər mərhələdə Laçın və Kəlbəcərin taleyinin həll olunması, Laçın dəhlizinin statusunun müəyyənləşməsi və azərbaycanlıların Dağlıq Qarabağa qayıtması olacaq. Proses bu mərhələ ilə sona yetməlidir. Təbii ki, rayonların işğaldan azad olunması, məcburi qaçqın və köçkünlərin vətənlərinə qayıtması müəyyən zaman tələb edəcək". Bir neçə mərhələni keçdikdən sonra Azərbaycan ilə Ermənistan arasında sərhədlərin açılması, diplomatik əlaqələrin bərpası müzakirə oluna bilər. Mərhələli həll variantı hər halda digər məsələlərin də həllinə çox yaxınlaşır".


AYLANA RZAYEVA

Digər xəbərlər