PDF Oxu

Sosial

  • 7

Kazan görüşünə ümidlər artır

Kazan görüşünə ümidlər artır

İyunun 25-də Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı prezidentlərin Kazanda keçiriləcək görüşü maraqla gözlənir. Görüş öncəsi həmsədrlərin verdiyi bəyanatlar problemin həllində müsbət irəliləyişin olması haqda inam yaradır.

Rusiya, Fransa və ABŞ razılaşmanın təxirə salınmazlığını dəqiq şəkildə bildiriblər


Analitiklərin fikrincə, prezidentlər səviyyəsində iyunun 25-nə planlaşdırılan görüş uzun illər ərzində Dağlıq Qarabağ məsələsində çətin vəziyyətdən çıxmaq üçün ən yaxşı imkandır. Bu barədə "The New York Times" qəzeti yazır. Məqalədə bildirilir ki, bunun üçün daha böyük stimul münaqişənin həll olunması üçün səy göstərən və bunun üçün öz nüfuzundan istifadə edən Rusiya prezidenti Dmitri Medvedev tərəfindən verilib.

"İyunun sonunda Kazan şəhərindəki görüşdə Rusiyanın məqsədi tərəfləri 5 ildən artıq müddətdə işlənib hazırlanan "baza prinsipləri" ilə razılaşmağa inandırmaqdır",- Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. Onun sözlərinə görə, beynəlxalq vasitəçilər- Rusiya, Fransa və Birləşmiş Ştatlar razılaşmanın təxirəsalınmazlığını dəqiq şəkildə bildiriblər.

Şənbə günü keçirilən görüşdən sonra xarici işlər nazirləri heç bir bəyanat verməyiblər. ABŞ-ın nüfuzlu qəzetinin yazdığına görə, cümə günü Azərbaycan Prezidentinin baş köməkçisi bildirib ki, Kazandakı danışıqlara "böyük ümidlər" var. Cümə axşamı isə Ermənistanın xarici işlər naziri bəyan edib ki, "əgər Azərbaycan öz razılığını verərsə, gözlənilən irəliləyişin əldə olunması mümkündür".

Vaşinqtondakı Karneqi Fondunun Qafqaz üzrə mütəxəssisi Tomas de Vaalın (Thomas de Waal) sözlərinə görə, baza prinsipləri üzrə çərçivə sazişi 1994-cü ildə atəşkəslə başa çatan altıillik müharibə zamanı öz ərazilərindən qovulan yüz minlərlə azərbaycanlıya geri qayıtmaq imkanı verər və Ermənistan prezidenti öz xalqını orada yaşayan ermənilərin təhlükədə olmayacağına inandırmalıdır.


Əli Həsənov: "Azərbaycan prezidentlərin Kazan görüşündən çox şey gözləyir"


"Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən çox şey gözləyirik". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Düşünürük ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ciddi irəliləyişin zamanı çatıb. Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri birgə bəyanat verib. Münaqişənin tezliklə həlli iradəsi ortada var",- Əli Həsənov deyib.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, münaqişənin həll edilməsi, danışıqların intensivləşdirilməsi və irəliləyişə nail olunması çağırışları var: "Düşünürük ki, Kazan görüşündə, həmin bəyanatın ruhunu da nəzərə alaraq, müəyyən irəliləyişə nail olmaq imkanları var".

Əli Həsənov hesab edir ki, bu imkanlar tək Azərbaycandan deyil, eyni zamanda, neçə illərdir danışıqlar prosesində qeyri-konstruktivlik göstərən Ermənistandan asılıdır.

"Dəfələrlə olub ki, əvvəl razılaşdırılmış və ya razılaşdırılmasına ümid bəslənilən məsələlər konkret görüşlər zamanı Ermənistan tərəfindən pozulub, onların bu və ya digər yanaşması ilə danışıqlar prosesi ləngidilib",- PA rəsmisi deyib.


Böyük dövlətlərin mövqeyi Ermənistanı ərazi bütövlüyü prinsipinə hörmət etməyə məcbur edəcək


Fransanın Dovil şəhərində keçirilən "G-8" sammiti çərçivəsində Rusiya, Fransa və ABŞ prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatı problemin həlli prinsiplərinə daha çox aydınlıq gətirir.

Bu 3 ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləridir. O üzdən bu 3 ölkənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, əslində, Ermənistana qarşı çox ciddi bir mesajdır.

Düzdür, Ermənistan beynəlxalq aləmdə müəyyən dairələrin dəstəyindən istifadə edərək hələ də işğal faktorunu uzada bilir. Ancaq bu gün həm real vəziyyət, həm böyük dövlətlərin mövqeyi Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə məcbur edəcək.

Ermənistan bundan çox ciddi nəticə çıxarmalıdır. Xatırlatmağa ehtiyac yoxdur ki, bu ölkələrin mövqeyi çox ciddi mövqedir və bu mövqeyə həm Ermənistan, həm dünya ciddi surətdə diqqət yetirir.

Azərbaycan indiyə qədər mümkün güzəştləri edib. İşğal faktoru Azərbaycanın inkişafına çox böyük zərbə vurursa, Ermənistana bundan qat-qat çox zərər vurur. O üzdən Yerevan məsələni uzatmağın, əslində, onun xeyirinə olmadığını yaxşı bilir.

Siyasi müşahidəçilər Kazan danışıqlarında münaqişənin həlli ilə bağlı önəmli razılaşmanın baş verəcəyini ehtimal edirlər. Hər bir halda Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək.

Ermənistana danışıqlar prosesini daha çox uzatmağa imkan verilməyəcək. Bunu artıq həm Yerevanda, həm də həmsədr ölkələrin paytaxtlarında yaxşı anlayırlar. Bu üzdən bu il işğal olunmuş torpaqların azad olunması istiqamətində önəmli addımların atılacağını gözləmək mümkündür.


Elçin Bayramlı

Digər xəbərlər