PDF Oxu

Sosial

  • 11

Kürdəmirdə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Kürdəmirdə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Kürdəmir rayonunda 15 iyun Milli Qurtuluş Günü ərəfəsində silsilə tədbirlər davam edir.İyunun 14-də Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının "15 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası günüdür" mövzusunda birgə elmi-praktik konfransı keçirildi. Konfransda rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov və aparat işçiləri, YAP Kürdəmir rayon təşkilatının fəalları, hüquq- mühafizə orqanlarının işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsi önünə tər çiçəklər düzmüş, Onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Sonra tədbir "Kürdəmir" şadlıq sarayında davam etmişdir. Elmi-praktik konfransı YAP rayon təşkilatının sədri Ağali Kərimli giriş sözü ilə açmışdır. Ağali Kərimli bildirmişdir ki, Milli Qurtuluş Günü xalqımızın müstəqillik illərində qeyd etməyə başladığı ən əziz bayramlardan biridir.Bu, bizim müstəqil dövlətimizin xilas bayramıdır, xalqımızın qanlı uçurum təhlükəsindən qurtuluş bayramıdır.Bu bayramın adındakı "qurtuluş" sözünün siyasi, tarixi və bəşəri mənaları çoxdur.Bu mənaların məğzi isə Azərbaycan dövlətçiliyinin tarixin ağır sınaqlarından uzaqlaşıb əmin-amanlıq sahilinə yan almasını ifadə edir.Bu tarixi yerişin sükansıçısı və qurucusu böyük Heydər Əliyev idi, Onun xilaskar iradəsi idi. Ağali Kərimli qeyd etmişdir ki, Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. "Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - dahi Heydər Əliyev".

Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasına həsr olunmuş "Sevdim Azərbaycanı" adlı filmə tamaşa etmişlər. Elmi - praktik konfransda "Azərbaycan xalqının taleyində dönüş anı" mövzusunda YAP rayon təşkilatı idarə heyətinin üzvü Teymur Hüseynov, "Böyük xilaskarlıq missiyası" mövzusunda Yenikənd kənd orta məktəbinin direktoru Elza Abdullayeva, "Müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz edən lider" mövzusunda YAP rayon təşkilatı Gənclər Birliyinin idarə heyəti üzvü Anar Məmmədov, "Milli Qurtuluş Günü - tarixin qızıl yaddaşına yazılan gün" mövzusunda Garıs-Əyribənd kənd orta məktəbinin müəllimi Tahir Quliyev, "Tarixi qayıdış və xalqın qurtuluşu" mövzusunda Peşə litseyinin direktor müavini, YAP-ın ərazi ilk pariya təşkilat sədri Poladxan Alıyev, "Müstəqilliyimizin təminatçısı" mövzusunda Atakişili kənd icra nümayəndəsi İlyas Mahmudov çıxış etmişlər. Çıxışlarda ümummilli liderimizin 1993-cü ildə təkrar hakimiyyətə qayıdışı ilə ölkəmizi anarxiya və parçalanmadan, məhv olmaq təhlükəsindən, qardaş qırğınından xilas etməsi barədə geniş fikirlər söylənilmişdir. Şərəf tariximiz olan "Milli Qurtuluş Günü"nündən ötən 18 il ərzində ölkəmizdə gedən sosial-iqtisadi, mədəni yüksəlişdən iftixarla danışan çıxışçılar möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki əvəzsiz xidmətlərini diqqətə çatdırmış, xüsusilə vurğulamışlar ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev dövlətimizi dünya birinciləri sırasına çıxarmışdır.Tədbirdə iştirak edən Kürdəmir rayon hakimiyyətinin başçısı Fəxrəddin Məlikov çıxış edərək əziz və əlamətdar gün — 15 iyun Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını, onların simasında bütün rayon sakinlərini təbrik etmiş və konfransa yekun vurmuşdur.

14 iyunda keçirilən tədbirlər Nizami kinoteatrının qarşısında Respublikanın tanınmış sənətçilərinin iştirak etdiyi bayram konserti ilə davam etmişdir.


GÜLYANƏ

Digər xəbərlər