Azərbaycan xalqı özünün növbəti Milli Qurtuluş Gününü qeyd etməkdədir. Bu, tarixin əbədiyyət simvolu kimi Azərbaycan tarixində önəmli və xüsusi yeri mövcuddur. Eyni zamanda, 15 iyun tarixinin əlamətdar xüsusiyyətlərindən biri də odur ki, bu tarix bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edək ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, dünyada gənclik şəhəri kimi qəbul edilən Sumqayıtda da bu bayram geniş və kütləvi şəkildə keçirilir. Ələlxüsus, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə keçirdiyi tədbirlər daha geniş müstəvidə yer alır. Bu barədə qəzetimizə açıqlama verən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirdi ki, zəngin dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevin sayəsində 1969-cu ildən sonra Azərbaycanı, o cümlədən, Sumqayıt şəhərini uzaq ölkələr belə, daha yaxından tanıdılar: "Bu ənənə Heydər Əliyev tərəfindən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı vaxtlarda da davam etdirilmişdir. Baxmayaraq ki, O, Moskvada yaşayırdı və böyük bir dövlətin mühüm işləri ilə məşğul olurdu. Lakin bununla belə, bu vətənpərvər insan və dahi fenomen bir an da olsun, öz doğma vətənini yaddan çıxarmır, əksinə, ölkəsinin inkişafı naminə fəaliyyətini daha da artırır, əlinə düşən fürsətlərdən maksimum yararlanmağa çalışırdı".
A.İmaməliyev onu da bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daha böyük işlərin keçiriliməsi üçün, xalqına daha yaxşı, firavan həyat bəxş etmək üçün səylərini inamla artırır. Belə ki, şəhərimizdə davamlı olaraq abadlıq işləri görülür, bir çox mədəniyyət, təhsil, tibb ocaqları yenilənir, ekoloji vəziyyət yaxşılaşdırılır, enerji sisteminin keyfiyyətinin yüksəldilməsi üçün ən modern texnologiyalar tətbiq olunur. Təbii ki, bütün bunlar məhz 15 iyun 1993-cü ildə baş verən siyasi hadisənin mütləq və uğurlu nəticəsidir.
A.İmaməliyev 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Sumqayıt şəhərində keçirilən tədbirlərlə bağlı da fikir səsləndirdi. Bildirdi ki, YAP Sumqayıt şəhər təşkilatının 270 ilk ərazi təşkilatı mövcuddur və bu təşkilatların hər birində ayrı-ayrılıqda 15 İyun Milli Qurtuluş Günü ilə bağlı iclaslar, konfranslar keçirilmiş, hər bir partiya üzvü bu iclaslarda iştirak etmiş, öz ürək sözlərini demişdir.
Sonda YAP Sumqayıt təşkilatının sədri bütün Azərbaycan xalqını bu bayram münasibətilə təbrik etmiş və öz xoş arzularını bildirmişdir.
RÖVŞƏN RƏSULOV