PDF Oxu

Sosial

  • 13

Qurtuluş məfkurəsi Azərbaycanın milli ideologiyasının əsasını təşkil edir

Qurtuluş məfkurəsi Azərbaycanın milli ideologiyasının əsasını təşkil edir

Dünən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında 15 İyun Milli Qurtuluş Günü münasibətilə gənclərlə görüş keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini, YAP İcra katibi, millət vəkili Əli Əhmədov, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, bugünkü görüşü keçirməkdə məqsəd gənclərlə yaxından ünsiyyət qurmaq və onları maraqlandıran sualları cavablandırmaqdır. Təşkilat sədri 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, azadlıq bütün xalqlar üçün şirin bir nemətdir. Azadlığı qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq da bir o qədər çətindir.

15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixində azadlıq günü kimi qeyd olunduğunu diqqətə çatdıran V.Seyidov bu tarixi yaradan Ümummilli Lider Heydər Əliyevin ideyalarının daim bizimlə yaşadığını söylədi. Dünya siyasətinin tanınmış siması olan Ümummilli Lider Azərbaycanı vahid bir şəkildə birləşdirərək Öz parlaq zəkası sayəsində onun yaradıcısına və qurucusuna çevrilib, dövlətimizin gələcək inkişafının təməlini qoydu. Müasir dövrümüzdə Onun siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Tədbirdə çıxış edən YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə gəncləri təbrik etdi. O, Azərbaycanın dövlət müstəqilliyinin təməlinin möhkəm əsaslar üzərində qurulmasında Ulu Öndər Heydər Əliyev zəkasının, müdrikliyinin mühüm rola malik olduğunu diqqətə çatdırdı. Ə.Əhmədov o illərdəki tarixi şəraitə nəzər salıb, Azərbaycanda baş verən ictimai-siyasi proseslərə diqqət çəkdi: "Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti tarixi bir missiyanı - xilaskarlıq missiyasını həyata keçirdi. Onun bu tarixi missiyası Azərbaycanda əmin-əmanlığın, sabitliyin bərpasına gətirib çıxardı. Heydər Əliyevin qayıdışı müstəqillik anlayışına yeni məna və yeni məzmun bəxş etdi. Azərbaycanda mövcud olan hərc-mərcliyi, xaos və anarxiyanı əmin-amanlıq, sabitlik əvəzlədi. Xalqın tələb və təkidi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev böyük siyasi tərcübəsini ortaya qoyaraq böyük təhlükələr ağuşunda yaşayan xalqın xilaskarına çevrildi. Xalqın arzusunu gerçəkləşdirən Heydər Əliyev daha böyük missiyanın gerçəkləşməsinə nail oldu. Ulu Öndər bu qayıdışa daha böyük zaman prizmasından yanaşırdı. O, müstəqilliyin əbədiliyini təmin etdikdən sonra Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına imza atdı. Əldə olunan müstəqillik Azərbaycanın davamlı inkişafına və onun müstəqilliyinin təməlinin möhkəmlənməsinə zəmin yaratdı. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan xalqının sosial rifahı yüksəldi. Azərbaycanda ardıcıl olaraq qısa bir zamanda baş verən dönüş xalqın yeni tarixinə böyük hadisələr yazdı".

YAP İcra katibi Ə.Əhmədov əldə edilən müstəqilliyin Azərbaycanın iqtisadi inkişafına da təsirini göstərdiyin vurğuladı. Qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi konsepsiya əsasında, nəinki Azərbaycanda sabitlik təmin olundu, eyni zamanda, Azərbaycan yeni yüksəliş mərhələsinə qədəm qoydu. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Azərbaycan tarixində görünməmiş, tamamilə yeni bir yüksəliş mərhələsini yaşamış oldu. İcra katibi qurtuluşun Azərbaycan tarixində hansı əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq, bildirdi ki, Azərbaycanın bütün bölgələrinin inkişafının, onun simasının dəyişib və müasirləşməsi məhz həmin tarixi günün məntiqi nəticəsidir: "Qurtuluş məfkurəsi Azərbaycanın milli ideologiyasının əsasını təşkil edir. Ölkəmizdə həyata keçirilən layihələr, islahatlar Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışının nəticəsidir. Azərbaycanın sürətli inkişafının strategiyasının əsası Heydər Əliyev tərəfindən qoyulmuş və bu kurs Azərbaycan Prezidenti İlham Əliyevin həyat keçirdiyi islahat və layihələrdə, siyasi, iqtisadi və mədəni sahələrdə daha modernləşdirilmiş şəkildə həyata keçirilir. İnkişaf özü ilə yeni bir sosial həyatın mövcudluğuna gətirib çıxarır. İnsanların sosial-rifah halının yaxşılaşdırılması Onun yürütdüyü konsepsiyanın əsasını təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bir neçə komponenti özündə ehtiva edir ki, bunun da başlıca inkişafı yeni stimulu müyyənləşdirməkdir. Təbii ki, Prezident İlham Əliyev modernləşdirmə siyasətinin tərkib hissələrindən birini də həyatın keyfiyyətinin dəyişməsi təşkil edir. Bu insanların həyatının daha da yaxşılaşdırması kimi bir missiyanı qarşıya qoyur. Bu istiqamətdə çox ciddi işlər aparılır. Statistik inkişafda özünü göstərən bu inkişaf həyatın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğunu əsaslandıran faktordur. Bütün bunların zəminində Azərbaycan günü-gündən müasirləşir və modernləşir, müasir həyatın standartlarına cavab verən bir məmləkətə çevrilir. Bu məkanda işləmək və yaşamaq da maraqlıdır. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətində öz əksini tapmışdır. Ümummilli Lider Heydər Əliyevin Qurtuluş məfkurəsinin yaratdığı Azərbaycanın inkişaf konsepsiyası məhz Ölkə Prezidenti İlham Əliyevin siyasi kursunda özünü göstərir. Bütün bu inkişafın nəticəsi olaraq insanların həyata baxış və mövqeləri dəyişmişdir. Azərbaycan vətəndaşlarının hər bir kateqoriyasından olan insanlar bu dəyişiklik və inkişafı görür və bu proseslərdə Azərbaycanın inkişafı naminə yaxından iştirak edir".

Azərbaycanda gedən inkişaf prosesində gənclərin də yaxından iştirak etdiyini bildirən İcra katibi məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən gənclər siyasətini təməlinin qoyulduğunu söylədi. Gənclərin dövlət vəzifələrinə irəli çəkilməsində, Azərbaycanın quruculuq işlərində yaxından iştirak etməsinə Ümummilli Lider zəmin yaratmışdır. Prezident İlham Əliyevin ictimai dəstəyinin təmin olunmasında gənclər əhəmiyyətli rol oynamışlar və bu gün də həmin funksiyanı yerinə yetirirlər. Əli Əhmədov gələcəkdə də gənclərin üzərlərinə düşən bu missiyanı ləyaqətlə yerinə yetirəcəklərini əminliklə qeyd etdi: "Bu gün YAP-ın sıralarının 40 faizini gənclər təşkil edir. Bu, ondan xəbər verir ki, YAP-ın potensialı güclüdür. Uzun illər Azərbaycanın ictimai-siyasi həyatında iştirak edən yüksək potensiala malik olan gənclər yeniliyə daha tez həvəs göstərirlər. Bu, bir tərəfdən YAP-a olan inamı özündə ehtiva edir, digər tərəfdən isə Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən irəli gəlir. Hər bir cəmiyyətin gələcəyi gənclərlə bağlıdır. Onlar Azərbaycanın gələcəyinə yeni töhfələr vermək iqtidarındadırlar".

Yeni Azərbaycan Partiyasının gənclərin potensialından lazımi şəkildə bəhrələndiyini bildirən partiyanın İcra katibi Əli Əhmədov bundan sonrakı siyasi fəaliyyətləri dövründə də gənclərin ictimai-siyasi həyatda iştirakına zəmin yaradılacağını bildirdi. Belə ki, gənclər Azərbaycanın ictimai-siyasi sabitliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində yaxından iştirak etsinlər. Gənclər müasir dünyanın ən önəmli çağırışlarına və tələblərinə cavab verməlidirlər: "Son 20 ildə əhalinin sayı 2 milyon nəfər artıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində 7 milyon əhali var idisə, bu rəqəm 9 milyonla əvəzlənib. Bu, o deməkdir ki, Azərbaycanın demoqrafik strukturunda gənclər təmsil olunur. Bu, əhəmiyyətli bir inkişaf faktorudur. Azərbaycan cəmiyyətinin gənclikdən gözlədiyi bunlardır: müasir gənclik, savadlı gənclik. Müasir dünyanın qəbul etdiyi bütün incəlikləri qəbul edən və dünya dillərini mənimsəyən gəncliyin formalaşdırması Azərbaycan gənclər siyasətinin əsasında durur. Gənclərin inkişafına dair Dövlət Proqramı üzərində çox böyük iş gedir. Bu proqram qəbul olunduqdan sonra Azərbaycan gəncliyinin inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılacaq. Beləliklə, Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti yeni bir mərhələdə reallaşdırılacaq. Bu, Dövlət Proqramı Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əsasını təşkil edir".

Sonra Əli Əhmədov bugünkü gənclər sırasında olanların Azərbaycan iqtidarını, cəmiyyətini təmsil edən simalar olduğunu vurğuladı. O, gənclər qarşısında duran vəzifələri diqqətə çəkib onları Azərbaycanın quruculuq işlərində yaxından iştirak etməyə çağıraraq, təhsildə uğurlar arzuladı.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon gənclər birliyinin sədr müavini Fariz Səfərov bildirdi ki, təşkilat özündə 2675 nəfəri birləşdirir. Gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğını vurğulayaraq gənclərimizin müasir texnologiyaya yiyələndiyini qeyd etdi. Onları dövlətimiz tərəfindən gənclər üçün yaradılmış şəraitdən yararlanmağa çağırdı.

Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov 15 iyun tarixinin Azərbaycanın həyatında böyük rola malik olduğunu bildirdi. 90-cı illərin əvvəllərində ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyini qeyd edən İ.Abbasov 1993-cü ildə xalqın tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vətəndaş müharibəsinin qarşısının alındığını, siyasi sabitliyin bərqərar olunduğunu, Azərbaycanın böyük təhlükədən xilas olduğunu söylədi. Ulu Öndərin bütövlükdə respublikamızın, onun müstəqilliyinin xilaskarı olduğunu qeyd edən İ.Abbasov Heydər Əliyevin bütün sahələri, Azərbaycan elmini, iqtisadiyyatını, mədəniyyətini məhvolma təhlükəsindən qurtardığını bildirdi. Ümummilli Lider hələ sovet dövründə Azərbaycanın inkişafına töhfələr verdiyini xatırladan İ.Abbasov 90-cı illərin əvvəllərində cəmiyyətin bütün sahələrində dərin böhran, tənəzzül, hətta iflas prosesləri müşahidə olunduğunu və yalnız Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra bu prosesin qarşısının alındığını bildirdi. Ümummilli Liderin yürütdüyü müdrik siyasət Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Natiq çıxışında Bakı şəhəri və onun ətraf kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına da diqqət yetirdi. Ölkəmizdə gedən quruculuq və abadlıq işlərinin irimiqyaslı layihələr əsasında həyata keçirildiyini diqqətə çəkdi. 15 iyunun Azərbaycanın xilas günü olduğunu qeyd edib, o gündən sonra ölkəmizdə hüquqi, demokratik, dünyəvi və milli dövlət quruculuğunda əldə olunmuş uğurları yüksək dəyərləndirdi. İqtisadiyyatımızın, elm və təhsilimizin günbəgün inkişaf etdiyini iştirakçıların nəzərinə çatdırdı.

Tədbirin sonunda YAP İcra katibi, millət vəkili Əli Əhmədov gənclərin ona ünvanladığı sualları ətraflı cavablandırdı.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər