Dünən AMEA Rəyasət Heyətində AMEA Riyaziyyat və Mexanika İnstitutu, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə dahi alim Nəsirəddin Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfrans öz işinə başladı. Konfransda çıxış edənlər dahi alimin dünya elminə bəxş etdiyi töhfələrdən danışdılar.
Konfransı giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov N.Tusi yaradıcılığının bu qurumun müvafiq institutları tərəfindən müntəzəm olaraq araşdırıldığını, 2003-cü ildən başlayaraq AMEA Riyaziyyat və Mexanika İnstitutunda onun əsərlərinin ərəb dilindən Azərbaycan və rus dillərinə tərcümə edildiyini, tədqiqatların nəticələrinin bir sıra beynəlxalq konfranslarda şərh edildiyini, son illərdə Türkiyədən alimin bəzi əsərlərinin surətlərinin əldə olunduğunu bildirdi:"Dünya şöhrətli alimin irsinin tədqiqinə Azərbaycanda ötən əsrin ikinci yarısından sonra başlanılmış, 1951-ci ildə Elmlər Akademiyasında çağırılmış elmi sessiyada onun yaradıcılığının dərindən öyrənilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuş, 1981-ci ildə 780, 2001-ci ildə isə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə dahi alimin 800 illik yubileyləri qeyd edilmişdir".
"Nəsirəddin Tusi və onun dövrü" məruzəsi ilə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik Akif Hacıyev çıxış etdi. O, qeyd etdi ki, hər bir tarixi şəxsiyyət kimi öz dövrünün yetirməsi olan ensiklopedik biliyə malik olan alim N.Tusinin yaşadığı dövr mürəkkəb bir dövr idi. Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi 1201-ci ildə Xorasan vilayətinin Tus şəhərində dünyaya göz açıb. Nəsirəddin (dinin tərəfdarı) adı ona mədrəsəni bitirdikdən sonra verilib. İlk təhsilini yüksək biliyə malik olan atası və əmisindən alan Tusi sonralar təhsilini təkmilləşdirmək üçün Nişapura gedir. 1235-ci ildə Tusi ona dünya şöhrəti qazandıran və indiyə qədər etika elmində əvəzi olmayan "Əxlaqi-Nasiri" əsərini yazır. N.Tusinin monqolların Bağdadı işğal etməsində də əvəzsiz xidmətləri olub. Hülakü xanı öz müdrik nəsihətləri ilə Bağdada hücumun müvəffəqiyyətlə başa çatacağına inandıran böyük şəxsiyyət buna nail olur və nəhayət, 500 illik Abbasilər sülaləsinin hakimiyyətinə son qoyulur. Məhz bundan sonra sarayda nüfuzu artan dahi alim əfsanəvi arzusuna - rəsədxana qurmağa nail ola bilir. 1259-cu ildə Marağa şəhəri yaxınlığında rəsədxananın əsası qoyulur. Böyük alimin rəsədxana tikmək üçün seçdiyi yer müasir astronomları da heyran qoyur. Marağa rəsədxanası zəngin kitabxanaya və astronomik cihazlara malik olmuşdur. Marağa rəsədxanası o dövrün Elmlər Akademiyası kimi fəaliyyət göstərib. İlk dəfə olaraq burada alimlər kollektiv şəkildə toplanmış, tədqiqatlar, müzakirələr aparmışlar.
ZÜMRÜD