"Bizim Bakı: Dəyişilən şəhərdəki həyat" mövzusunda Bakıda qısametrajlı sənədli film üzrə müsabiqə keçiriləcək. Müsabiqədə hər kəs iştirak edə bilər. Filmi peşəkar rejissor, həmçinin, jurnalist və həvəskarlar da hazırlaya bilər. Bu, peşəkar və həvəskar kamera ilə, mobil telefonu və video kameralı fotoaparatla çəkilə bilər.
Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, Bakı əhalisinin ictimai həyatı və Azərbaycanın 20 illik müstəqilliyinin inkişafı göstərilsin.
Azərbaycandakı Fransa İnstitutunun dəstəyi ilə keçirilən müsabiqənin qaliblərinə pul mükafatı veriləcək. Qeyd edək ki, 1-ci yer 1000 manatdır. Qısametrajlı filmlər iyunun 30-u təqdim olunacaq. Müəllif hüquqları qorunacaq.
XIV TÜRKSOY Opera Günləri yenidən operasevərlərin görüşünə gələcək
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən aldığımız məlumata görə, 19-29 iyun tarixində Türkiyənin Mersin, Girnə və İstanbul şəhərində XIV TÜRKSOY Opera Günləri yenidən operasevərlərin görüşünə gələcək. Konsertlərin 22 iyun Mersində, 24-26 iyun Girnədə və 28 iyun İstanbulda təşkil olunması planlaşdırılır.
Tatarıstanın məşhur şairi Abdullah Tukayın doğumunun 125 illik yubileyinə həsr olunmuş builki tədbirlərə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Krım (Ukrayna), Xakasiya, Şimali Kipr, Başqırdıstan (Rusiya Federasiyası), Tatarıstan (Rusiya Federasiyası), Qaqauz Yerindən (Moldova) 13 sənətçi qatılacaq.
TÜRKSOY Baş Katibliyi tərəfindən təşkil olunacaq tədbirdə Azərbaycan opera sənətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti İlahə Əfəndiyeva təmsil edəcək. İlahə Əfəndiyeva 2005-ci ildən adı çəkilən teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olub. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Moskvada Qalina Vişnevskaya adına Opera Mərkəzində ixtisasartırma kurslarını bitirib. Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Nigar, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, Cüzeppe Verdinin "Traviata" operasında Violetta və başqa partiyaları böyük uğurla ifa edir.
Xatırladaq ki, TÜRKSOY opera günləri 1994-cü ilin fevralında Türkdilli ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərarla keçirilir. Opera günləri 2003-cü ildə fəaliyyətinə fasilə vermiş və 2008-ci ildən yenidən səhnələrə qayıtmışdır. Türk dünyasında güclü əsasa malik olan opera sənəti TÜRKSOY Opera Günləri adı ilə on üç dəfə sənətsevərlərlə görüşmüş və hər dəfəsində böyük maraqla qarşılanmışdır. TÜRKSOY xətti ilə hər il Türkiyədə keçirilən bu Beynəlxalq Opera Sənəti Festivalında türkdilli ölkələr olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Xakasiya (Rusiya Federasiyası), Şimali Kipr, Başqırdıstan (Rusiya Federasiyası), Tatarıstan (Rusiya Federasiyası), Qaqauz Yerindən (Moldova) opera ifaçıları səhnə alır. Tədbirdə tanınmış bəstəkarların məşhur opera ariyalarından parçalar da