Bakı şəhəri ərazisində yerləşən çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətinə və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət məqsədi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən laboratoriya tədqiqat üsullarının tətbiqi ilə müayinələr və araşdırmalar aparılmışdır.
Aparılmış araşdırmalar Mərdəkan-Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəricilərinin norma səviyyəsində olduğunu göstərmişdir. Araşdırmalar zamanı, həmçinin, məlum olmuşdur ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. Şıx çimərliyinin sanitariya-mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci yaşayış sahəsi ərazilərindən və digər tərəfdən, Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə, Sahil təmizləyici qurğular stansiyasında təmir-yenidənqurma işləri başa çatdırılmadığından, təmizlənməmiş çirkab suların axıdılması davam etməkdədir.
Qəbul edilmiş qərarın icrasına köməklik göstərilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyətinə, Fövqaladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhəri Baş Polis İdarəsinə müraciət olunmuşdur.
NƏZAKƏT