Avropa Birliyinin bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıması, Ermənistanın işğalçı ölkə olaraq dəyərləndirilməsi nə dərəcədə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımçı ola bilər? Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına arxalanması nə dərəcədə real görünür? Bu suallara aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
- Azərbaycanın ərazi bütövlüyü dünya ölkələri tərəfindən qəbul edilir. Demək olar ki, dünyanın əksər ölkələri açıq şəkildə bəyan edirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Təbii ki, Ermənistanın işğalçı ölkə kimi tanınması hər şeydən öncə, Azərbaycan Respublikasının birbaşa qələbəsi olacaqdır. Uzun illərdir ki, Ermənistan tərəfi Azərbaycana qarşı olan münasibətdə ərazi iddiaları əsasında işğalçılıq siyasəti yeritməklə, ərazilərimizin 20 faizini işğal altında saxlamaqdadır. Avropa və digər dünya ölkələri demokratik dəyərləri təbliğ etdiyi bir vaxta insan hüquqları, beynəlxalq hüququ rəhbər tutduğu bir halda, hər hansı bir dövlətin ərazisinin işğal altında olması faktı ilə barışmamalıdır. Ermənistan işğalçı bir dövlət kimi tanınmalıdır. Bildiyiniz kimi, beynəlxalq hüquq normaları var və həmin o normalar işğalçı dövlətə münasibətdə konkret addımların atılması nəzərdə tutulur. Burada həmin ölkəyə qarşı digər sərt tədbirlərin görülməsi nəzərdə tutulur. Bu baxımdan, Ermənistan, təbii ki, işğal altında saxladığı Azərbaycan ərazilərini işğaldan azad etmək məcburiyyətində qalardı. Təəssüflər olsun ki, Ermənistan tərəfinin Azərbaycan ərazilərini işğalda saxlaması faktına münasibət bildirməkdə, Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarında özü də çox ehtiyatla yanaşırlar. Belə bir faktı səsləndirməyə tələsmirlər. Amma təəssüf olsun ki, adıçəkilən bu ölkələr digər məsələlərdə, yəni, əsası olmayan saxta məsələlərdə münasibət bildirməyə meyilli görünürlər və tələsirlər. Bu baxımdan, bir daha qeyd etmək istəyirəm ki, bəli, Ermənistan işğalçı bir dövlət kimi tanınması, birmənalı olaraq, Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunması deməkdir. Tezliklə bu münaqişənin həll olunmasında çox böyük bir stimul yarada bilər.
Ermənistan öz-özlüyündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına arxalanır. Bu prizmadan çıxış edərək, özünü cəzasızlıq şəraitində çox arxayın aparmaqdadır. Amma məsələnin digər tərəflərinə də diqqət yetirmək lazımdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatlarının şərtlərinə əsasən, orada çox aydın şəkildə göstərilir ki, həmin o müqaviləyə imza atmış tərəflərin hər hansı birinin ərazi bütövlüyünə və yaxud da digər məsələlərlə bağlı xaricdən hər hansı bir təcavüz olarsa, onda üzv ölkələr zorakılıq aktına məruz qalmış dövlətə yardım göstərəcəklər. Bu, konkret real vəziyyətdən çıxış edilərək müəyyənləşdirilir. Amma bizim indiki şəraitimizdə, yəni, Ermənistan bizim ərazilərimizi işğal altında saxladığı bir məqamda, təbii ki, Ermənistanın bu təşkilata arxalanmaq üçün əsasları yoxdur. Çünki Azərbaycan özünün beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini bərpa etməyə çalışır. Hər bir suveren dövlətin hüququ vardır ki, özünün ərazi bütövlüyünü qorusun və təmin etsin. Bu ərazi bütövlüyü pozulduğu halda, onun təmin edilməsi üçün bütün vasitələrə əl atsın. Bu baxımdan, Azərbaycan öz ərazilərini hərbi yolla işğaldan azad etməyə qalxarsa, təbii ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələyə müdaxilə etmək hüququ olmayacaqdır. Çünki Azərbaycan əməliyyatları özünün BMT-nin tanıdığı sərhədləri çərçivəsində aparacaqdır. Yəni, digər bir ölkənin ərazisinə müdaxilə etməyəcəkdir. Ona görə də, hesab edirəm ki, Ermənistanın bu müqaviləyə arxalanması üçün bu gün əsasları yoxdur.
GÜLYANƏ