AŞPA-nın yay sessiyasının ilk iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ üzrə Alt Komitənin toplantısı keçirilib. AŞPA yekdilliklə Alt Komitənin fəaliyyətinin davam etdirilməsinə qərar verib. Gözlənilən məqam ondan ibarətdir ki, bu dəfə də erməni tərəfi öz iç üzünü büruzə verdi. Alt Komitənin iclasında iştirak etmədi. Ümumiyyətlə, mövcud komitənin yaradılmasına, fəaliyyətinə, bərpa olunmasına erməni parlamentariləri əvvəlcədən öz narazılıqlarını bildirirdilər. Məlum komitənin fəaliyyətinə, bərpa olunmasına minbir vəchlə, cəhdlə mane olmağa çalışırdılar.
Politoloq Mübariz Əhmədoğlu qəzetimizə verdiyi açıqlaması zamanı AŞPA-nın Dağlıq Qarabağ üzrə yaradılan Alt Komitənin fəaliyyətinin davam etdirilməsi barədə qərar verməsini birmənalı olaraq dəstəklədiyini bildirdi: "Bu, qurumun öz qərarına hörmət etməsindən irəli gəlir. İşğalçı Ermənistan heç bir beynəlxalq qurumun norma və prinsiplərinə qətiyyən əməl etmir, Avropa Birliyinin çıxardığı qərarlara heç zaman hörmətlə yanaşmır. Azərbaycan dövləti isə, həmişə beynəlxalq qurumuların qərarlarına hər zaman hörmətlə yanaşıb".
Politoloq onu da söylədi ki, mənfur ermənilər Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə həmişə öz narazılıqlarını bildirirdilər. Amma bu dəfə tam açıq-aşkar şəkildə sübut etdilər ki, Alt Komitənin fəaliyyətinin bərpa edilməsinə qətiyyən razı deyillər. İşğalçı Ermənistan tək bu dəfə deyil, hər zaman olduğu kimi, qeyri-konstruktivlik nümayiş etdirir. Artıq bu gün bütün dünya ermənilərin iç simasına bəllidir. Dünya ölkələri ermənilərin nə dərəcədə alçaq, simasız, ikili oyun nümayiş etdirdiyinin şahididir.
Politoloq ermənilərin bu cür mövqeyini iyunun 25-də Rusiya, Ermənistan və Azərbaycan dövlət başçıları səviyyəsində keçirilən Kazan görüşünə müəyyən bir hazırlıq kimi də qiymətləndirdi. Ermənistan prezidenti Serj Sarkisyanın AŞPA-nın bugünki çıxışına olan hazırlıqdır. Yəni bu, bir növ təxribatdır.
Politoloq onu da əlavə etdi ki, əgər bütün situasiyalar bizim hesab etdiyimiz, düşündüyümüz kimi olarsa, o zaman ermənilərdən Kazan görüşündə müəyyən bir konstruktiv mövqe gözləməyinə dəyməz. Bu, artıq erməni xislətinə xas olan bir məqamdır. Ya danışıqlardan əvvəl hansısa gərginlik yaradırlar, ya da ki, danışıqlarda müəyyən bir razılaşma əldə olunandan sonra təxribata əl atırlar.
Digər bir nüansa toxunan politoloq bildirdi ki, doğrudur, Avropa Birliyi Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha təsdiqlədi, lakin bununla belə işğalçı dövlətə qarşı ciddi sanksiya tətbiq etmirlər. Bu gün Avropanın Azərbaycana ehtiyacı var. Azərbaycan dövlətindən öz qazını Avropaya satması üçün xahiş edir. Avropadan Azərbaycan çox güclü, demokratik, inkişaf edən dövlət kimi görünür. Lakin təcavüzkar Ermənistan zəif, aciz və digər dövlətlərin yardımı və köməyi ilə yaşayan ölkə anlamını verir.
"Ermənistanın keçmiş xarici işlər naziri Oskanyan "Azadlıq" radiosuna müsahibəsi zamanı işğalçı dövlətin ağır, böhranlı vəziyyətdən çıxması yolunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi ilə bağlı olduğunu söyləyib. Bu, həm də ümumi erməni ictimaiyyətinin mövqeyi sayıla bilərmi" sualını cavab olaraq, politoloq onu da qeyd etdi ki, yaxşı olardı ki, Vardan Oskanyan Ermənistanın xarici işlər naziri olduğu zaman Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etdiyi faktını etiraf edəydi. Bununla belə artıq erməni ictimaiyyəti onun fəal təbəqəsi işğalçı Ermənistanın ağır durumdan çıxması yolunu işğal edilən Azərbaycan torpaqlarının azad edilməsində görür.
AYLANA RZAYEVA