Dünən Mətbuat Şurasında tanınmış jurnalist, "Ədalət" qəzetinin baş redaktor müavini Məzahir Əhmədoğlunun "Uembli arayışı" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Şura bununla yeni layihənin icrasına başlayır, bir növ, yeni ənənənin əsasını qoyur. Bu, peşəkar baxışları ilə diqqəti çəkən istedadlı həmkarlarımızın yaradıcılıq nümunələrini özündə cəmləşdirən kitabların təqdimatı və müzakirələrinin təşkilidir. M.Əhmədoğlunun Azərbaycanın zəhmətkeş jurnalistlərindən olduğunu vurğulayan Ə.Amaşov onu ölkənin 10-15 ən yaxşı köşə yazarından biri kimi səciyyələndirib. Sakit təbiətli, xeyirxah xislətli, təvazökar bu insana xas keyfiyyətlərin Məzahirin yaradıcılıq nümunələrində boylandığını deyib. "Uembli arayışı"nda dolğun nümunələrin toplandığını bildirən Şura sədri ömrünün kamillik dövrünü yaşayan müəllifin yeni-yeni uğurlara imza atacağına əmin olduğunu dilə gətirib.
Millət vəkili, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Abbas çıxışında qeyd edib ki, bu kitabda ölkəmizin, mətbuatımızın keçdiyi bir tarix var. O, publisistikanın incəliklərini görkəmli yazarlardan əxz etdiklərini deyərək M.Əhmədoğlunun indinin istinad olunmalı jurnalistləri sırasında yer tutduğunu söyləyib. A.Abbas bildirib ki, M.Əhmədoğlu "Ədalət" qəzetinin regionlar üzrə baş redaktor müavini kimi nəşrin yerlərdəki nüfuzunun yüksəlməsində müstəsna rol oynayıb.
Xalq şairi Ramiz Rövşən çıxışında M.Əhmədoğlunu yüksək bədii istedad daşıyıcısı kimi xarakterizə edib. Jurnalistikanın hazırda çətin mərhələ yaşadığını deyən R.Rövşən bu baxımdan janrların da böhran keçirdiyini, bəzilərinin isə sıradan çıxdığını vurğulayıb. "Elə yazılar var ki, onlara münasibət bildirmək istəmirsən. Elə yazılar da var ki, müəllifləri ilə polemikaya girmək həvəsi yaranır. Bu tip nümunələr çox azdır. Fikirlərim üst-üstə düşməsə də, maraqlı olan nə varsa, onu diqqətlə nəzərdən keçirmək həvəsindəyəm. Bu mənada Məzahirlə fikirlərimiz də üstü-stə düşür. Kitabı yaşantılarımızın maddiləşmiş sübutu adlandırardım", - deyə o əlavə edib. Şair-publisist Tofiq Abdin müəllifin etibarlı jurnalistlərdən olduğunu bildirərək Məzahirin publisistikasının bir yerə yığışmasını təqdir edib, həmin nümunələrin hərəsini ayrıca roman mövzusuna bənzədib. Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov deyib ki, "Ədalət" qəzetinin publisistikamıza xeyli ərməğanları var: "Kitab ona görə ruhən yaxşıdır ki, unudulmuşları unudulmağa qoymur. Bu, təmsil olunduğumuz məclisin başlıca fəaliyyət istiqamətlərindəndir".