Son illər respublikamızda turizm sahəsində əldə olunan nailiyyətlər dövlət siyasətinin uğurla həyata keçirilməsi zəmində baş verir. Ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir.
"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2010-2014-cü illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilir, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunur. Azərbaycanda turizm üçün yaradılan şərait respublikamıza gələn turistlərin sayının ilbəil artmasına gətirib çıxarıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının-sosial-iqtisadi inkişafı Dövlət Proqramı" əsasında turizm siyasətinin həyata keçirilməsinə əsaslı dönüş yaradır.
Ölkəmizdə turizm mövsümü iyunun ortalarından başlayır
Artıq Azərbaycanda turizm mövsümü açıq elan olunub. Ölkəmizdə turizm mövsümü ənənəvi olaraq iyunun ortalarından başlayır. Ötən il 200 mindən artıq Azərbaycan vətəndaşı bölgələrdə istirahət etmişdir. İndi Azərbaycanın istirahət zonalarında qiymətlər ötən ilə nisbətən 8-15 faiz aşağı düşmüşdür. Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan olunması bu sahənin inkişafına təkan vermişdir. "Turizm ili" çərçivəsində Bakıda beşulduzlu 5 yeni beynəlxalq şəbəkə hotelinin fəaliyyətə başlayacağı gözlənilir. Bu hotellərdən biri - "Marriott İnternational" şəbəkəsinə məxsus olan "JW Marriott Absheron Baku" hoteli cari ilin sonunda ilk qonaqlarını qəbul edəcəkdir. Bu mehmanxana Bakının Azadlıq meydanında, keçmiş "Abşeron" hotelinin yerində inşa edilir. Hotelin çoxsaylı restoran və barları qonaqların xidmətində olacaqdır. Mehmanxanada qonaqların istirahəti üçün təmtəraqlı spa-salon, fitnes mərkəzi və 22-ci mərtəbədə hovuz fəaliyyət göstərəcəkdir. Bundan əlavə, mehmanxanada müşavirələr keçirilməsi üçün 1800 kvadratmetr sahə, o cümlədən, pəncərələri Azadlıq meydanına açılan geniş (1200 kvadratmetr), sütunsuz salon nəzərdə tutulmuşdur.
Qeyd edək ki, "JW Mariott" lüks brendi 2012-ci ilin sonunadək ayrı-ayrı ölkələrdə 12 yeni hotel açmağı planlaşdırır. Beləliklə, "JW Mariott"un dünyanın 27 ölkəsində 64 hoteli və kurortu olacaqdır. Bu hotel daha çox əcnəbi turistləri Azərbaycana cəlb edəcək.
Bütün bu qeyd olunanlarla yanaşı, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər də xarici turistlərin cəlb olunmasında mühüm rol oynayır. Turizm sənayesində kadr hazırlamaq üçün 3 yeni təhsil mərkəzinin yaradılacağı da nəzərdə tutulur. Gələn il Bakıda "Eurovision" mahnı yarışmasının keçirilməsi də qarşımızda ciddi vəzifələr qoyur. Bu münasibətlə ölkəmizə gələn qonaqları qarşılamağa və Azərbaycanın təbii gözəllikləri ilə tanış etməyə hazır olmalıyıq.
Qəbələyə gələn yerli və xarici turistlərin sayı ildən-ilə artır
Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələyə turist axınının güclənməsi müşahidə olunmaqdadır. Bu region çox qədim tarixə malikdir. Rayonun ərazisindən Dəmiraparan çayı, Vəndam çayı, Bum çayı, Tikanlı çayı və başqa çaylar turistlərin marağına səbəb olur. Qəbələ rayonunda dağ yamaclarında, dəniz səviyyəsindən 1000 m yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Baharda şabalıd ağaclarının çiçək açması ecazkar mənzərə yaradır. Bu meşədəki ağaclar çox qədimdir. Onların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilmişdir. Burada ceyran, cüyür, ayı, canavar, dovşan və yerli faunanı təmsil edən digər heyvanları ovlamaq olar. Respublikanın ən uca zirvəsinə Bazardüzü dağına gedən alpinist marşrutlarından biri bu rayondan keçir.
Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid, Əmili kəndindəki Alban məbədi, Bayramkoxa kəndindəki Ustacan qülləsi, Nic kəndindəki Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Həmzəlli kəndindəki Şıxbaba piri və Komrad dağının zirvəsindəki Komrad piri bu rayonun tarixi baxımdan qədim sayılan məkanlarıdır.
ZÜMRÜD BAYRAMOVA