Məlum olduğu kimi, iyun ayının 25-də Rusiyanın Kazan şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üçtərəfli görüş keçiriləcək. Qeyd etmək lazımdır ki, problemin həlli ilə bağlı dəfələrlə dövlət başçıları səviyyəsində keçirilən görüşlər Ermənistanın qeyri-konstruktiv oyunları ucbatından həll olunmamış qalıb. Bununla belə Kazan görüşündə müəyyən irəliləyişin əldə olunacağına ümidlər var. Yerli və xarici ekspertlərin gəldiyi qənaət, eləcə də, Avropa Birliyinin iyunun 15-də keçirilən iclasında bir daha Azərbaycanın ərazi bütövlüyünü tanınması Kazan görüşünə ümidlərin əsaslı olduğunu ortaya qoyur.
"Şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin çözülməsi istiqamətində keçirilən hər bir görüşü müsbət qiymətləndirmək lazımdır. Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan Kazan görüşünə böyük ümidlərlə gedirik. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedən fərqli olaraq, Azərbaycan dövləti hər zaman real addım atıb, konstruktiv mövqe nümayiş etdirib" deyə millət vəkili İlham Məmmədov vurğuladı.
Millət vəkili "Səs" qəzetinə verdiyi açıqlamasında işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan dövlətinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə layiqincə əməl etdiyini söylədi. Bildirdi ki, Azərbaycan bu gün çox güclü, hərbi potensialı böyük olan dövlətdir. Bütün hallarda torpaqlarını müharibə yolu ilə işğaldan azad etməyə qadirdir. Sadəcə olaraq, dövlətimiz beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşdığı və sülhsevər bir ölkə olduğu üçün hər dəfə danışıqlar aparır, görüşlərə gedir. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində yürütdüyü siyasəti xalqımız, birmənalı olaraq, dəstəkləyir.
Danışıqların mərhələli həlli variantına toxunan İ. Məmmədov status-kvo vəziyyətinin dəyişdiyinin tam zamanı olduğunu vurğuladı: "Axı, eyni vəziyyət nə qədər davam edəcək?!. Qaçqın və köçkünlərimiz öz yurd-yuvalarına qayıtmalıdırlar. Bu, vəziyyətlə Azərbaycan dövləti barışa bilməz. Danışıqların mərhələli həlli variantı münaqişənin həllinə doğru atılan bir addımdır".
Millət vəkili onu da qeyd etdi ki, işğalçı Ermənistan Rusiyanın forpostu və onun əlində bir alətidir. Böyük dövlətlər bölgədə öz siyasi maraqlarını həyata keçirmək üçün işğalçı dövlətdən bir alət və vasitə kimi istifadə edir. Ümumiyyətlə, işğalçı Ermənistan tək indi deyil, tarixən digər dövlətlərin köləsi olub. Hər zaman başqa ölkələrin yardımına və köməyinə ehtiyac duyub. Cənubi Qafqaza təsir etmək üçün ermənilərdən yaxşı alət ola bilməz. Bu gün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hər üçünün Ermənistana olduqca böyük təsir imkanları var.
ATƏT-in Minsk Qrupunun fəaliyyətindən öz narazılığını bildirən millət vəkili qeyd etdi ki, Minsk Qrupu öz fəaliyyətini daha da intensivləşdirməlidir: "16 illik fəaliyyətləri dönəmində həmsədrlər heç bir real nəticə, konkret proqram ortaya qoya bilməyiblər. Düz 16 ildir ki, ATƏT həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində dayanmadan, sərasər danışıqlar aparır. Amma nədənsə, bu vaxta qədər ATƏT-in Minsk Qrupu sülh yolu deyil, danışıqları uzatmaqla məşğuldurlar. Hər dəfə də cəfəng bəyanatlar verir, bir çox hallarda isə, işğalçı Ermənistanı müdafiə edirlər.
Millət vəkili onu da qeyd etdi ki, Rusiya Ermənistanın Cənubi Qafqaz coğrafiyasında mövcudluğuna təminatçı olan bir ölkədir. Ermənistan iqtisadiyyatının yarısı Rusiyadan asılıdır. Bu sözləri eynilə ABŞ və Fransa haqqında da deyə bilərik. İctimaiyyətdə belə bir fikir formalaşır ki, həmsədr dövlətlər Dağlıq Qarabağ probleminin dondurulmasına və uzadılmasına xidmət edir.
İ. Məmmədov onu da vurğuladı ki, işğala məruz qalmış bir dövlətin- Azərbaycan dövlətinin kompromis limiti çoxdan tükənib. Azərbaycan dövləti, birmənalı olaraq, öz torpaqlarının geri qaytarılmasını tələb edir. Torpaqlarımızı işğaldan azad etmək üçün heç bir beynəlxalq təşkilat bizə maneçilik törədə bilməyəcək.
AYLANA RZAYEVA