Məlum olduğu kimi, istənilən ölkədə arzu edilən inkişaf səviyyəsinə nail olmaq üçün, ilk növbədə, regionların inkişafını təmin etmək lazımdır. Başqa sözlə desək, regionları inkişaf etdirmədən ümumi iqtisadi inkişafı təmin etmək qeyri-mümkündür. Üümummilli Lider Heydər Əliyevin və bu uğurlu siyasətin layiqli davamçısı dövlət başçısı İlham Əliyevin rəhbərlik etdiyi müasir dövrdə regionların inkişafı problemləri daim diqqət mərkəzində olmuş və ölkənin ümumi iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir.
Millət vəkili Vahid Əhmədov "Səs" qəzetinə verdiyi açıqlamasında ölkə Prezidenti İlham Əliyevin son illər imzaladığı dövlət proqramlarının Azərbaycanın güclü dövlətə çevrilməsinə müsbət təsir etdiyini bildirdi:
- Bildiyiniz kimi, 2004-2008-ci illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Azərbaycanın bütün rayonlarının iqtisadi və sosial həyatında əhəmiyyətli dərəcədə kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu proqramın məntiqi davamı olan yeni iqtisadi inkişaf konsepsiyası olan yeni Dövlət Proqramı 2009-2013-cü illəri əhatə edərək, ölkəmizin iqtisadi, sosial, infrastruktur, sahibkarlıq, investisiya siyasətinin başlıca istiqamətlərini əhatə edir. Ötən müddət ərzində regionların inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər davam etdirilib, rayonlarda abadlıq-quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılıb. Məhz bu baxımdan, 2009 və 2010-cu illər əhatəli layihələrin həyata keçirilməsi bütün bölgələrin yaşayış ərazilərində kompleks tədbirlərin reallaşması ilə yadda qalıb. Dövlət Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi, ölkə iqtisadiyyatının bütün sahələrində dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin həyata keçirilməsi, regionlarda iş yerlərinin yaradılması ilə bağlı konkret layihələrin icra olunması, infrastruktur təminatı ilə əlaqədar işlərin gerçəkləşməsi nəzərdə tutulduğundan da yüksək səviyyədə yerinə yetirilib. Bunu ötən ilin statistikası da təsdiq edir. Belə ki, ötən il ölkəmizdə 32,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunubdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Ölkənin qeyri-neft sektorunda əlavə dəyər istehsalı 5,4 faiz, neft sektorunda isə 2,4 faiz artmışdır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsində sosialyönümlülüyün prioritet təşkil etməsi - bu məqsədlə 33,3 faiz (ümumilikdə, 4 milyard 234 milyon manat), yaxud cari illə müqayisədə 341,8 milyon manat çox vəsait ayrılması, sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, vətəndaşların sosial tələbatının ödənilməsi, bir növ cəmiyyətin mənəvi göstəricisinə çevrilir.
Digər bir məqama da toxunmaq istərdim. Bildiyiniz kimi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, ilk növbədə, aqrar sektorun inkişafını tələb edir. Bir məsələni də yada salaq ki, ölkə başçısının 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Cəmiyyəti narahat edən aktual problemlərin həllini nəzərdə tutan bu proqram davamlı inkişafın təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. Məhz bu məqsədlə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da aqrar sektorun inkişafına dair konkret vəzifələr müəyyənləşdirilmişdir. Dövlət Proqramında ölkəmizin turizm potensialından istifadənin səmərəliliyinin yüksəldilməsi, turizm xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından da konkret vəzifələr müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikasında turizmin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi qarşıdakı illərdə də prioritet istiqamətlərdəndir.
RƏFİQƏ KAMALQIZI