PDF Oxu

Sosial

  • 9

“Ermənistana öz yerini çox kəskin şəkildə göstərməyin vaxtı çatıb”

“Ermənistana öz yerini çox kəskin şəkildə göstərməyin vaxtı çatıb”

- Elşad müəllim, bildiyiniz kimi, qarşıdan Kazan görüşü gəlir. Görüşlə bağlı müxtəlif qurumlar müxtəlif səpkili bəyanatlar verirlər. Bəziləri bu görüşə böyük ümidlə baxır, digərləri isə onun əvvəlkilərdən fərqlənməyəcəyi qənaətindədir. Sizcə, bu ehtimallardan hansı daha inandırıcıdır?

- Rusiyanın təşəbbüsü ilə keçirilən görüşlər artıq davamlı bir hal almaqdadır. Məlum olduğu kimi, Kazan görüşü bu il ikinci, ümumiyyətlə isə, doqquzuncu belə görüşdür. Bu rəqəm öz-özlüyündə çox ciddi məqamlardan xəbər verir. Birincisi, Rusiya münaqişənin tənzimlənməsi prosesini, nəyin bahasına olursa-olsun, öz nəzarətində saxlamağa çalışır. Digər bir məqam isə ondan ibarətdir ki, bu proses beynəlxalq ictimaiyyət tərəfindən də Rusiyanın nəzarətində, daha doğrusu, inhisarında olan bir məsələ kimi qəbul olunur. Bu, Rusiyaya bir sıra imkanlar verir. Rusiyanın beynəlxalq ictimaiyyət qarşısında siyasi simasını qoruyub saxlamasına imkan verir. Rusiyanın məşğul olduğu məsələni axıra kimi yerinə yetirə bilməməsi rəyinin formalaşması Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vurur. Təbii ki, Rusiya bunu istəmir. Ona görə də, Rusiyanın təşkilatçılığı ilə keçirilən görüşləri bəzi mənbələr kimi tam nəticəsiz hesab etmək mümkün deyil. Bu baxımdan, növbəti Kazan görüşündə irəliləyişin əldə olunacağına ümidlər böyükdür. Bir sıra amillər bunu deməyə əsas verir. Əvvəla, Rusiya regionda yeni bir müharibənin alovlanmasının əleyhinədir. Bu halda, o, regiona nəzarəti həyata keçirə bilməyəcək. Buna görə də Rusiya hər vəchlə atəşkəsin davam olunmasına səy göstərir. Artıq hər vasitə ilə Azərbaycanın hərbi yola əl atmasının qarşısı alınmağa çalışır. Bu da Azərbaycanın ədalətli mövqeyini dəstəkləməklə baş tuta bilər. Ermənistanın danışıqlar masasında konstruktiv mövqe göstərməsinə nail olmaqla Rusiya yeni bir müharibənin qarşısını ala bilər. Bunun üçün başqa bir yol görmürəm. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Kazan görüşünə böyük ümidlə yanaşır və bunu Ermənistan üçün sonuncu şans kimi dəyərləndirir. Kazan görüşündən sonra Ermənistanın gələcək perspektivdə atacağı addımların məntiqi bəlli olacaqdır. Yəni, ondan sonra bilinəcək ki, Ermənistan münaqişənin həllinə meyillidir yoxsa qeyri-konstruktiv mövqeyini davam etdirmək niyyətindədir. Bu baxımdan, Kazan görüşünə böyük əhəmiyyət verirəm. Rusiya xarici işlər nazirliyinin sözçüsü A.Lukaşeviçin qeyd etdiyi kimi, xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü zamanı mövqelərin yaxınlaşdırılması haqqında bəyanatın verilməsi Kazan görüşünə ümidləri bir az da artırır.

- Həqiqətən də, Rusiyanın mövqeyində dəyişikliyin olmasına inanmaq mümkündürmü? Rusiyada gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin Qarabağ danışıqlarına nə dərəcədə təsiri ola bilər? Yəni Putin-Medvedev rəqabətinin münaqişənin həllində Medvedevin nüfuzunu artırması üçün hansısa qəti addımlar atacağını gözləmək olarmı?

- Bu gün Rusiyada çox böyük bir seçkiqabağı kampaniya aparılmaqdadır. Lakin düşünmürəm ki, adları çəkilən liderlərin hansısa biri seçkilərdə əlavə dividend qazanmaq üçün Qarabağ münaqişəsində gözlənilməz addım atsın. Sadəcə olaraq, Rusiyanın dövlət olaraq, məsələyə münasibətində dəyişikliyin vaxtı çatıbdır. Rusiya bunu dərk etməkdədir. Rusiyanın bunu dərk edib lazımi addımları atmayacağı halda, digər məqamlar ortaya çıxa bilər. Kifayət qədər maraqlı qüvvələr var ki, tənzimləmə prosesində nəzarəti ələ almaq niyyətindədirlər. Bu, gələcəkdə onların regionda iqtisadi maraqlarının daha yüksək səviyyədə təmin olunmasına zəmanət verir. Bu baxımdan, Rusiya lazımi addımları atmalıdır. Ermənistana öz yerini çox kəskin şəkildə göstərməyin vaxtı çatıbdır. Düşünmürəm ki, bu gün Ermənistan Rusiya üçün maraqlı olan ölkədir. Bu gün Azərbaycanla yüksək əməkdaşlığın qurulması daha mühümdür. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutur. Bu baxımdan, hesab edirəm ki, Rusiya Azərbaycanı əlində saxlamağa daha çox cəhd göstərməlidir.

- Digər bir region ölkəsi olan Türkiyə də son dövrlərdə münaqişənin tənzimlənməsinə böyük səy göstərməkdədir. Kazan görüşü ərəfəsində Türkiyənin bir sıra qurumları tərəfindən Ermənistanın konstruktiv mövqe göstərməyə səsləyən çağırışlar oldu. Bildirildi ki, münaqişə həll olunmayınca Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Bunu Ermənistana qarşı təzyiq vasitəsi kimi qiymətləndirmək olarmı?

- Təkcə, Türkiyənin deyil, ümumilikdə, beynəlxalq ictimaiyyətin Ermənistana münasibətində dəyişiklik hiss olunurdu. Bir müddət bundan öncə, Türkiyə- Ermənistan dostluğunu göstərən abidənin bütün cəhdlərə baxmayaraq, sökülməsi göstərdi ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayıb, Türkiyə ilə Ermənistan arasında heç bir münasibətin qurulmasından söhbət gedə bilməz. Təbii ki, Türkiyə kimi bir ölkə ilə Ermənistanın heç bir münasibətinin olmaması getdikcə Ermənistana öz mənfi təsirini göstərəcək. Ermənistan, faktiki olaraq, siyasi, iqtisadi və sosial böhran keçirməkdədir. Bu baxımdan, Ermənistan hakimiyyətinin özü də dərk edir ki, Ermənistanla Azərbaycan arasında münaqişə həll olunmadan Türkiyə ilə münasibətlərin qurulması qeyri-mümkündür.

- Ermənistan nümayəndə heyətinin AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin ilk iclasında iştirak etməməsi Ermənistanın konstruktiv dialoqa hazır olmaması və eləcə də, Kazan görüşünə ümidlərin azalması ehtimalını yaratmır ki?

- Bu tip hadisələri Ermənistanın diplomatik mübarizədə Azərbaycana uduzması kimi qələmə verilməsi daha məqsədəuyğundur. Mən belə düşünürəm ki, alt komitənin iclasında da iştirak etməməsi Ermənistanın daha bir məğlubiyyəti kimi qeyd oluna bilər. Bu, Ermənistanın konstruktiv mövqeyə gəlməsinə inamı azaltmır. Əksinə, mən belə düşünürəm ki, Ermənistan bu cür məğlubiyyətlər alması onun rasional addımlar atmasına şərait yaradacaqdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi onun bir dövlət kimi mövcudluğunu şübhə altına alır. Belə olacağı təqdirdə, o, region dövlətləri tərəfindən təklənir. Faktiki olaraq, bu gün Ermənistanın yanında yalnız Rusiya var. Rusiyanın da nə vaxta kimi öz maraqlarını Ermənistanın xatirinə qurban verəcəyini demək mümkün deyil. Yəni zamanın hər bir anı Azərbaycanın xeyirinə işləyir.

- Fransalı həmsədr Bernar Fasye bir müddət bundan öncə, baza prinsiplərinin razılaşdırılmayacığı təqdirdə, yeni təkliflərin ortaya qoyulacağını bildirmişdi. Bu təkliflər nədən ibarət ola bilər və ümumiyyətlə, danışıqların nə vaxta kimi uzanması gözlənilir?

- Hesab edirəm ki, bu bəyanat Azərbaycan üçün əhəmiyyətsizdir. Azərbaycanın mövqeyi dəyişməzdir. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bu gün ortada sülh razılaşmasının əldə olunması üçün lazımi sənəd var. Bu, yenilənmiş Madrid prinsipləridir. İrəli sürüldüyü gündən Azərbaycan tərəfi prinsipləri qəbul etdiyini bildirsə də, Ermənistan tərəfi, hələ də, bu məsələyə öz münasibətini bildirməyib. Bundan sonra da Ermənistanın bununla bağlı mövqe bildirməsi ehtimal olunmur. Ona qarşı təzyiq göstərilməsə öz-özlüyündə düz yola gələsi deyil. Ermənistanı beynəlxalq ictimaiyyətin təzyiqi altında düz yola gətirmək lazımdır. Ümumiyyətlə, adətən, etnik-ərazi münaqişələri zamanı heç də münaqişəni törədən səbəbkarlar, daha doğrusu, işğal siyasətini həyata keçirən tərəflər öz xoşluğu ilə düz yola gəlmirlər. Onları müəyyən sanksiyalar və digər zorakı vasitələrlə məcbur edirlər. Düşünürəm ki, Ermənistana qarşı da elə zorakı vasitələr tətbiq olunmalıdır ki, o, tənzimlənmə prosesində konstruktiv mövqe göstərsin.


Murad İSMAYILZADƏ

Digər xəbərlər