PDF Oxu

Sosial

  • 9

Sarkisyan ənənəvi ampluasında...

Sarkisyan ənənəvi ampluasında...

Ötən gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan ənənəvi olaraq, sərsəm bəyanatlar səsləndirib. Qeyd edib ki, Azərbaycanda guya "irqçilik, ermənifobiyalıq" var və bütün bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində özünü aydın şəkildə göstərir. Azərbaycan dövlətini S. Sarkisyan tolerantlıqdan uzaq olan bir dövlət kimi dünya birliyinə təqdim etməyə cəhd göstərib. Təbii ki, əzəli düşmənimiz olan Sarkisyanın AŞPA-da etdiyi çıxış qətiyyən, reallığa söykənmir.

O, öz çıxışı ilə ona ayrılmış zamanı doldurdu və bir çox parlamentarilərin suallarını cavabsız qoydu. Sarkisyan ona ayrılmış zamanı əvvəlcədən hazırlanmış sərsəm çıxışı ilə bitirdi. Ekspertlərin də gəldiyi qənaətə görə, Sarkisyan, Kazan görüşü ərəfəsi belə bir ucuz qalmaqal, səs-küy yaratmaq istəyib. Bu istək də ondan irəli gəlir ki, Kazan görüşündə danışıqların zamanı yenə də uzansın və heç bir razılaşma əldə olunmasın. Təbii ki, Xocalı soyqırımında iştirak edən Sarkisyanın fobiyalıqdan, irqçilikdən danışmağa haqqı yoxdur. Politoloq Cümşüd Nuriyev S. Sarkisyanın özünün türk fobiya xəstəliyinə tutulduğunu vurğuladı. Qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, Sarkisyan özünə, öz ölkəsinin millətinə xas olan əməlləri Azərbaycanın üzərinə atır: " Bu gün hər bir kəsə bəllidir ki, Sarkisyanda türk fobiya xəstəliyi mövcuddur. Ölkə başçısı Prezident İlham Əliyev də etdiyi çıxışı zamanı bildirdi ki, belə bir adam fobiyadan danışa bilməz. Azərbaycan çox tolerant ölkədir".

Politoloq çıxışında bildirdi ki, əgər Azərbaycanda erməni fobiyası olsa idi, bu gün tək Bakıda 32 min erməni yaşamazdı. Azərbaycanın elə bir guşəsi yoxdur ki, hazırda orada ən azı 2-3 erməni yaşamasın. Azərbaycanda bu insanlara qarşı qətiyyən nifrət hissi yoxdur və dövlətimiz heç zaman Sarkisyanın söylədiyi fobiya xəstəliyinə tutulmayıb".

Maraqlı bir məqama toxunan C. Nuriyev söylədi ki, ermənilər dünyaya göz açan övladlarına "sən ermənisən, türk adında böyük bir düşmənin var" kəlməsini deyirlər. Azərbaycan isə, həmişə dünyada sülhpərvər dövlət olması ilə tanınıb. Ermənilər Azərbaycanı dünyaya bir növ tolerant olmayan dövlət kimi göstərməyə çalışırlar.

Politoloq Sarkisyanın çıxışını əsl səviyyəsizlik adlandırdı. Dünyada bu qədər etnik tərkibi çox olan Azərbaycanda tolerantlığın yüksək olması bu xalqın yüksək əxlaqi dəyərlərə, mədəniyyətə malik olmasına dəlalət edir. Çünki islam dini bizə insanlara qarşı sevgi və məhəbbət hissi öyrədir.

C.Nuriyev Sarkisyanın Xocalı soyqırımında iştirak etdiyini və onun AŞPA-da səsləndirdiyi fikirlərin, həqiqətən də, gülüş doğurduğunu vurğuladı. Dünyada Sarkisyan qədər səviyyəsiz ölkə başçısı yoxdur. Bu isə, dünyada ermənilər üçün böyük bir təhqirdir.

Politoloq vurğuladı ki, Sarkisyan ona ayrılmış 35 dəqiqəni öz səviyyəsiz çıxışları ilə tamamladı ki, heç bir parlamentari ona sual verməsin. Çünki suallara doğru-dürüst cavab vermək qabiliyyəti Sarkisyanın səviyyəsi xaricindədir. Amma ətrafındakılar çox yaxşı hazırlaşmışdılar. İşğalçı dövlətin prezidentinin çıxışını elə hazırlamışdırlar ki, bütöv 35 dəqiqəni əhatə etdi. Sarkisyanın ən çox qorxduğu Azərbaycan parlamentarilərinin verəcəyi suallar idi. Və o da suallardan çox bacarıqla yayındı.

Bu məsələdə AŞPA-nı da qınayan politoloq bu qurum özünə , çıxardığı qərar və qətnamələrə hörmət etsəydi, Ermənistana tutarlı reaksiya verərdi. Amma vermədi. Səbəb- Avropa qanında bir xristian sevgisi və həmrəyliyinin olmasıdır. Ona görə, bunu təbii qəbul etməliyik, ən azından məcburuq.

Azərbaycanın müstəqil siyasət yürütdüyünü bildirən politoloq Ermənistanın müstəqil olmadığını və ona verilən tapşırıqların icrasını həyata keçirən cılız dövlət olduğunu qeyd etdi: "Tapşırıq isə Şimal və Cənub qonşulardan gələn əmrlərdir. Hərəsinin öz maraqları var. Nəzərə alsaq ki, Cənubi Qafqaz Qərb, ABŞ və Rusiya arasında ən böyük bir qalaya çevrilib və bu qalanın da aparıcı dövləti sırf Azərbaycandır. Burada iqtisadi və siyasi maraqlar hökm sürür ".

Politoloq onu da əlavə etdi ki, Kazan görüşünün taleyini Ermənistan prezidenti həll etmir. Ona görə də, Sarkisyanın çıxışına o qədər də diqqət və önəm vermək lazım deyil. Bütün məsələləri dünyadakı müasir durum həll edir. Çünki müasir cəmiyyət Azərbaycanın lehinə mövqe sərgiləyir.


AYLANA RZAYEVA

Digər xəbərlər