Məlum olduğu kimi, ötən həftə Norveçdə Avropa Şurası Parlament Assambleyasının Hüquq işləri və insan haqları komitəsinin iclası keçirilib. İclasda millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da iştirak edib. "Səs" qəzetinə açıqlamasında F.Mustafa komitənin keçirdiyi iclasda bir çox mühüm məsələlərin müzakirə olunduğunu bildirdi: "İlk öncə, bildirim ki, bu iclas, doğrudan da, çox maraqlı keçdi. Çünki iclasda əsasən, Avropa Məhkəməsinin səlahiyyətlərinin genişləndirilməsi, bu məhkəmə instansiyasında qəbul olunan müəyyən qərarlar arasında ziddiyyətlərin aradan qaldırılması və sair bir sıra nəzəri fundamental məsələlər müzakirə olundu.
Ümumiyyətlə, hesab edirəm ki, bu yöndə keçirilən iclaslarda səmərəli müzakirələr aparılır və bu iclasda da belə oldu.
Millət vəkili Avropa Məhkəməsinin səlahiyyətlərinin artırılmasının Azərbaycana hansı müsbət təsiri olacağı ilə də bağlı fikirlərini də söylədi: "Avropa Məhkəməsinin səlahiyyətlərinin artırılması bir çox məsələlərin ortadan qaldırılmasına kömək edə biləcək. Azərbaycan tərəfindən bu istiqamətdə olan narahatçılıqlar, çatışmazlıqlar gələcəkdə onların da aradan qaldırılmasına öz töhfəsini verə bilər və verəcək. Doğrudur, bəzən qərarlar qəbul olunur, amma onların birbaşa icrası, tətbiqi həyata keçirilmir. Elə məlum müzakirələrdə də bu məsələ əsas mövzu kimi qabardılmışdı. Bu baxımdan, səlahiyyətlərin artırılması Azərbaycana da öz təsirini göstərəcək. Artıq Avropa Məhkəməsinin qərarlarına münasibətdə yumşaqlıq və ya elastiklik olmamalıdır. Bu qərarların dərhal və vaxtında icrası nəzərdə tutulmalıdır".
"Avropa Məhkəməsinə Ermənistandan - öz tarixi yurd yerlərindən qaçqın salınmış azərbaycanlıların çoxsaylı müraciətləri var. Sizcə, adıçəkilən qurumun səlahiyyətlərinin genişləndirilməsi bu müraciətlərin öz ədalətli həllini tapmasını sürətləndirə bilərmi" sualını cavablandıran F.Mustafa buna inandığına bildirdi: "Əlbəttə, Azərbaycan dövləti, xüsusilə, qaçqınlarımız bu məsələdən yararlana bilər. Qeyd etdiyiniz kimi də bununla bağlı tez-tez Avropa Məhkəməsinə müraciətlər edilir və bildiyim qədər onların da çoxu burada icraata qəbul olunub. Məncə, bu müraciətləri artırmaq lazımdır ki, Azərbaycanın həm də bu yöndə təbliğat imkanları genişlənsin".
RƏFİQƏ KAMALQIZI