Dünən Səbail rayon icra hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin bir qrup nümayəndəsi 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə Səbail rayonunun ərazisində yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin qonağı oldular. Əvvəlcə rayonun nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə hərbi hissənin ərazisini gəzdilər.
Onlar Səbail rayon icra hakimiyyətinin köməyi ilə həyətə və hərbi hissəyə uzanan yola salınmış asfalt örtüyünün keyfiyyəti, həyətdə qurulmuş yeni təbliğat materialları ilə tanış olub, eyni zamanda, əsgər kazarmalarındakı xidməti və istirahət otaqlarına baxaraq, əsgərlərin xidməti və məişət şəraiti ilə maraqlandılar.
Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra hərbi hissənin komandiri, polkovnik-leytenant Fehruz Əzizov əlamətdar bayram münasibəti ilə əsgərləri və təbrikə gəlmiş Səbail rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq, hissənin şəxsi heyətinin xidməti və döyüş hazırlığı, əldə etdiyi uğurlar barədə məlumat verdi. Hərbi hissə komandiri Səbail rayon icra hakimiyyəti rəhbərliyinə bayram tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirdi, keçirilən bu tədbirin xidmətdə olan hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğuladı.
Bayram tədbirində çıxış edən Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə şəxsi heyəti, ordumuzun bütün əsgər və zabitlərini təbrik etdi, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzuladı. A.Əsgərov hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırdı və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirdi. Qeyd edildi ki, bu gün Azərbaycan Ordusu Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir: "Dövlət büdcəsindən müdafiə xərcləri üçün ayrılan vəsait ilbəil artırılır və 2011-ci il üçün 2,4 milyard manat (3 milyard ABŞ dolları) olması gözlənilir. Müdafiə Sənayesi Nazirliyi tərəfindən qısa müddətdə Azərbaycanda 86 adda müdafiə təyinatlı məmulatların istehsalına başlanıb, onların həcmi son 1 il ərzində 4 dəfə artaraq, çeşid sayı 350-yə çatdırılıbdır".
Tədbirdə xidmətdə fərqlənən zabit və əsgərlərdən bir qrupu Səbail rayon icra hakimiyyəti tərəfindən hədiyyələrlə mükafatlandırıldı, Səbail RİH-in və rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları sovqatlar şəxsi heyətə təqdim edildi.
Sonra respublikamızın tanınmış incəsənət ustaları əsgərlərimiz qarşısında böyük bayram konserti ilə çıxış etdilər. Gülüş ustaları Rəfail və Coşqunun apardığı bayram konsertində çıxış edən əməkdar artist Tünzalə Ağayeva, populyar müğənnilər Sevda Yəhyayeva, Aslan Hüseynov və meyxanaçı Vüqarın gözəl ifaları əsgərlər tərəfindən xüsusi rəğbətlə və sürəkli alqışlarla qarşılandılar.
Tədbirin sonunda Səbail rayon icra hakimiyyəti nümayəndələrinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olundu.
Rəfiqə HÜSEYNOVA