PDF Oxu

Sosial

  • 21

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı uğurla həyata keçirilir

Bu gün Azərbaycan dünyanın inkişaf edən dövlətinə çevrilib. Qısa bir zamanda Azərbaycanın xarici mənzərəsini dəyişən tikintilər, günü-gündən güclənən milli ordu, möhkəm və etibarlı siyasət dövlətin gələcəyinə uğurla və inamla addım atmağa şərait yaradır. Bütün bunlarla yanaşı, Azərbaycanda gənclər siyasəti də dövlət tərəfindən uğurla həyata keçirilir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları əsasında reallaşır.

Bütün bunların müqabilində Azərbaycan gəncliyinin təşkilatlanması, milli maraq və mənafelərin təminatı baxımından gücünü və potensialını səfərbər etməsi prosesi son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak etdiyindən, onlar ölkədə demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, ölkəmizin zəngin irsinin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.

İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur. Dövlət başçısı İlham Əliyevin 2011-ci il 6 aprel tarixli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında" Sərəncamı gənclər siyasətinin davamı kimi qiymətləndirilir. Sərəncamın əsasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin müxtəlif sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi dayanır. Gənclik cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqə olduğundan dövlət tərəfindən gənclərin qabiliyyət və intellektual imkanlarının üzə çıxarılmasına geniş imkanlar açılır. Bu ənənənin əsası hələ sovet məkanında yaşadığımız illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti məhz Heydər Əliyev gənclər siyasətinin məntiqi davamıdır. Dövlət gənclər siyasəti - gənclərin potensialının effektli reallaşdırılması, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Gənclərin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər öz nəticəsini verir. Belə ki, cəmiyyətdə yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənclər nəsli formalaşıb. İstedadlı gənclər aşkar edilir, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün respublikada mövcud şərait yaradılıb. Gənclərin sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi məqsədi ilə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən, gənc ailələrin problemlərinin həllinə köməklik göstərilir. Dövlət gənclər siyasətindən irəli gələrək, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlər təşkil olunur, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakına, gənclər üzrə təşkilatların formalaşması və inkişafına diqqət yetirilir. Bu da bir faktdır ki, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına köməklik göstərilir.

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gəncliyi öz yerini tapmaq, dövlətimizin inkişafına töhfəsini vermək istiqamətində ciddi uğurlar əldə edib. Bu gün gənclər kifayət qədər aktivdir. Onlar dövlət qurumlarında, ictimai təşkilatlarda, qeyri - hökumət təşkilatlarında və digər sahələrdə iştirak edirlər və yetərincə də mövqeləri güclüdür. Bu da, ilk növbədə, ölkə Prezidentinin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir.

"Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur". Həqiqətən də, bu, belədir. Gənclik dövlətin əsas qüvvəsidir. Azərbaycanda gənclərlə bağlı yürüdülən siyasət nəticəsində bugünkü gənclər ölkənin müxtəlif idarələrində, seçki orqanlarında uğurla fəaliyyətlərini davam etdirirlər. Hazırda bələdiyyə üzvləri və sədrləri, həmçinin, millət vəkilləri arasında çoxlu gənc kadr görmək mümkündür.

Bu gün yürüdülən siyasət, uğurlu iqtisadi islahatlar, iqtisadiyyatın inkişaf tempi müasir gənclərin düşüncəsinin formalaşmasına birbaşa təsirini göstərir.


ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər