Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısını iyunun 29-da saat 18:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 və ya 7737 nömrəsinə SMS-lə göndərmək kifayətdir. Bu il ilk dəfə olaraq imtahanın ikinci mərhələsində iştirak etmiş bakalavrların cavab kartlarının qrafik təsviri Komissiyanın internet saytında yerləşdirilib.
Qəbul olunanların siyahısı iyunun 30-da "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq. Magistraturaya qəbul imtahanı iki mərhələdə keçirilib. İmtahanın birinci mərhələsi 2011-ci il fevralın 20-də olmuş və bakalavrların test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyələri yoxlanılıb.
Qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar 2011-ci il iyunun 8-dən 16-dək (saat 11:00-dək) TQDK-nın "Bakalavrın elektron ixtisas seçimi ərizəsi" formasına daxil olaraq qəbul proqramını və ixtisaslaşmaları seçərək təsdiq ediblər.
İmtahanın ikinci mərhələsi iyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçirilib. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 7863 bakalavrdan 254 nəfəri imtahana gəlməyib.
İmtahan bütün binalarda saat 14:00-da başlanmış və sualları cavablandırmaq üçün bakalavrlara 1 saat 30 dəqiqə vaxt ayrılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İki mərhələ üzrə müsabiqənin nəticələrinə əsasən 4396 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3050 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1346 nəfəri isə əvvəlki illərin məzunudur.
Qəbul olanların 2112 nəfərini oğlanlar, 2284 nəfərini isə qızlar təşkil edir.
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar iyulun 5-dən 15-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.
Magistraturaya qəbul imtahanlarının II mərhələsində istifadə edilmiş test tapşırıqlarının məzmunu ilə bağlı müraciətlərə TQDK-da iyunun 30-da və iyulun 1-də baxılacaqdır.
Qəbulun nəticələrinə dair müraciətlərə isə Apelyasiya Komissiyasında iyulun 26-dan 28-dək baxılacaqdır.