PDF Oxu

Sosial

  • 33

Daşkəsənlilər Polis Gününü Bayraq Meydanında qeyd etdi

Daşkəsənlilər Polis Gününü Bayraq Meydanında qeyd etdi

Dünən Daşkəsən rayonunda Azərbaycan polisinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndərimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül-çiçək dəstələri düzüblər. Ümumrayon xarakteri daşıyan tədbir daşkəsənlilərin yenicə istifadəsinə verilmiş Bayraq Meydanında davam etdirilib.

Polis işçilərinin peşə bayramı münasibətilə keçirilən ümumrayon tədbirində çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev daxili işlər naziri Ramil Usubova və bütün polis əməkdaşlarına əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyevin 24 may 1998-ci il tarixli Fərmanı ilə hər il iyul ayının 2-si Azərbaycan Polisinin peşə bayramı günü kimi qeyd edilir. Məhz Ulu Öndərimiz Azərbaycan polisinin əməyini həmişə yüksək qiymətləndirmiş, ona ən böyük etimad və ehtiramını bildirmişdir deyən Ə.Abıyev əlavə edib. "Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı "Milli Qəhrəman" adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir. Bu gün Azərbaycan polisinin dövlətə və dövlətçiliyə sədaqət ənənələri böyük razılıqla, hörmətlə qarşılanır" deyə Ə.Abıyev vurğulayıb.

Daşkəsən rayon polis işçilərinin də asayişin və təhlükəsizliyin qorunmasında öz töhfəsi və əməyinin olduğunu bildirən Ə.Abıyev Daşkəsən rayonunun xoş gələcəyini gözlədiyini söyləyib. "2011-2015-ci illər üzrə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanmış proqramla birgə Baş nazir Artur Rasizadənin qəbulunda oldum. Baş nazirə rayonda olan mövcud vəziyyət barədə hərtərəfli məlumat verdim. İşgüzar söhbətdən sonra çox hörmətli Baş nazir mənə bildirdi ki, 2011-2015-ci illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanmış proqramın həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə göstəriş veriləcəkdir. Daşkəsən rayonunda olan mövcud problemlərlə bağlı məsələlər planlı surətdə həllini tapacaqdır. Həmin proqramın yerinə yetirilməsi üçün uzunmüddətli kreditlər ayrılacaqdır. Rayonda heyvandarlıq və əkinçiliyin inkişafı ilə bağlı genişmiqyaslı layihələr həyata keçiriləcəkdir. İyul ayının 22-də İqtisadi İnkişaf Nazirliyinin Daşkəsən rayonunda qeyd olunan məsələlərlə bağlı tədbiri təşkil olunacaqdır. Eyni zamanda, Baş nazir Fövqəladə Hallar Nazirliyinə də göstəriş verdi ki, təbii fəlakətdən ziyan çəkmiş aidiyyəti üzrə müəssisə və təşkilatlara, vətəndaşlara dəymiş zərərin ödənilməsi üçün təcili tədbirlər görsünlər. Sizə məlum olduğu kimi, həmin yardımların bir hissəsi rayonumuza gətirilib. Rayonumuzda görülməsi nəzərdə tutulan işlər-tikinti, abadlıq, quruculuq və yenidənqurmaya görə daşkəsənlilərə daim diqqət və qayğı üçün Prezident İlham Əliyevə, ölkəmizin Baş naziri Artur Rasizadəyə, daşkəsənlilərə dəstək olan digər dövlət qurumlarına tədbir iştirakçıları adından dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk. Sizi əmin edirəm ki, bizə dəstək olan bu mərhəmətli insanların köməyi ilə Daşkəsən tezliklə inkişaf etmiş rayonlar sırasına çıxacaqdır. Elə buna görə də rayonumuzda gələcək abadlıq, tikinti və yenidənqurma işləri üçün indidən etibarlı bünövrə yaradırıq. Rayonumuzun günbəgün gözəlləşdirilməsi və abadlaşdırılması işində daşkəsənli olaraq hər birimizdən səmərəli, vicdanlı fəaliyyət tələb olunur"-deyə Ə.Abıyev qeyd edib.

Ümumrayon tədbirində Daşkəsən rayon polis şöbəsinin rəisi, polkovnik Arif Babayev etdiyi çıxışında Azərbaycan polisi olaraq, həmişə olduğu kimi, vətənə, dövlətə daim sədaqətli olacaqlarını, Ali Baş Komandanın hər Əmr və Göstərişlərini canla-başla yerinə yetirəcəklərinə əminliyini ifadə edib.

Tədbirdə polis veteranları İlqar Əhmədov, Müzəffər Əsgərov və Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlarının rayon Şurasının sədri Elman Məmmədov çıxış edərək, diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon icra hakimiyyətinin başçısı Ə.Abıyevə dərin minnətdarlıqlarını bildirmiş, polis adının şərəfini, ləyaqətini uca tutanlara hörmət və ehtiramlarını ifadə ediblər. Möhtəşəm tədbirdə bir qrup polis veteranlarına qiymətli hədiyyələr təqdim olunub. Ümumrayon tədbiri rayon incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.


Rəfiqə Kamalqızı

Digər xəbərlər