Azərbaycan torpaqlarını havadarları vasitəsi ilə işğal edən təcavüzkar Ermənistan bu gün münaqişənin qurbanına çevrilib. Bu münaqişə nəticəsində iqtisadiyyatı viran vəziyyətinə qalıb, əhali kütləvi şəkildə ölkəni tərk edir. Təbii ki, ermənilər Dağlıq Qarabağ probleminin çözülməsində konstruktivlik nümayiş etdirsəydilər, o zaman işğalçı dövlət problem içində boğulmazdı. Problemin mövcudluğu nə qədər davam edəcəksə, o zamanadək Ermənistan boğula-boğula sürünəcək.
Ermənistanın hakim rejiminin yaramazlığı həm də ondadır ki, onlar hiyləgərcəsinə öz əməllərini, tutduqları qeyri-adekvat oyunları Azərbaycan dövlətinin adına "sırımağa" çalışırlar. Hətta bu azmış kimi, hər bir ifadələrində Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında Azərbaycan dövlətini təqsirli çıxarmağa cəhd göstərirlər. Sanki torpaqları zəbt olunan Azərbaycan deyil, Ermənistandır, 1 milyondan artıq əhalisi öz el-obasından didərgin düşən biz deyil, işğalçı dövlətdir.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı qəzetimizə açıqlamasında Ermənistanın mövcudluğunun əsasında şər, böhtan eləcə də məkrli siyasət durduğunu söylədi: "Azərbaycan öz torpaqlarını qorumaq üçün çox sınaqlardan, çabalardan keçib. Doğrudur, o zaman Azərbaycan bütöv olmadığından, həm xarici, həm daxili qüvvələrin təsiri nəticəsində və Rus imperiyasının köməkliyi ilə torpaqlarımızın yarı faizi erməni separatçılarının əlinə keçdi və hələ də işğaldadır. Çox maraqlıdır ki, əgər zamanında Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil, suveren, demokratik Azərbaycan dövlətinin aqibəti çox acınacaqlı olardı. Ulu Öndər Heydər Əliyev böyük güc, iradə və əzm nümayiş etdirərək, Azərbaycanı qüdrətli bir məmləkətə çevirdi, hansı ki, həmin məmləkət bizi işıqlı gələcəyə, sabaha aparır."
Millət vəkili regiondakı bir çox ölkələrin, o cümlədən, Ermənistanın Azərbaycan ordusunun güclənməsinə qısqanclıq və narahatçılıq hissi ilə yanaşdıqlarını bildirdi. Azərbayacanın hərbi sahəyə ayırdığı maliyyə vəsaiti və ordunun müasir silah, sursat, hərbi texnika ilə təchizatı erməniləri ciddi qorxuya salıb. Ona görə də, beynəlxalq təşkilatlarda ölkəmizi ittiham etməyə çalışırlar. Dövlətimiz isə, bizə qarşı olan bu cür mənasız yanaşmalara fikir vermədən ordusunu, iqtisadiyyatını daha da gücləndirməkdə davam edir: "Artıq Ermənistanın yoxluğu ilə varlığı bilinmir. Ermənilərin qeyri-konstruktiv mövqe sərgiləməsi, qeyri-adekvat addımlar atması, ikili standartlar ampluasından çıxış etməsi, sadəcə, özlərinə ziyan vurur. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi həll olunmadan işğalçı dövlət rahatlıq tapmayacaq".
F.Ağamalı onu da əlavə etdi ki, Azərbaycan dövləti dünyada yeganə ölkədir ki, bu qədər sülhpərvərlik, səbrlilik nümayiş etdirir. Təcavüzkar Ermənistanın böyük itki verəcəyini bilə-bilə yenə də regionda sülhün olmasına, müharibənin yol verilməməsinə çalışır. Müharibə region üçün də yaxşı vəziyyət yaratmayacaq. Artıq illərlə davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi zərurətdir. Bu günə qədər atdığı bütün addımlarda Azərbaycan bir dövlət olaraq, hər zaman konstruktivlik, adekvatlılıq nümayiş etdirir. Biz real nəticəni gözləyirik. Real nəticə isə, bundan ibarətdir ki, dövlətimizin zəbt olunan torpaqları geri qaytarılsın və Dağlıq Qarabağdakı separatçı qüvvələr qeyd-şərtsiz ərazini tərk etsin.
Millət vəkili əlavə etdi ki, böyük səbirsizliklə Xankəndinin, eləcə də, işğal altında olan torpaqlarımızın geri qaytarılacağı günü gözləyirik. Azərbaycan kimi güclü ordusu olan dövlət heç zaman yenilməz. Bu gün Azərbaycan dövlətinin, dövlətçiliyinin yetərli qədər gücü, qüdrəti və imkanı var. Bütün hallarda, erməni tərəfindən güc yolu ilə zəbt olunan əzəli və əbədi Azərbaycan torpaqları elə Azərbaycanın özünə də qaytarılacaq.
AYLANA RZAYEVA