PDF Oxu

Sosial

  • 31

Həmsədrlər yenə də gəlir

Həmsədrlər yenə də gəlir

ABŞ prezidenti Barak Obama Kazan görüşü ərəfəsi Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi edərək, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində konkret irəliləyişə, baza prinsiplərinin razılaşdırılması istiqamətində konkret irəliləyişə nail olacağı ümidini ifadə etmişdi. Fransa prezidenti də Azərbaycan və Ermənistan prezidentlərinə məktub ünvanlamışdır.

Bundan sonra belə bir vəziyyətdə, nikbin notlar əsasında danışıqlar prosesi başlanmışdır. Lakin çox təəssüf ki, yenə də Ermənistan əvvəlki şeytan xislətini qoruyub saxladı və öz haqsız mövqeyinə haqq qazandırmağa cəhdlər göstərməyə çalışdı. ATƏT-in Minsk Qrupunun həmsədrləri də Kazan görüşü bitdikdən sonra nəticənin məyusedici təsir bağışladığını etiraf etdi. Heç şübhəsiz ki, burada belə bir növbəti sual yaranır ki, doğrudan da, həmsədrlər Kazan görüşünün nəticələrindən narazı qalıbsa, o zaman təsir imkanlarından yararlanmalıdırlar.

" İndiki məqamda iki həmsədr dövlət ABŞ və Fransa ən azı, 2009-cu ilin sonunda irəli sürmüş olduqları yenilənmiş Madrid prinsiplərinin qəbulu ilə bağlı işğalçı ölkəyə, birmənalı şəkildə, bacardıqları təsir imkanlarından yararlanmalıdır. Təəssüf ki, hələ ki, Azərbaycan tərəfi bunun şahidi olmayıb" deyə politoloq Qabil Hüseynli bildirdi.

Q. Hüseynli onu da əlavə etdi ki, eyni zamanda, işğalçı Ermənistana qarşı müəyyən iqtisadi, siyasi və digər təsir rıçaqlarından da bacardıqları qədər istifadə etməlidirlər. Görünür ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ikisi artıq hiss edirlər ki, keçən ildən Dağlıq Qarabağ istiqamətindəki tənzimlənmə prosesinə əsas söz sahibi rəsmi Kremldir və onlar sanki kənar müşahidəçi statusundadır. Artıq belə bir ictimai rəy formalaşmaqdadır. İndiyə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində heç bir irəliləyişə nail olmayıblar. Sadəcə, hər dəfə boş bəyanatlar vermək, illüziyalar söyləməklə öz fəaliyyətlərindən razı qaldıqlarını bildirirlər. Düşünürlər ki, 16 illik fəaliyyətləri dönəmində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən irəliləyişə nail olublar. Bu yolla özlərinə bir təsəlli verirlər. Əslində isə, həmsədrlər əsl fəaliyyətsizlik nümayiş etdirirlər. Azərbaycan həqiqətlərini ört-basdır etməyə, Sarkisyanın nazı ilə oynamağa çalışırlar.

Politoloq söylədi ki, Minsk Qrupunun həmsədrləri son görüşlərdə səsləndirdikləri bəyanatlarda sanki özlərinin kənar müşahidəçi statusunda qalmadığını göstərmək istəyirdilər. Ən azı, belə bir görüntü obrazı yaratmaq istəyirdilər.

Q. Hüseynlinin fikrincə, ATƏT-in Minsk Qrupunun hər üç həmsədr dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində olduqca passiv mövqe nümayiş etdirirlər. Əgər belə olmasaydı, mövcud münaqişəni daha qısa zamanda həll edərdilər. Görünür, işğalçı dövləti konstruktiv dialoqa cəlb etməklə bağlı ATƏT Minsk Qrupunun həmsədrlərinin konkret niyyətləri və təsir mexanizmləri yoxdur.

Politoloq onu da qeyd etdi ki, bu cür məyusedici nəticələr, görüşlər sülh prosesinə yox, daha çox müharibə ehtimalının artmasına gətirib çıxaran bir tendensiyadır. Çünki bu cür mövqe tərəfləri daha çox müharibəyə yönəldir. Bunun fərqində isə daha çox həmsədrlər olmalıdır. Hansı ki, minbir vəchlə çalışır, səy göstərirlər ki, müharibə baş verməsin.

Politoloq Azərbaycan tərəfinin tutduğu yolun məqsədyönlü və düzgün istiqamətdə olduğunu vurğuladı. Əlavə etdi ki, hərbi potensialımızı, ordu quruculuğumuzu daha da gücləndirməliyik. Bunun da yeganə səbəbi odur ki, torpaqlarımız hələ də düşmən işğalı altındadır. Kazan görüşü artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də, digər söz sahibi olan dövlətlər üçün güclü siqnal olmalıdır.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfərlərinə münasibət bildirən politoloq bu görüşün də əvvəlkilərdən heç nə ilə fərqlənməyəcəyini qeyd etdi.

Politoloqun sözlərinə istinadən, ATƏT həmsədrlərinin regiona növbəti səfərlərindən sonra Dağlıq Qarabağla bağlı verdikləri bəyanatların diplomatik xarakterli olacaq: "Hörmətli həmsədrlər təxminən belə ifadələr işlədəcəklər: tərəflər konkret razılaşma əldə etməsə də mövqelərin yaxınlaşma nöqtəsi mövcudluğunu saxlamaqdadır. Münaqişə tezliklə həll olunmalıdır. Regiona müharibə deyil, sülh lazımdır. Var gücümüzlə, bütün səylərimizlə mövcud münaqişənin sülh yolu ilə nizamlanmasına çalışacağıq- bu tip bəyanatlarla həmsədrlər kifayətlənib, regiona növbəti qarşıdan gələn səfərlərinə hazırlaşacaqlar".

Politoloqun fikirlərinə görə, Minsk Qrupunun həmsədrləri artıq bundan sonra hansısa fikir söyləyən zaman daha da diqqətli olmalıdır. Onların Dağlıq Qarabağ haqda verdikləri sərsəm, əsassız bəyanatlar regionda o qədər də ciddi qarşılanmır, səs-küyə və qınaq hədəfinə tuş gəlir. Düşünməlidirlər ki, artıq hər kəs bu tip sərsəm bəyanatlardan bezib və yorulubdur. Dövlətimiz artıq 2010-cu ildən yeniləşmiş Madrid prinsiplərini qəbul edib. Həmin nöqtə istiqamətində də hərəkətdədir. Və bundan sonra bütün səylərimizlə çalışmalıyıq ki, 20 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə tənzimlənsin.


AYLANA RZAYEVA

Digər xəbərlər