Ermənistanda baş verən son hadisələr, onu deməyə əsas verir ki, erməni hökumətinin Azərbaycan Respublikasının ərazilərini işğal etməklə regionda güclü bir dövlətə çevrilmək xülyaları puça çıxıb. Politoloq Elman Nəsirli "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, Azərbaycanın şimalla cənub, şərqlə qərb arasında "qapı" rolunu oynadığını anlamayan və bütün beynəlxalq-iqtisadi layihələrdən məhrum olan Ermənistan yürütdüyü işğalçılıq siyasəti ilə ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti daha çıxılmaz hala sürükləyib: "Hazırda Ermənistan respublika olaraq bütün sferalarda tam süquta uğramaq üzrədir.
Hadisələrin gedişatı isə belə deməyə əsas verir ki, Ermənistan bir müddət sonra dəhşətli proseslərin poliqonuna çevriləcək və öz məhvinə imza atacaq".
"Ermənistanda Serj Sarkisyan rejiminin narkotika və insan alveri ilə məşğul olması ölkə hakimiyyətinin mafiya qanunları ilə idarə olunduğunu bir daha təsdiqləmir" sualını cavablandıran E.Nəsirli bildirdi ki, Ermənistan hakimiyyətinin formalaşması qanundankənar baş verən bir hal kimi tarixə düşüb: "Ermənistanın əvvəlki prezidenti Robert Köçəryanın varisi olan Serj Sarkisyanın hakimiyyətə gəlməsinin özü də qeyri-qanuni formada baş verib. Çünki R.Köçəryan qeyri-qanuni və cinayətkar yollarla hakimiyyətə gəlmişdir. Ölkəni idarəetmə prosesində də, əsasən, kriminal elementlərə daha çox üstünlük verilir. Bu gün isə S.Sarkisyanın rəhbərlik etdiyi dövrdə təkcə insan alveri deyil, eyni zamanda, digər məqamlarla da bağlı hakimiyyət səviyyəsində cinayətkarlıq müşahidə olunmaqdadır. Təbii ki, bu cür yollara, prinsiplərə söykənərək dövlətin idarə olunması Ermənistanda siyasi sistemin və dövlətçiliyin məhv olunmasına gətirib çıxaracaqdır".
Ermənistanda hökm sürən xaos və anarxiyanın bu ölkənin dağılmasına gətirib çıxaracağını vurğulayan politoloq artıq bu proseslərin müşahidə olunduğunu söylədi: "Elə iyun ayının 30-dan başlanan mitinqlər bunu bir daha sübut edir. Əgər qısa bir müddət ərzində işğalçı ölkə olan Ermənistanda əsaslı dəyişikliklərə start verilməsə, demək olar ki, Ermənistanın aqibəti çox acınacaqlı olacaqdır. Çünki bu gün dövlət səviyyəsində, cəmiyyətə münasibətdə həyata keçirilən siyasətdə qeyri-müəyyənlik mövcud olmaqdadır. Bildiyiniz kimi, Ermənistanda çox sayda ac insanlar mövcud olmaqdadır və görünür ki, həmin problemlərin həlli hakimiyyət orqanlarını, ümumiyyətlə, düşündürmür. Qeyd etmək istərdim ki, burada Ermənistanın ən böyük cinayətkarlığı terrorizmin dövlət siyasəti səviyyəsinə qaldırılmasıdır. Yəni, bütün bu qeyd etdiyimiz məqamlar zaman-zaman Ermənistanı dövlət olaraq çökdürür. Dövlət siyasətində bir ardıcıllıq, bir məntiq olmadıqda, həmin o dövlətin süquta uğraması labüddür. Təbii ki, işğalçı ölkə olan Ermənistanda gedən acınacaqlı proseslər onun bir dövlət olaraq sıradan çıxmasına gətirib çıxaracaqdır".
E.Nəsirli onu da bildirdi ki, Ermənistanda Serj Sarkisyanın iqtidara rəhbərlik etdiyi sistem dağılarsa və konstruktiv düşüncəli insanlar hakimiyyətə gələrsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliləyişlər müşahidə oluna bilər. Amma təkcə fərdi olaraq S.Sarkisyanın hakimiyyətdən getməsi bunun üçün kifayət etməyəcəkdir. Ümumiyyətlə, bu sistemin aradan qalxması gərəkdir ki, mütərəqqi mövqe nümayiş etdirə biləcək qüvvələr hakimiyyətdə təmsil olunsun və bu münaqişənin tənzimlənməsi istiqamətində hər hansı addımlar atılsın".
Ermənistan ordusunda baş verən acınacaqlı hallara da toxunan politoloq orduda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayının 2009-cu illə müqayisədə ötən ildə 25 faiz artdığını vurğuladı: "2010-cu ildə Ermənistan silahlı qüvvələrində 100-dək hərbi qulluqçu həlak olub ki, bunların da təxminən yarısı qeyri-döyüş vəziyyətində ölüb. Bu tendensiya 2011-ci ildə də artan xətlə müşahidə olunmaqdadır".
RƏFİQƏ HÜSEYNOVA