PDF Oxu

Sosial

  • 44

Qarabağ həqiqətlərinə dair həqiqətlər ədəbiyyat dili ilə dünyaya çatdırılır

Qarabağ həqiqətlərinə dair həqiqətlər ədəbiyyat dili ilə dünyaya çatdırılır

Dünən Mətbuat Şurasında MŞ-nin və Dialoq Avrasiya Platformasının birgə təşəbbüsü ilə yazıçı-jurnalist Zaur Akifoğlunun "Qız və qurd" kitabının təqdimatı keçirilib.

MŞ sədri Əflatun Amaşov təqdimatı keçirilən kitabın həm Azərbaycan, həm də rus dilində nəşr edildiyini vurğulayıb. "Kitabda hadisələr olduqca maraqlı şəkildə cərəyan edir. Oxucunu intizarda saxlayan süjet xətti var. Bu dəst-xətt müəllifin bədii təfəkkürünün məhsuludur. Amma daha böyük olan nəşrin ideoloji tərəfləridir" deyən Ə.Amaşov kitabda bu baxımdan diqqətçəkən çoxsaylı çalarların olduğunu vurğulayıb. O bildirib ki, əslində, Azərbaycan həqiqətlərinin, torpaqlarımızın işğalı faktının dünya ictimaiyyətinə daha yaxından çatdırılması prosesində "Qız və qurd" kimi obrazlı təqdimat vasitələrinin böyük rolu var. Şura sədri rəhbərlik etdiyi qurumun belə kitabların cəmiyyətə çatdırılmasında bundan sonra da təşəbbüskarlıq göstərəcəyini vurğulayıb.

Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəsi Mustafa Saatçı təqdimatı keçirilən nəşri yüksək ortaq türk mənəvi dəyərlərinin təcəssümü kimi dəyərləndirib. "Əslində, belə əsərlərlə qələm sahibləri bir növ, öz Vətənlərinə sahib çıxırlar. Biz bu təşəbbüsləri hər zaman dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik", - deyə o, vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı çıxışında bildirib ki, "Qız və qurd" kimi kitabların meydana çıxması günün tələbidir.

MŞ İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid söhbətinə təqdimatı keçirilən nəşrin müəllifi barədə məlumat verməklə başlayıb. Bildirib ki, Zaur Akifoğlu Azərbaycan jurnalistikasında öz dəsti-xətti ilə seçilən şəxslərdəndir. Əsərə gəldikdə isə, R.Məcid çox böyük peşəkarlıqla qələmə alınmış bu kitabın Qarabağ həqiqətlərinə daha yaxından bələd olmaq üçün yaxşı vasitə olduğunu söylədi. "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas da, əsərin kiçik həcmli olsa da, orada çox böyük məzmunun ifadə olunduğunu bildirdi.

Kitabı səciyyələndirən ən mühüm xüsusiyyətin türk mifalogiyasına müraciətin olduğunu vurğulayan "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli əlavə edib ki, belə kitabların mükafatlandırılmasına ehtiyac var.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Qız və qurd" əsərini Dağlıq Qarabağ münaqişəsində ölkəmizin xeyirinə olan ideoloji silah kimi dəyərləndirib.

"Qız və qurd" kitabını nəşr edən "Altun kitab" nəşriyyatının direktoru Rafiq İsmayılov da əsərin özünəməxsus süjet xəttini Azərbaycanın ədəbi mühiti üçün yenilik kimi xarakterizə edib.

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, "Azəri Press" Agentliyinin baş direktoru Vüsalə Mahirqızı da kitabda əksini tapan məqamların ekranlaşdırılmasının mühüm əhəmiyyət daşıdığını deyib.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə əsərdə əyilməzlik obrazının yaradılmasını onun mühüm xüsusiyyətlərindən biri kimi səciyyələndirib.

Sonda çıxış edən "Qız və qurd" kitabının müəllifi Z.Akifoğlu nəşr barədə deyilən xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.


Tapdıq Qurbanlı

Digər xəbərlər