Məlum olduğu kimi sabah (bu gün- red) Bakıda Dünya Azərbaycanlılarının III qurultayı keçiriləcək. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək. Ən çox nümayəndə və qonaqla təmsil olunan ölkələr sırasında Rusiya (155 nəfərlə təmsil olunur), Türkiyə (101), Ukrayna (49), Almaniya (43), Gürcüstan (41), ABŞ (28), İsveç (23), Niderland (21), İsrail (17), Özbəkistan (13), Fransa (12), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (11), Kanada (10) var. Qurultayda Azərbaycanı ölkənin bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq təmsil edəcək. Qurultayda ümumilikdə 13 ölkənin parlamentinin 29 deputatının iştirakı planlaşdırılır.
Qurultayda hesabat veriləcək və Azərbaycan diasporunun daha da gücləndirilməsi yolları müzakirə olunacaq. Toplantıda "Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsi", "Azərbaycan Prezidentinə müraciət", "Dünya azərbaycanlılarına müraciət", "Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət"in qəbul olunacağı gözlənilir.
Qurultayda Qırğızıstan parlamentinin sədri cənab Axmatbek Keldıbekovun, Gürcüstanın Diaspor məsələləri üzrə dövlət naziri Papuna Davitayanın, Türkiyə Respublikasının Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar üzrə Başkanlığın rəhbəri cənab Kemal Yurtnacın, Moldova Respublikasının Qaqauz Yeri başqanı cənab Mixail Formuzalın, Rusiya Fedrasiyası Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə və Beynəlxalq Əməkdaşlıq üzrə Federal Agentliyinin idarə rəisi, general Vladislav Şvetsovun, Türkiyə Respublikası baş nazirinin müşaviri cənab Sadettin Kılıcın, Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru cənab David Kirkitadzenin, Türkiyə Respublikasının Kacaeli Böyük şəhər bələdiyyəsinin başçısı cənab İbrahim Karaosmanoğlunun, Dağıstan Respublikasının ədliyyə naziri cənab Azadi Rəhimovun və başqalarının iştirakı gözlənilir.
Dünya Azərbaycanlılarının III Qurultayının ertəsi günü, iyul ayının 6-da Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərləri ilə görüşü planlaşdırılır. Görüşdə Azərbaycanın iqtisadiyyatı, ölkədə gerçəkləşdirilən layihələr, gənclər siyasəti, təhsil, mədəniyyət və turizm sahəsində görülən işlər barədə ətraflı məlumat veriləcək, Azərbaycan dövlətinin xaricdə yaşayan həmvətənlərimizin daha da effektiv şəkildə dəstəkləməsi yolları müzakirə olunacaq.
Dünya Azərbaycanlılarının III Qurultayına Diasporla İş üzrə Dövlət Komitəsi bir neçə kitab nəşr etdirib. Bunlar "Azərbaycan diasporuna dövlət qayğısı (elektron kitab)", "Qurultaya hesabat", "Xaricdə yaşayan azərbaycanlılar üçün yaddaş", "Dünya azərbaycanlılarının Həmrəylik Xartiyası", xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların həyat və yaradıcılığından bəhs edən "Biz azərbaycanlıyıq" kataloqudur.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9 və 10-da Bakıda keçirilib. Qurultayda 36 xarici ölkədən 406 nümayəndə və 63 qonaq iştirak edib. Həmin qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş Ümummilli Lider Heydər Əliyev şuranın sədri seçilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ilin mart ayının 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı keçirilib. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Sədri seçilib.
Bu il ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə- Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi geniş qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilən tədbirlər planı təsdiq olunub və onun həyata keçirilməsi üçün ölkəmizin bütün guşələrində əməli işlər aparılır.
Azərbaycanın 20 illik müstəqil inkişaf yolunun təhlilinə həsr olunmuş elmi simpozium və konfranslar keçirilir, bu müddət ərzində, əldə olunmuş nailiyyətləri əks etdirən sərgilər, kinofilmlər nümayiş etdirilir, çap məmulatı hazırlanır, müxtəlif kütləvi tədbirlər təşkil edilir.
Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa ruhlandırır, ona yeni güc, qüvvət verir. Azərbaycan Respublikasının hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur. Bütün dünya azərbaycanlılarının əcdadlarının məskəni, tarixi vətəni olan Azərbaycan soydaşlarımızın daim diqqət mərkəzindədir.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 16 dekabr 1991-ci il tarixli qərarı ilə həmin səylərin böyük əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi.
Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasət sahələrində fəaliyyəti, əldə etdiyi uğurlar bütün dünya azərbaycanlılarının milli şüurunu, özünüdərkini, ana torpağı Azərbaycana bağlılığını günü-gündən möhkəmləndirir.
Azərbaycan icmalarının ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətləri, klub və dərnəkləri soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparır, məskunlaşdıqları ölkələrdə Azərbaycanı daha yaxından tanıtmaq üçün müxtəlif tədbirlər görür.
Bu qurumlar bir-biri ilə, habelə, Azərbaycan Respublikasının hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələr yaradır, əməkdaşlıq etməyə səy göstərirlər.
Müstəqil Azərbaycan Respublikası isə bütün dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün öz üzərinə düşən tarixi missiyanı yerinə yetirməyə çalışır.
Həmin yolda bu vaxta kimi atılmış addımların nəticələrinin təhlili göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, müstəqil Azərbaycan Respublikasının həyatının müxtəlif sahələrində meydana çıxan problemlərinin həllində onun fəal iştirakının təmin edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən mütəşəkkil, sanballı bir qüvvəyə çevrilməsi yolunda hələ çox iş görülməlidir.
Elçin Bayramlı