Məlum olduğu kimi, Rusiya prezidentinin təşəbbüsü ilə iyunun 25-də Kazan şəhərində Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşü keçirilib.
Amma Ermənistanın qeyri-konstruktiv mövqe tutması səbəbindən keçirilən bu görüşdə münaqişənin həll olunmasında nəticə əldə olunmadı. Buna baxmayaraq, yenidən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasından ötrü regiona ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti səfəri nəzərdə tutulur. Politoloq Qabil Hüseynli bizimlə söhbətində həmsədrlərin bu səfərlərindən ciddi nəticə gözlənilmədiyini bildirdi.
- ATƏT-in Minsk Qrupu həmsədrlərinin xətti ilə aparılan danışıqlar prosesinə inam zəifləyib. ATƏT-in Minsk Qrupu həmsədrləri budəfəki səfəri həm ATƏT-in imicini qorumaq, həm də danışıqlarla bağlı yeni konsepsiyanı işləyib hazırlamaqdır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan yeni konsepsiya nədən ibarət olacaq? Bu barədə Rusiya prezidentinin Ermənistan və Azərbaycan prezidentlərinə yazdığı, amma hələ də mahiyyəti üzə çıxarılmayan məktubları da var. Guya Rusiya Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesinin yeni konseptual əsaslarda aparılması qaydalarını işləyib hazırlayır. Bu qaydalar əsasında hər iki ölkə prezidentləri bu ilin axırlarına qədər yenidən görüşə bilərlər. Həmin yeni qaydaların nədən ibarət olduğu çox gizli saxlanılır. Ümumiyyətlə, ATƏT-in həll variantı ilə, Rusiyanın irəli sürdüyü həll variantı arasında hansı fərqlərin olmasını söyləmək çətindir. Çünki həmsədrlər hansı konsepsiya dəyişikliklərini irəli sürəcəklər, o da bəlli deyil. Rusiya prezidentinin yeni konseptual təklifləri də bilinmir. Bir sözlə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaranmış məyusluğu aktivizmlə əvəz etmək üçün çox fikirlər səsləndirilir və ideyalar irəli sürülür. Amma bu ideyalarda əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünə münasibət necədir? Bu da bizə bəlli deyil. Ərazi bütövlüyü məsələsini təhlükəyə salan ideyalar yenə də qalır. Çünki ATƏT-in Minsk Qrupu həmsədrlərinin müxtəlif həll variantlarında belə bir məsələ var idi. Yəni, Dağlıq Qarabağın statusunun son nəticədə referendum yolu ilə dəyişmək istəyi, Azərbaycanın ərazi bütövlüyünə kölgə sala biləcək bir variant idi. Azərbaycan bu danışıqlarda çox prinsipial mövqe nümayiş etdirirdi. Əgər Qərb dövlətləri, vasitəçi dövlətlər, vasitəçi beynəlxalq təşkilatlar bu məsələni həll etmək istəyirlərsə, oradan millətin öz müqəddəratını təyin etmək hüququnu və hüquqi prinsipini çıxarmalıdılar. Çünki 80-100 min nəfər arasında olan və onun çoxu da Ermənistandan gəlmiş və hərbi funksiyaları yerinə yetirən adamlar üçün öz müqəddəratını təyinetmə prinsipi işləməməlidi və dünyanın heç bir yerində president belə görünməyib. Yalnız bu şəraitdə sözügedən danışıqlar prosesi yeni impuls ala bilər.
GÜLYANƏ