PDF Oxu

Sosial

  • 31

Tolerantlıq və dini dözümlülük Azərbaycan xalqının böyük sərvətidir

Tolerantlıq və dini dözümlülük Azərbaycan xalqının böyük sərvətidir

XXI əsrdə xüsusilə, milli sərhədlərin assimlyasiyaya uğradığı, xalqların bir-birinə qaynayıb-qarışdığı, sivilizasiyaların yaxınlaşdığı qloballaşan dünyada birgə yaşamaq mədəniyyətinin formalaşması olduqca böyük əhəmiyyətə malikdir. Qlobal təhdidlərin, terrorizm, dini qarşıdurma meyillilərinin, xüsusilə, həssas yanaşma tələb etdiyi bir məqamda birgə yaşamaq arzusu, bu yöndə atılan və gələcəkdə atılması planlaşdırılan addımlar milli-mədəni və mənəvi dəyərlərdən imtinaya gətirib çıxartmamalıdır. Yəni fərqli dinlərin, xalqların nümayəndələri inanclarını, düşüncələrini bir-birilərinə zorla qəbul etdirmək yolunu seçmədən bərabərlik, səmimiyyət, dürüstlük, sevgi, hörmət və xoş niyyətlə birlikdə çalışmalı, ortaq bəşəri dəyərləri birgə qorumalıdır. Məhz bu, bütün dünyanın hər zaman mədəniyyətlərin bir-biri ilə sivil qovuşum nöqtəsi saydığı tolerantlığın ilkin bazasıdır.

Azərbaycançılıq ideologiyası hamımızı vahid məqsəd uğrunda

birləşdirdi


Bu gün Azərbaycanda dünya üçün nümunə ola biləcək tolerantlıq və dini bərabərlik modeli mövcuddur. Ölkəmizdə vətəndaşların biri-birilərinə münasibəti dini, milli və irqi əsaslara söykənmir. Xüsusilə, vurğulamaq lazımdır ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Ümummilli Liderimiz Heydər Əliyev dövrün gərginliyinin tələbi baxımından uğurlu, düşünülmüş, uzaqgörən siyasi strategiya müəyyənləşdirməklə, ölkəmizdə yaşayan bütün millətlərin bir ideologiya - AZƏRBAYCANÇILIQ ideologiyası ətrafında birləşdirməklə yanaşı, Ümummilli Liderimiz Heydər Əliyev xalqın sahib olduğu milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə, bu irsin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə zəmin yaratdı, vasitəçi oldu. Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hələ Sovet İttifaqının rəhbərliyində çalışarkən Azərbaycanın dini-mənəvi dəyərlərinin qorunmasında müstəsna rol oynamışdı. Ulu Öndər bu məsələlərə toxunaraq qeyd edirdi: "Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il müddətində dinə qarşı aparılmış təbliğat və xüsusən, dinin qadağan olunması və təhrif edilməsi idi. Ancaq eyni zamanda, bu tarix onu da göstərir ki, din və o cümlədən, bizim mənsub olduğumuz islam dini o qədər qüdrətə malikdir ki, o qədər gücə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət, heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərdi ki, bunu bacara bilmədi".

Müstəqillik əldə olunan zaman ölkəmizdə 20-yə yaxın məscid var idi. Ulu Öndər Azərbaycanın müqəddəs məkanlarına, islam dininə inancı və ehtiramı özündə ehtiva edən ocaqlara dövlət qayğısını sərgiləməklə Azərbaycanın, o cümlədən, özünün islam dininə münasibətini nümayiş etdirdi. Qeyd edək ki, Bibiheybət məscidində yenidənqurma və əsaslı təmir işləri başlandı. Dünyanın bir çox yerlərindən gələn müsəlmanların ziyarətgahına çevrilmiş məscid sovet əsgərləri tərəfindən 1933-cü ildə partladılıb dağıdılmışdı. VIII əsrin yadigarı olan Bibiheybət ziyarətgahı əsrlər boyu insanların inanc və ibadət yeri olub və Azərbaycan xalqı tərəfindən qorunub. XIII əsrdə burada Şirvanşahlar tərəfindən məscid tikilib. Milli-mənəvi dəyərlərin təbliğ olunması, milli ənənələrimizə qayıdış prosesi Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra yenidən vüsət aldı. Ulu Öndərin səyləri nəticəsində ölkədə sabitlik yarandı, quruculuq və inkişaf dövrü başladı. Həmin dövrdə dövlət büdcəsinin azlığına baxmayaraq Bibiheybət məscidinin bərpası üçün Ümummilli Liderimiz 1994-cü ildə Qərar imzaladı. Bundan başqa, 1994-cü ildə Qurban bayramında Ulu Öndər Heydər Əliyev məscidi ziyarət etdi və binasının tikilməsi üçün göstəriş verdi. 1997-ci ildə islam peyğəmbəri Həzrəti Məhəmmədin mövludu günündə Heydər Əliyevin iştirakı ilə məscidin bünövrəsi qoyuldu.


Ölkmizdəki yüksək tolerantlıq mühiti Ulu Öndər Heydər Əliyevin əməyinin bəhrəsidir


Təbii ki, müxtəlif dini, siyasi və etnik qarşıdurmalarla müşayiət olunan XX əsrin sonunda Azərbaycanda bu cür gözəl bir ab-havanın hökm sürməsi, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə şəraitin yaradılması birbaşa Ulu Öndərimizin əməyi sayıla bilərdi. Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri sayılan Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabər hüquqla təsbit olunması Azərbaycandakı tolerantlığın bariz sübutu idi.

Xüsusi olaraq, qeyd etmək lazımdır ki, Sovet İttifaqının dağılması köhnə postsovet məkanında, ən əsası isə Cənubi Qafqaz regionunda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsil dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri oldu. Digər tərəfdən, 1988-ci ildə indiki Ermənistanda, qədim Azərbaycan torpaqlarında, öz ata-baba yurdlarında yaşayan azərbaycanlılar etnik təmizlənməyə məruz qaldılar. Bu etnik təmizlənmə nəticəsində 300 minə yaxın azərbaycanlı öz yurdundan didərgin salındı.

Müasir Azərbaycanda isə dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar, o cümlədən, bütün millətlərin nümayəndələri qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayılan digər dinlərə də qayğı göstərir.

Respublikanın ayrı-ayrı icmalarına dövlətin yüksək diqqəti bunu bir daha sübut edir. Belə ki, 2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün icmaya xüsusi bina verildi və bu bina kiçik kilsəyə çevrildi. Hazırda respublikamızın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsəsi inşa edilib ki, xarici görkəminə görə o, əvvəllər Bakıda olan katolik kilsəsinə bənzəyir.

Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur. Məhz Ulu Öndər Heydər Əliyevin şəxsi səyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə "Yəhudilər Azərbaycanda" kitabını hazırlayıb. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında "Qafqazın dağ yəhudiləri" mövzusunda beynəlxalq seminar keçirilib, 2000-ci ildə dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub. Romakatolik kilsəsinin sabiq başçısı II İohann Pavelin 2002-ci ildə respublikaya etdiyi tarixi səfər isə xüsusi əhəmiyyət daşıyırdı. Bakıda olarkən Papa Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etdi. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapıblar.


Böyük yolun

uğurlu davamçısı


Əsası Ulu Öndərimiz tərəfindən qoyulan və tolerantlığın qorunması, vətəndaş cəmiyyətinin formalaşdırılması məqsədi daşıyan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bibiheybət məscidi yenidən və əsaslı şəkildə təmir edildi. Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasi kursun davamçısı olaraq Prezident İlham Əliyev də Azərbaycanda tolerantlığın inkişafına xüsusi olaraq qayğı göstərir. Bibiheybət məscidinin açılışı zamanı söylədiyi nitqində dövlət başçısı bu məsələyə xüsusi olaraq toxunmuşdu: "Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma vətəninin inkişafına töhfələrini verirlər. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə, əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır".

Təbii ki, Azərbaycanın bir müsəlman ölkəsi olması hər zaman ölkə başçısı tərəfindən xüsusi olaraq vurğulanır. Bu baxımdan Prezident İlham Əliyev dini bayramların qeyd olunması, müqəddəs məkanlara ziyarət problemlərinin ortadan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Artıq hər il Azərbaycandan minlərlə zəvvar müqəddəs Kəbəni, Məkkəni, Mədinəni ziyarət edə bilir. Bundan başqa, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Təzəpir məscidi, Əjdərbəy (Cümə) məscidi əsaslı təmir olundu, dindarların ixtiyarına verildi. Bu məsələlər Azərbaycanda davamlı şəkildə icra olunacaq. Çünki Ümummilli Liderimiz Heydər Əliyevin həm siyasi, həm də mənəvi varisi olaraq Prezident İlham Əliyev Ulu Öndərin apardığı işləri davam etdirir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib: "Azərbaycanda yaşayan bütün xalqlar, bütün dinlərin nümayəndələri özlərini çox rahat hiss edirlər. Mən bunu bilirəm, çünki milli azlıqların yaşadıqları bölgələrdə tez-tez oluram, onların vəziyyəti ilə maraqlanıram, lazımi göstərişləri verirəm və elə etmək istəyirəm ki, Azərbaycanda yaşayan bütün insanlar millətindən, dinindən asılı olmayaraq, özlərini yaxşı və rahat hiss etsinlər. Bunu etmək üçün bizim imkanlarımız var və Azərbaycanın ildən-ilə artan iqtisadi gücü və potensialı burada yaşayan bütün insanların həyat səviyyəsinə müsbət təsir göstərir".

Beləliklə, çox qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan fərqli dinlərin, fərqli xalqların nümayəndələrinin mehriban və dostluq şəraitdə yaşadığı bir məkana çevrilib. Bu gün Azərbaycanın xristian icması da, ölkəmizdə əsas çoxluq təşkil edən müsəlman cəmiyyəti ilə eyni hüquqlara, eyni haqlara sahibdir. Bizim dövlətimizin vətəndaşlarına münasibəti heç bir dini, milli, irqi əsaslara söykənmir. Məhz buna görə də, azərbaycanlı, rus, yəhudi, gürcü və s. olmasından asılı olmayaraq, bütün vətəndaşlarımız ortaq dəyərlərimizlə və ortaq maraqlarımız naminə yaşamağı özü üçün şərəf bilir. Heç də təsadüfi deyil ki, bu gün dünya liderləri, ölkəmizdə səfərdə olan müxtəlif xalqların nümayəndələri Azərbaycanı tolerantlıq, dini dözümlülük baxımından örnək ölkə hesab edir, ölkəmizdə tətbiq olunan modeli mütərəqqi qiymətləndirirlər.


RƏFİQƏ KAMALQIZI


"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Digər xəbərlər