"Dünya azərbaycanlılarının III qurultayının keçirilməsi digər ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasında, milli birliyin yaranmasında ən mühüm tədbirdir". Bu barədə SƏS TV-yə bugünkü qurultayla bağlı fikirlərini bölüşən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev danışıb.
Onun sözlərinə görə, 5 ildən bir keçirilən qurultay sayca III qurultaydır: "Qısa müddət ərzində Azərbaycan diasporunun güclənməsində, dünya miqyasında güclü bir diaspor təşkilatına çevrilməsində və dünya azərbaycanlılarının həmrəyliyinin yaranmasında çox mühüm siyasi ideoloji əhəmiyyətə malik olan bu qurultay ictimai- siyasi kampaniyadır".
Qurultayın əhəmiyyətindən danışan Q.Əliyev: "Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar öz vətənlərinə qayıtdılar. Azərbaycan günü gündən dəyişib inkişaf edir. Qonaqlar 5 il müddətində Azərbaycanda baş verən iqtisadi- siyasi, mənəvi dəyişiklikləri öz gözləri ilə gördülər. Bu onların dünyagörüşünün formalaşmasında və qayıtdıqları ölkədə daha güclü vətənpərvər insanlar kimi təbliğat aparmaqlarında mühüm rol oynayacaq".