Dünən "Trend" informasiya agentliyində Siyasi İnnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu iyun ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yükunlarına dair hesabatı açıqladı. M.Əhmədoğlu əvvəlcə AvroRƏMS ətrafında yaranmış problemdən danışdı. Politoloq bildirdi ki, AvroRƏMS məsələsində razılığın əldə olunmaması NATO-Rusiya və ABŞ-Rusiya münasibətlərində gərginlik yaradıb. Onun sözlərinə görə, son vaxtlar NATO və ABŞ-la münasibətlərdə Rusiyanın destruktiv siyasəti hiss olunmur. Razılığa gəlməyən tərəf NATO və ya ABŞ-dır. ABŞ-la Rusiya arasındakı münasibətlərin indiki durumu yeni geosiyasi qarşıdurmaya daha çox şərait yaradır.
M.Əhmədoğlunun fikrincə, ötən ay İranın nüvə texnologiyaları ilə bağlı problem böyük dövlətlərin diqqət mərkəzində olub. Buna səbəb prezident M.Əhmədinejad İranın nüvə texnologiyaları ilə əlaqəli "Altılıq"la razılığa gəlməyin mümkünlüyü barədə bəyanat verməsi olub: "Qərb İran prezidentinin bu təklifinə sevincək tələsik müsbət reaksiya verdi. Qərbin reaksiyasına nail olan İran prezidenti dərhal bildirdi ki, "Altılıq" İranda nüvə texnologiyaları prosesini dayandırmaq gücündə deyil".
SİTM-in iyun ayının yekunları ilə bağlı hesabatında Kazan görüşünə daha geniş yer ayrılıb. Bu barədə ətraflı danışan M.Əhmədoğlu deyib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəni tənzimləmək üçün nəzərdə tutulmuş Kazan görüşünü iflasa uğratdı: "Kazanda DQ münaqişəsinin tənzimlənməsi üzrə 3 prinsip və 6 maddəni əhatə edən 5,5 səhifəlik, 14 maddəli "DQ münaqişəsinin tənzimlənməsi üzrə baza prinsipləri" adlı sənəd imzalanmalı idi. Ermənistan son anda "Yenilənmiş Madrid prinsipləri" adlı sənədi "Madrid prinsipləri" ilə əvəzləmək istədi. Yenilənmiş Madrid prinsiplərində tənzimlənmənin gedişini nəzərdə tutan altı maddədən birincisində Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması nəzərdə tutulur. Sarksiyanın təqdim etdiyi variantda isə birinci maddə Dağlıq Qarabağın statusunun müəyyən olunmasının nəzərdə tuturdu".
Politoloq bildirdi ki, Ermənistan Kazan görüşünü iflasa uğratmaqla imitasiya üçün cüzi vaxt qazansa da, danışıq tərəfdaşı kimi imicinə ciddi zərbə vurdu: "Sənədi imzalamaqla Ermənistan özü üçün daha çox resurs yarada bilərdi. Ən azı, Kazanda imzalanmış sənədlərin taleyini Sürixdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə imzalanmış sənədlərin taleyi ilə müqayisə etmək olardı. Konstitusiya məhkəməsi Kazanda imzalanmış sənədlərdən Ermənistan prezidentinin imzasını denonsasiya edə bilərdi: Ermənistan prezidenti özgə dövlətə ("DQR"-ə) aid sənədi imzalaya bilməz. Kazan görüşünü iflasa uğratmaqla Ermənistan tərəfi özünü belə imkandan məhrum etdi və bununla da, öz üzərinə olan təzyiqləri bir az da artırdı".
Politoloq onu da vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi tarixində ən çox siyasi-ideoloji və informasiya dəstəyinin verildiyi sammit Kazan sammiti idi. Bu prosesin bünövrəsi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Dovil bəyanatında qoyulmuşdu: "Rusiya Xarici İşlər Nazirliyi Kazan sammitini mütəmadi diqqətdə saxlayırdı. Fransa XİN və ABŞ Dövlət Departamenti Kazan sammitindən əvvəl tərəfləri baza prinsiplərini imzalamağa çağırdılar. Sülhməramlılıq prosesində görünməmiş və ya çox nadir hallarda rast gəlinən hal baş verdi: ABŞ və Fransa prezidentləri Kazan sammitinə şəxsən və birbaşa dəstək verdilər. Belə güclü dəstəyin verilməsinə baxmayaraq, Kazan görüşünün iflasa uğramasında Ermənistanla yanaşı, Fransa və ABŞ-ın Ermənistanla əlaqəli orta səviyyəli diplomatları da iştirak etdilər".
Sonda M.Əhmədoğlu qeyd etdi ki, Azərbaycan müharibənin yeni modellərini axtarır. Onun sözlərinə görə, hərbi paradda nümayiş olunan 300 km-lik hədəfi vuran raket nəinki Ağdam ərazisindən, hətta Bərdə və ya Yevlaxdan da Laçın dəhlizini dağıtmağa imkan verir: "Bu zaman raketlə Laçının Ermənistanla sərhədinin dağıdılması o qədər də vacib deyil. Laçın-Ermənistan sərhədindən 5-6 km Laçının içərilərinə doğru ərazini dağıtmaqla çox vacib effekt almaq mümkündür. Ağdam, Bərdə və Yevlax kimi Laçın da Azərbaycan torpağıdır. Yevlaxdan atılan raketin Laçına düşməsi heç bir beynəlxalq reaksiya yarada bilməz. Və ya müasir kompüter texnologiyalarını, snayper tüfənglərini pilotsuz təyyarələr ilə əlaqələndirib, qoşunların təmas xəttindəki ermənilər üçün ölü zonaların yaradılması, yeni tipli müharibə modellərindən istifadə olunmaqla Ağdamda və ya Füzulidə 1-2 km məsafədə aparılan intensiv snayper atəşləri beynəlxalq aləmdə heç vaxt müharibə adlandırıla bilməz".
RƏFİQƏ