Qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət yekdilliklə qəbul edildi.
Azərbaycanda milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlərin əldə olunması, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirməsi, iqtisadi potensiala malik olması, demokratik inkişaf səviyyəsində, beynəlxalq aləmdə tutduğu mövqe hər kəsin gözü önündə baş verir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olaraq, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırıb. Bu münasibət dünya azərbaycanlılarını ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaradıb.
Bu gün Azərbaycan daha güclü dövlət olaraq Dünya Azərbaycanlılarının III Qurultayını təşkil etdi. Azərbaycan iqtisadi və hərbi qüdrətə malik dövlət olmaqla yanaşı, milli birlik və həmrəylik nümayiş etdirdi. Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında önəmli hadisəyə çevrildi. Bu qurultay mövcud olan ənənənin davamı kimi dünya azərbaycanlılarını bir araya gətirərək, dünyada yaşayan soydaşlarımızın daha da təşkilatlanması üçün yeni şəraitin yaradılılmasına imkanlar açdı. Bütün qitələrdə yaşayan soydaşlarımızı bir araya gətirən qurultay həmrəyliyi və birliyi bir daha nümayiş etdirdi. Azərbaycan müstəqilliyinin 20 illik yubileyi ərəfəsində keçirilən qurultay müasir dövlət quruculuğu prosesində diaspora qarşısında yeni vəzifələr qoydu.
Müasir həyatımızda Azərbaycanda güclü, müasir dövlət yaradılmış və böyük nailiyyətlər əldə olunmuşdur. Bütün bunlarla yanaşı, Azərbaycan dünya ölkələrində yaşayan soydaşlarımızla sıx əməkdaşlıq prinsipini də həyata keçirməkdədir. Artıq dünya ölkələrində Azərbaycan diaspor təşkilatlarının sayı 416-ya çatıb. Dünya Azərbaycanlılarının III Qurultayında qeyd olunduğu kimi, hazırda Azərbaycanın dünyadakı daimi və diplomatik nümayəndəliklərinin də sayı artmaqdadır. Beş il bundan əvvəl dünya ölkələrində Azərbaycanın 46 səfirliyi və konsulluğu var idisə, bu gün onların sayı 65-ə çatıb. Bunun genişləndirilməsi nəticəsində yaxın gələcəkdə 8 ölkədə yeni səfirlik və konsulluğun açılması da nəzərdə tutulub. Bu rəqəmlər artıq Azərbaycanın bütün dünya ilə əməkdaşlığının göstəricisidir. Azərbaycan bütün dünya ölkələri ilə münasibətləri müxtəlif sahələr üzrə sıx şəkildə qurur. Bu sayda diaspora təşkilatları dövlətin mövqeyini, həqiqətləri müdafiə etməklə yanaşı, əhəmiyyətli məsələlərlə bağlı münasibətləri ifadə etməkdə də qərarlıdırlar. Diaspor təşkilatlarının fəaliyyəti, erməni lobbisinin Azərbaycan əleyhinə apardığı məlum kampaniyaya qarşı da yönəlib. Öz fəaliyyətləri ilə ermənilərə layiqli cavab verməklə dünya ictimaiyyətinə Azərbaycanın humanist, sülhsevər siyasətini təqdim edirlər. Bu gün qətiyyətlə və reallıqlara söykənərək deyə bilərik ki, dünya ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoya bilirlər. Qurultayda Prezident İlham Əliyev çıxışında bu hərəkətlərə, bu siyasətə görə diaspor təşkilatlarını alqışlamışdır: "Bizim diaspor təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm. Biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar - ləkələmə kampaniyası, Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar".
Dünyanın 42 ölkəsindən seçilmiş nümayəndənin iştirak etdiyi qurultay Azərbaycanın maraq və mənafeləri naminə xaricdə yaşayan həmvətənlərimizin birliyini təmin edən azərbaycançılıq məfkurəsini bir daha üzə çıxardı. Bu mötəbər mərasimdə qurultay nümayəndələri adından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət yekdilliklə qəbul edildi.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu işi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir. Bu ideoloji xəttin və ənənənin davamı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin mükafatlandırılması ilə bağlı imzaladığı Sərəncamda bir daha təsdiqini tapdı. Prezident İlham Əliyevin xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı, eləcə də elm, mədəniyyət, incəsənət, jurnalistika, bədən tərbiyəsi və idman sahələrindəki xidmətlərinə görə bir qrup şəxsin təltif olunması ilə bağlı Sərəncamı, həqiqətən də, diaspora quruculuğunda əməyi olan insanlara diqqətin bariz nümunəsidir. Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə bir sıra şəxs "Dostluq" ordeni, "Tərəqqi" medalı , "Əməkdar elm xadimi", "Əməkdar incəsənət xadimi", "Əməkdar artist", "Əməkdar rəssam", "Əməkdar jurnalist", "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülüb. Bu mükafat onları vahid azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşərək, xalqımızın tarixini, mədəniyyətini, incəsənətini, milli-mənəvi dəyərlərini, eləcə də, ölkəmizlə bağlı həqiqətlərin yaşadıqları ölkələrdə təbliği işində daha fəal olmağa ruhlandıracaqdır.
NƏZAKƏT ƏLƏDDİNQIZI