Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 8-də Banqladeşin, Dominikan Respublikası, Burkina Fasonun, Konqonun, Qambiyanın, Lesotonun, Maldiv adalarının, Myanmanın, Naurunun, Somalinin, Trinidad və Tobaqonun və Toqonun BMT yanında daimi nümayəndələri ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir E.Məmmədyarov bu il Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyini qeyd edəcəyini qonaqların diqqətinə çatdırmışdır. Ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlət odluğunu deyən nazir, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu bölgədə bütün iri layihələrin respublikamızın iştirakı olmadan həyata keçirilməsinin mümkünsüzlüyünü vurğulamışdır. E.Məmmədyarov qonaqlara ölkənin enerji siyasəti, Avropa və dünya bazarının Azərbaycanın hidrokarbonat ehtiyatları ilə təchiz edilməsi, qədim İpək Yolu üzərində qurulmuş nəqliyyat layihələri və digər regional və beynəlxalq əhəmiyyətli layihələr haqqında məlumat vermişdir. Azərbaycanın bir sıra beynəlxalq təşkilatların fəal üzvü olduğunu qeyd edən nazir E.Məmmədyarov ölkəmizin keçən ay Qoşulmama Hərəkatına tam üzv qəbul edildiyini bildirmişdir.