Son illər Azərbaycan xalqı keyfiyyətcə yeni, daha yüksək tarixi inkişaf mərhələsinə qədəm qoyub. Bu, milli ideologiyanın tamamilə formalaşdığı, hüquqi və demokratik dövlət quruculuğu prosesinin sürətləndiyi bir mərhələdir. Azərbaycan dövlətinin ilbəil artan iqtisadi və siyasi qüdrəti dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə, diaspor hərəkatının güclənməsinə əlverişli şərait yaradıb. Bu baxımdan Azərbaycanda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı ictimai-siyasi həyatda əks-səda doğurdu. Bu bir sıra amillərlə yadda qaldı. Dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın qarşısında yeni vəzifələr qoydu.
Qeyd edək ki, qurultay Dünya Azərbaycanlılarının II qurultayından keçən dövrdə ölkə həyatının bütün sahələrində əldə olunmuş nailiyyətlər, Azərbaycanın keçdiyi yol xalqın şərəfli dövlətçilik tarixinə, zəngin mədəniyyətə və insan potensialına, yüksək milli şüura və saf mənəviyyata malik olduğunu bir daha təsdiqlədi. Son 5 ildə Azərbaycan Respublikasında milli mədəniyyətin özünəməxsusluğunun qorunub saxlanmasına, elmin və təhsilin inkişafına xidmət edən dövlət proqramları həyata keçirildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gəlməsində, mühüm məsələlərin həllində bir-birinə yardımçı olmaq kimi missiyanın həyata keçirilməsində əhəmiyyət kəsb etdi. Eyni zamanda, bu qurultay Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb oldu. Qurultayda dövlət başçısı İlham Əliyev diaspor fəaliyyəti ilə bağlı konkret vəzifələr irəli sürdü. Bu vəzifələr sırasında diaspor təşkilatlarının güclənməsi və birliyi, onların dövlət strukturları ilə daha sıx əlaqəsinin təmin olunması xüsusilə əhəmiyyətlidir. Qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələr daha da möhkəmlənəcəkdir. Dünya Azərbaycanlılarına müraciət qəbul olundu. Bu müraciət soydaşlarımızın qarşısında duran ən mühüm vəzifələrin müəyyənləşməsinə yönəlib. Soydaşlarımız yaşadıqları ölkələrdə fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından daha fəal mövqedə durmalıdırlar. Hər bir azərbaycanlı icması milli-mənəvi dəyərlərini, dilini, milli kimliyini qorumaqla yanaşı, cəmiyyətə daha yaxından inteqrasiya etməli, baş verən hadisələrə prinsipial münasibət bildirməlidir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, ölkəmizin və xalqımızın əleyhinə yönəlmiş təxribatların qarşısını vaxtında almaq bütün soydaşlarımızın əsas vəzifələrindən biridir. Müraciətdə qeyd olunur ki, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün digər xalqların diaspor təşkilatları ilə, xüsusən, türk diasporu ilə əməkdaşlığı genişləndirmək, iki qardaş ölkənin maraqlarının müdafiəsi ilə bağlı həyata keçirilən layihə və tədbirləri daha sıx əlaqələndirmək zəruridir. Müasir həyatımızda Azərbaycan dövlətinin və xalqımızın yalnız bir problemi var. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması və yüz minlərlə soydaşımızın öz doğma torpaqlarından didərgin düşməsidir. Azərbaycan dövlətinin davamlı dəstəyi sayəsində diasporumuz bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Son dövrlər xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallıq səviyyəsi də xeyli yüksəlib. Bu gün azərbaycanlı icmaları yaşadıqları ölkələrdə baş verən mühüm hadisələrə dair öz mövqeyini bildirir, seçkilərdə fəal iştirak edir, siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunur, bir sıra ölkələrdə isə parlament üzvlüyünə seçilirlər. Bütün bu uğurların əsasında doğma Vətənə sevgi, Azərbaycana layiqincə xidmət arzusu dayanır. Bu baxımdan Dünya Azərbaycanlılarının III Qurultayının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciəti əhəmiyyət kəsb edir. Qurultay iştirakçıları narahat dünyamızda sağlam düşüncənin, haqq və ədalətin əvvəl-axır qalib gələcəyinə inamlı olduqlarnı diqqətə çatdırırlar. Bu gün planetimizdə beynəlxalq təhlükəsizliyə və barışa, sivilizasiyalararası dialoq çağırışlarına, xalqların dinc yanaşı yaşayışının və əmin-amanlığının təminatına ciddi ehtiyac duyulur. Çünki qloballaşma prosesinin vüsət aldığı müasir mərhələdə dövlətlərin suverenliyini və bütövlükdə bəşəriyyəti təhdid edən aqressiv etnik separatçılıq, terrorizm, milli, dini və irqi ayrı-seçkilik kimi mənfi meyillər həyatımızın acı gerçəkliyinə çevrilmişdir:" Zəmanəmizin ən qanlı faciələrinə rəvac vermiş Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 23 ildir ki, davam etməkdə, regionda sülh və əmin-amanlıq üçün böyük təhlükə mənbəyi olaraq qalmaqdadır. Dünya Azərbaycanlılarının III Qurultayı beynəlxalq ictimaiyyəti Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunması, insanların rahat və təhlükəsiz şəraitdə yaşaması naminə konkret addımlar atmağa, təcavüzkarı sağlam düşüncəyə və davakar qarşıdurma mövqeyindən geri çəkilməyə vadar edəcək qətiyyətli tədbirlər görməyə çağırır. Münaqişənin həlli nəinki Azərbaycan və erməni xalqlarının, eləcə də, bütün regionun həyatında yeni bir dövrün - dostluq, əməkdaşlıq və tərəqqi mərhələsinin başlanğıcı olacaqdır".
Dünya Azərbaycanlılarının III Qurultayının doğma Vətənimizdə - müstəqil dövlət kimi iyirminci ildönümünü yaşayan Azərbaycan Respublikasında keçirilməsi tarixi hadisəyə çevrildi. Diaspor cəmiyyət və təşkilatları qarşısında duran vəzifələr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mahiyyət kəsb edir.
NƏZAKƏT