Dünən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatını qərargahında vətəndaşların növbəti qəbul günü olub. YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva növbəti dəfə seçiciləri ilə görüş keçirib. Görüşdə, həmçinin, ABŞ-ın Azərbaycanda Parlament Proqramının rəhbəri Tvistler Şilts, Milli Məclisin Dövlət Qulluğu və Kadrlar şöbəsinin əməkdaşı Elşad İsmayılov və USAİD layihəsinin rəhbəri Aybəniz Məmmədova da iştirak edib.
Nizami rayonundan olan 10-dan artıq ailənin Sədaqət Vəliyeva ilə görüşdə səsləndirdikləri rəy, təkliflər və problemlər, həmişə olduğu kimi, bu dəfə də lazımi səviyyədə öz həllini tapmışdır. Öz seçicilərinə həmişə böyük hörmət və ehtiramla yanaşdığını söyləyən S.Vəliyeva hər bir vətəndaşın problemini öz problemi kimi qiymətləndirdiyini vurğuladı. Qeyd etdi ki, hələ parlament seçkilərindən öncə də Yeni Azərbaycan Partiyası tərəfindən və partiyanın Nizami rayon təşkilatının xətti ilə təşkil olunan bütün tədbir və toplantılarda o, vətəndaşlara xüsusi qayğı ilə yanaşıb, səmimi ünsiyyətdə olub: "Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan genişmiqyaslı işlər məhz vətəndaşlarımızın layiqli həyat səviyyəsi ilə təminatına istiqamətlənib. Çünki əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş qüdrətli və güclü Azərbaycanın mayasında xalqımızın layiqli həyat səviyyəsi ilə təmin olunması dayanır. Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin də həyata keçirdiyi analoqu olmayan uğurlu siyasəti hər bir vətəndaşımızın yüksək həyat səviyyəsi ilə təminatına xidmət edir. Bizlər də həm YAP nümayəndəsi olaraq, həm də yerlərdə vətəndaşlarla sıx təmasda olan şəxslər kimi daima insanlarla fərdi ünsiyyətə girir, onların qayğı və problemlərinin həlli üçün əlimizdən gələni etməyə çalışırıq. Çünki bu, bizim ən başlıca vəzifəmiz və amalımızdır". S.Vəliyeva Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi bütün humanizm prinsiplərinin arxasında xalqa xidmət amilinin dayandığını bildirdi. Vurğuladı ki, dövlətimiz günü-gündən öz qüdrətini artırdıqca vətəndaşların da qarşıya çıxan istənilən probleminin həlli yerlərdə olan şəxslər üçün də böyük həvəs və iş stimulu yaradır. Ona görə də, bizlər öz işimizə daha məsuliyyətlə və həvəslə yanaşaraq istənilən məsələdə vətəndaşın yanındayıq. YAP Nizami rayon təşkilatının sədri ona ünvanlanan bütün müraciətlərin vaxtında və dəqiqliklə yerinə yetirildiyini də dilə gətirdi.
Nizami rayon sakinləri Ağababa Ağayev, Sevil Səfərova, Sadıqzadə Aydın, Malik Seyidov, Qənirə Sadıqova və digərləri çıxış edərək YAP təmsilçisi olan millət vəkili Sədaqət Vəliyevanın onlara hər zaman diqqət və qayğı ilə yanaşdığını, problemlərinin həlli üçün bütün zəruri köməklikləri göstərdiyini söylədilər.
TAPDIQ QURBANLI