Dünən Rumıniyanın hakim Demokrat Liberal Partiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasınının prezidenti, akademik Mahmud Kərimov AMEA ilə Rumıniya Elmlər Akademiyası arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunudan söz açdı. O bildirdi ki, son illərdə hər iki ölkənin alimləri müştərək layihələrin həyata keçirilməsində yaxından iştirak ediblər. Rumıniya Elmlər Akademiyası ilə əlaqələr bundan sonra da genişləndiriləcəkdir. Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu vurğulayan M.Kərimov ölkələrimiz arasındakı əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin xidmətlərini qeyd etdi.
Mahmud Kərimov qonaqlara AMEA haqqında da ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası respublikanın əsas elmi qurumudur. AMEA-nın 5 bölməsi var. Akademiyanın nəzdində Nəbatat İnstitutu, Zoologiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Fiziologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, İqtisadiyyat İnstitutu, Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutu, eləcə də, Əlyazmalar İnstitutu, Azərbaycan Tarixi Muzeyi, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi vəs. fəaliyyət göstərir. 1972-ci ildə AMEA Naxçıvan filialının elmi mərkəzi yaradılıb. Akademiyanın əsaslı kitabxanası var.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən razılıqla danışdı. O, vurğuladı ki, Rumıniya, həqiqətən də, Azərbaycanın dostudur. Rəsmi Buxarest bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini dəstəkləyib. Bu, dostluğumuzun nümunəsidir: "Biz burada həyata keçirilən layihələrlə yaxından tanış olduq. Azərbaycanın sürətli inkişafı və uğurlu siyasəti bizi sevindirir".
Rumıniya Elmlər Akademiyasının vitse-prezidenti Marius Sala və akademik Auqustin Buruza öz ölkələrində elmə, təhsilə göstərilən diqqət və qayğıdan söz açdı:"145 illik yubileyini qeyd edən Rumıniya Elmlər Akademiyası azərbaycanlı alimlərlə əməkdaşlığa daim böyük önəm verir və bu iş hazırda uğurla davam etdirilir." İki ölkənin elmi əlaqələrindən böyük məmnunluqla danışan qonaq bunun tarixi kökü olduğunu söylədi.
ZÜMRÜD