Azərbaycan qədim tarixə malik dövlət olduğundan özünəməxsus adət-ənənələri var. Bu adət-ənənələr xalqın ümumi psixologiyası, yaşantıları, məxsusi dəyərləri əsasında meydana çıxıb. Zaman-zaman həyatımızda tətbiq olunan və günümüzə qədər gəlib çatan mövcud ənənələr müasir həyatımızda dəyişərək başqa xarakter, məzmun almışdır. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsində toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması və günümüzün reallığına aid olan bu kimi digər problemlərlə bağlı dəyirmi masa keçirilidi. Bu tədbir yaddan çıxmaq təhlükəsində olan ənənələrimizin bərpasına və mövcud vəziyyətə qarşı lazımi tədbirlərin görülməsinə yönəlmişdir. Tarixi ənənələrimizin bərpa olunması məsələsi ilə bağlı folklorşünas alimlərlə əlaqə saxladıq:
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Rzasoy:
- Azərbaycanda müasir dövrümüzdə yas və toy mərasimləri artıq özünün ilkin mənasını itirmişdir. İnsanların şənlik və ya matəmlərdə iştirakı dini baxımdan münasib sayılır. Lakin istər toy, istərsə də yas mərasimlərində israfçılıq və ifrat dəbdəbə qəbul edilməzdir. Mərasimlərin təşkili zamanı israfçılıq hallarının qarşısının alınmasında müasir həyatımızda əsas məsələlərdən birinə çevrilib.
Dəfn mərasimlərində təmtəraqlı şəkildə ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Bahalı məzar daşlarının düzəldilməsi islam normalarına ziddir. Yas mərasimləri haqqında da mövcud olan vəziyyətə diqqət yetirmək vacib məsələlərdəndir. Ehsan sözünün mənası yaxşılıq deməkdir. Ehsanın yalnız savabı dünyasını dəyişən şəxsə çatır. Bu ehsan yalnız kasıbları, acları doydurmaq üçündür. Müasir dövrümüzdə ehsan süfrələrimizdə müxtəlif növ yeməklərin düzülməsi, bahalı suların qoyulması insanı dəhşətə gətirir. Dünyasını dəyişmiş şəxsin əgər şəxsi malı-dövləti varsa, ondan hökmən ehsan süfrəsinə istifadə olunmalıdır. Əgər Azərbaycanda yas düşən ailə imkanlıdırsa, qiyməti 2-3 min manat arasında olan çadır qurursa, o zaman qonşusunda olan kasıb ailə də məcburiyyət qarşısında ondan geri qalmamaq üçün borca-xərcə düşür. Dünyasını dəyişən şəxsə dua etmək əvəzinə, biz yarışa girib gör nələr uğrunda mübarizə aparırıq. Əslində, yas mərasiminin qarşısında bir nəfər durub küçədən keçən kasıb və imkansız şəxsləri süfrəyə dəvət edib, ehsanın savabını qazanmalıdırlar. Yas mərasiminin mahiyyəti ac, kasıb şəxsin qarnını doyurmaqdır. Həmin şəxs də ölüyə rəhmət diləyir. Bizim yas və toy mərasimləri, adət-ənənələrimiz gözəldir və xarakter ehtibarı ilə əhəmiyyət daşıyır. Mövcud vəziyyət bizim adət-ənənələrimizin məhvinə doğru istiqamətlənib. Ayrı-ayrı insanlar bu adət-ənənələrə qarşı çıxmaq istəsələr də, bu, mümkün deyil. Bu mübarizə kütləvi xarakter almalıdır. İnsanları maarifləndirmək əsas şərtdir.
Toy mərasimləri qədim dövrdən başlayaraq, iki gəncin ailə qurmasına xidmət edib. Beləliklə, yeni bir ailənin təməli qoyulub. Bu gün Azərbaycan toyları özünün qədim köklərindən tədric olunub. Yeganə olaraq toy adətlərimizdən qalan iki gəncin ailə qurmasıdır. Milli toylarımız forma etibari ilə fərqli şəkil alıb. Əvvəllər toy mərasiminin keçirilməsi gününə qədər insanlar böyük arzu və həvəslə yaşayırdılar. Müasir azərbaycanlı isə toy şənliyinə dəvət alarkən qəribə hisslər keçirir. Toya salınacaq pul iştirakçının heç də aldığı məvaciblə üst-üstə düşmür. Azərbaycan toyları insanların ailə büdcəsinin qəniminə çevrilib. Digər tərəfdən isə, toy sahibləri böyük maddi ziyanla qarşılaşırlar. Bir gecə təşkil olunan toyun zərərini illərlə ödəmək məcburiyyətində qalırlar. Dəbə uyğun olaraq cehizin alınması, toy mərasiminin keçirilməsi və s. bütün bunlar yeni ailənin gələcək təməlinə zərbə vurur. Bütün sivil dünya ilə müqayisədə toy xərcləri Azərbaycandakı qədər deyil. Avropa ölkələrindən, eləcə də, islam ölkələrindən toylarımıza dəvət alan iştirakçılar dəhşətə gəlirlər. Bizdə olan israfçılıq onları təəccübləndirir. Həmin ölkələrin heç birində bu israfçılığa təsadüf olunmur. Azərbaycanda mövcud olan bəhsə-bəhs prinsipi süfrəyə qoyulan nemətlərin say çoxluğunun artmasına səbəb olub. 4-5 saat davam bir məclisə toplaşdığımız zaman 35-60 çeşiddə süfrəyə yeməklərin verilməsi nə dərəcədə düzgündür? Kobud şəkildə demiş olsaq, bu talançılıq heç bir ailə tərəfindən sevinclə qarşılanmır. Bu talançılıq mafiyası ilə məşğul olan restoranlar illərlə yığılan pulun, eləcə də, gələcəkdə büdcəyə gələcək maliyyənin məhz onların cibinə axmasına səbəb olur. Əgər toy təşkil edilən məkanda restoran və şadlıq evinə müraciətdə bir-iki yemək sifariş etsən, o zaman heç bir müəssisə sənin sifarişini qəbul etməyəcək. Süfrədə qalan və tullantıya çevrilən məhsullar toy sahibinin büdcəsi hesabınadır. Bu məsələlərin həllində mən heç restoran sahiblərini də qınamıram. Bu məsələ artıq ictimailəşmiş bir məsələdir. Odur ki, belə israfçılığın - adət-ənənədən kənara çıxmağın qarşısını almaq üçün mütəmadi olaraq müzakirələr keçirilməli, xalqa öz adət-ənənələrimizlə bağlı lazımi məlumatlar çatdırılmalıdır ki, insanlar axarına düşdüyü bu yolda düşünə bilsinlər.
Azərbaycanda toy adət-ənənələri yavaş-yavaş sıradan çıxmaq üzrədir. Toy mərasimlərində gül atılması, əl-ələ tutmaq və s. Avropa toylarından götürülmüş ənənələrdir. Maraqlıdır ki, Avropadan götürdüyümüz bu adət-ənənələr onlarda orta əsrlərdə yaşanılmış və bu gün də toy mərasiminin əsasını təşkil edən ənənələrdir. Demək, Avropa öz adət-ənənələrini əsrlərdir ki, qoruyub öz mərasimlərində tətbiq edir. Bunların heç biri onların müasir adət-ənənələri deyil. Bu yaxınlarda bir toy məclisində iştirak etdim. Həmin mərasimdə gəlin və bəy şadlıq evinə daxil olarkən Azərbaycan "Himn"i səsləndirildi. İnanın ki, bu musiqi bütün iştirakçıları kövrəltdi. Sonra isə həmin toy mərasimi Azərbaycan muğamı ilə davam etdirildi. Görün bundan gözəl nə ola bilər?! Bu yol ilə biz vətənpərvərliyi, Azərbaycanın milli-mənəvi dəyərlərini gənclərimizə aşılamış oluruq. Təşəbbüs olarsa istədiyimizə nail ola bilərik. Milli adət-ənənələrimizin üzə çıxarılmasında və onların tətbiqində əsas yük bizlərin üzərinə düşür. Bu məsələni ictimailəşdirmək, mütəmadi olaraq, insanların diqqətinə çatdırmaq lazımdır. Bütün bunlar mətbuatda əksini tapmalıdır.
Filologiya elmləri üzrə fəlsəfə doktoru Afaq Ramazanova:
- Toy - məişət mərasimləri içərisində özünəməxsus yer tutur. Ümumiyyətlə, insan həyatının mühüm mərhələləri xüsusi mərasimlərlə müşayiət olunur. İnsanın dünyaya gəlişi, dünyadan köçü, bir də ailə qurması mərasimlərlə, ayin və rituallarla müşayiət olunan mühüm məsələlərdəndir. Toy, digər iki mərasimlə birlikdə məişət törənlərinin üçlüyünü təşkil edir. Amma toy digər iki məişət mərasimindən fərqlənir. Belə ki, doğum və yas mərasimləri birbaşa ruhlar aləmi ilə ünsiyyəti nəzərdə tutursa, toy mərasimi səciyyəsi etibarilə onlardan fərqlənir. Əgər doğum mərasimində insanlar ruhlar aləmindən alırsa və yas mərasimində ruhlar aləminə ötürürsə, toy mərasimi insanların sadəcə status dəyişməsidir. Amma bu status dəyişmə də inisiasiya hesab olunur və qədim dövrlərdə insanların həyatında baş verən bütün digər inisiasiya mərasimləri kimi xüsusi mərasimlə müşayiət olunur.
Həyatın belə qorxulu və çətin məqamlarında insan övladı bəd ruhlara qarşı, mənfi qüvvələrə qarşı daha aciz, gücsüz olur, onun qorunmağa ehtiyacı var. Bu mərasimlərin icrası da bir tərəfdən əgər bu təntənəli hadisələrin və tarixlərin bayram edilməsi ilə bağlıdırsa, digər tərəfdən və əsas da budur - insanların qorunması kimi bir motivasiyadan irəli gəlmişdir. Toyda evlənənlərin şəninə söylənən alqışlar, sazın sədaları, gedilən yallılar, atılan güllələr, yandırılan üzərriklər hamısı məhz bu çətin məqamda insanlara yardım etmək məqsədi daşıyır. Çağdaş dönəmdə isə toy mərasimləri sadəcə cəmiyyətin özəyini təşkil edən yeni ailələrin yaranmasının qeyd edilməsi kimi yadda qalır.
Bildiyimiz kimi, qədimlərdə Azərbaycan toyları - nağıllarda, dastanlarda əks olunduğu kimi, 3 gün, 7 gün, 40 gün sürürdü. Məhz bu rəqəmlərin seçilməsi 3,7,40 ilkin təsəvvürlərdə sakral rəqəmlər kimi qəbul edilməsindən irəli gəlir. Qədim türklərin üçlü dünya modeli, xristianlıqda müqəddəs üçlük, göyün yeddi qatı, dünyanın 7 günə yaradılması, göy qurşağının 7 rəngi və s. bu rəqəmlərə qutsal yanaşmanın bariz göstəriciləridir. 40 rəqəminə hələ ötən əsrin əvvəllərində Y.V.Çəmənzəminli yazılarında münasibət bildirmişdir. Bildiyimiz kimi, bektaşi dərvişləri 40 gün inzivaya çəkilmişlər, körpənin doğuşundan sonrakı və insanın ölümündən sonrakı 40 gün çox ağır tabu və yasaqlar sistemi ilə müşayiət olunur.
Toyların bu şəkildə uzun müddət, bir neçə gün və bir neçə gecə davam etməsi, bu toylarda uzun-uzun nağılların, dastanların söylənməsi, yuxarıda söylədiyimiz kimi, gənclərin qorunması kimi nəcib bir məqsədə xidmət edir.
Çağdaş dönəmdə toylarımız bir qədər öz ilkin əsaslarından uzaqlaşmışdır. Artıq əvvəlki toyların təntənəsini müşahidə etmək mümkün deyil. Bunun, əlbəttə, çox səbəbləri vardır və hər kəs bunun səbəbini özünəməxsus şəkildə izah edə bilər. Əvvəla, bizdən asılı olmayaraq, həyatımızda baş verən dəyişikliklər birbaşa mərasimlərin də strukturuna təsir göstərir.
Mənim fikrimcə, toyun çağdaş dönəmdə öz ilkin əsaslarından tamamilə uzaqlaşması, ilk növbədə, qlobalizasiya ilə bağlıdır. Mən qloballaşmanın, inkişafın əleyhinə deyiləm. Əsla. Amma gəlin etiraf edək ki, qloballaşma milli-mənəvi dəyərlərimizə ağır zərbə vurur. Qədim dövrlərdə evlilik, ailə həyatı çox mühüm bir addım sayılırdı, gənclərin bu addımı bütöv bir tayfanın, nəslin, kəndin, obanın, elin marağı dairəsində olan bir hadisə idi. O zamanlar gənclər böyüklərin məsləhəti ilə, yüz ölçüb, bir biçəndən sonra bu addımı atırdılar. Ona görə də nikahlar daha uzunömürlü olurdu. İndi isə nikaha adi bir prosedur kimi yanaşan gənclər, toydan sonrakı müddətdə ailənin qorunmasına bir elə önəm vermirlər. Vaxtilə şəhər toylarında, azacıq da olsa, keçmiş adət-ənənələrimizə riayət olunurdu. İndi isə Azərbaycan toylarına yad mədəniyyətlərin təsiri aşkar hiss olunmaqdadır. Məsələn, adi bir misal gətirək, indi bütün toyların sonunda ailə quran qız əlindəki gül dəstəsini tullayır və bununla bir mantik akt icra olunur. İnanılır ki, həmin gülü tutan ərgən qızın toyu tezliklə olacaq. Əgər bu aktın ilkin qaynaqlarına baxsaq, burada kontagioz magiyanın - təmas sehrinin izlərini görmüş olarıq. Bu magiyaya əsasən, toyu olan qızla təmasda olmuş gül dəstəsi onun qismətindən bir pay da subay qıza ötürəcək. Yəni bu güllə təmas etmək həmin qızın bəxtini açacaq. Amma gəlin öz adət-ənənələrimizə müraciət edək. Məgər bizim zəngin mənəvi yaddaşımızda - mərasim və adət ənənələrimizdə bu funksiyanı icra edən və bu məqsədə xidmət edən mantik akt yoxdurmu? Təbii ki, var. Əgər yadınızdadırsa, son dövrlərə qədər gəlinlər əllərinə düyü alırdılar və evdən çıxanda, subay qızların adını çəkərək, bir-bir həmin düyü dənələrini səpirlər. Eyni funksiya və eyni məqsəd. Sadəcə, texniki icra üsullarında fərq var. Bu cür misalların sayını kifayət qədər artıqmaq olar.
Bu gün toylarımızın bu şəkildə dəyişikliyə uğraması bəlkə də bu mərasimin bir qədər öz mühafizəkarlığını itirməsi ilə əlaqədardır. Və ya insanların qloballaşmanı düzgün başa düşməsi, təhrif etməsi ilə əlaqədardır. Gəlin qloballaşmaya, yeniləşməyə hə deyək, amma öz adət-ənənələrimizi unutmayaq, bizi var edən, milli kimliyimizin, milli varlığımızın əsasında duran mənəvi dəyərlərimizi, adət-ənənələrimizi unutmayaq, qoruyaq, yeri gəldikcə, onlara müraciət edək, müraciət edən zaman təhrif etməyək.
NƏZAKƏT ƏLƏDDİNQIZI