PDF Oxu

Sosial

  • 24

“Ümid” partiyası yeni ziddiyyətlər astanasında

“Ümid” partiyası yeni ziddiyyətlər astanasında

Hazırda radikal müxalifət partiyaları daxilində baş verən savaşlar fonunda, ən nəzərəçarpanlardan biri də "Ümid" partiyasında cərəyan edən çəkişmələrdir. İqbal Ağazadənin idarəçilik məqamlarının öz partiyadaşları tərəfindən rədd edilməsi konkret halda sərgilənməkdədir. Məsələn, hələ bir neçə ay öncə, partiya sədrinin təşkilatdaxili imtahan keçirmək cəhdləri, sonradan daha bir neçə bu kimi imitasiyalar etməsi, onun siyasi manipulyasiya sərgilədiyini üzə çıxardı.

Əslində, bütün bunların heç bir səmərə verməyəcəyini gözəl analayan İ.Ağazadə belə addımları fonunda aktiv partiya sədri imicini formalaşdırmaq istəyirdi, lakin bu, onda heç cür alınmırdı. Hətta parlamentdə deputat yeri qazandıqdan sonra, bu siyasi oyunbazlıqlar onun köməyinə çatmadı. Eləcə də, "Ümid" partiyasında keçən ilin sonlarından başlayan müavin və funksioner istefaları ağır vəziyyəti bir az da gərginləşdirdi. Bundan sonra, İ.Ağazadənin rəhbərlik etdiyi siyasi qurumda "ciddi islahatlar" aparması onu daha da gülünc durumla qarşı-qarşıya qoydu. Hətta bir vaxtlar ADP sədri Sərdar Cəlaloğlu ilə qurduğu "manevr" kampaniyaları da İ.Ağazadənin köməyinə çata bilmədi. Artıq "Ümid" sədri həm partiya daxilində, həm də müxalifət kuluarlarında tək qaldı desək, qətiyyən yanılmarıq. Belə ki, vaxtilə, deputat seçiləcəyi təqdirdə, öz mandatından istifadə edərək, bütün variantlarda müxalifət düşərgəsinin "xeyirinə" işləyəcəyini vəd edən İ.Ağazadə heç özünə doğru-dürüst yardım etmək iqtidarında deyil.

Azsaylı tərəfdarlarını daha hansı üsulla aldadacağını düşünən İ.Ağazadə bəyan edib ki, "Ümid" partiyası daxili siyasətində fasilə verəcək və xaricdə fəaliyyət göstərən müxalifət partiyaları ilə müxtəlif sazişlər imzalayacaq, yəni daha dəqiq desək, "beynəlxalq" fəaliyyət göstərəcək. Bu, nə qədər gülünc alınsa da, heç bir məntiqə sığmayan amil kimi dəyərləndirilməkdədir. Məsələn, adının açıqlanmasını istəməyən "Ümid" partiyasının səlahiyyətlisi bildirib ki, "hərgah ki, bir siyasi təşkilat sədri öz partiyasını daxildən idarə etmək iqtidarında deyilsə, onun xarici fəaliyyəti yalnız biabırçılıqdan ibarət olacaq..."

Artıq İ.Ağzadənin siyasi manipulyasiyaları onun siyasi fəaliyyətini deyil, siyasi ikiüzlülüyünü və siyasi məğlubiyyətini sərgiləyir. Bu isə, həm də bütövlükdə, "Ümid" partiyasının tarixin arxivinə gömülməsi anlamını daşıyan amillərdəndir.

R.Kamalqızı

Digər xəbərlər