Vüqar Rəhimzadəyə
Hörmətli Vüqar müəllim!
Azərbaycanın şərəfli mətbuat tarixinin ayrılmaz hissəsi olan "İki sahil" qəzetinin 20 yaşı tamam olur. Ölkədə ictimai fikrin obyektiv əsaslarla formalaşmasında böyük xidmətləri olan "İki sahil" qəzeti müstəqil Azərbaycan mətbuatının formalaşmasında və inkişafında özünəməxsus rol oynayıb. "İki sahil" qəzeti, həmçinin, Azərbaycan cəmiyyətində siyasi fikrin, siyasi plüralizmin bərpa olunmasında böyük xidmətlər göstərmişdir.
Müstəqil Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salanda, bu tarixi yaradan kütləvi informasiya vasitələri sırasında ilk yada düşənlərdən biri də "İki sahil" qəzetidir. "İki sahil" yarandığı çətin dövrdən başlayaraq, bu vaxta kimi öz prinsipləri olan, getdiyi yoldan bir addım belə sapmayan mübariz qəzetdir. Elə ilk saylarından başlayaraq Azərbaycan amalı yolunda vuruşan, ölkəmizdə vətəndaş cəmiyyətinin və fikir plüralizminin tərəqqisində öz töhfələrini əsirgəməyən qəzet indi də hamımızın sevimlisidir. "İki sahil"in inkişaf yolu heç də hamar olmayıb: düz sözü dediyinə, sarsılmaz mövqeyinə görə bu qəzetin mübariz əməkdaşları təqiblərə də məruz qalıb, azad sözün carçıları olan əməkdaşları səriştəsiz hakimiyyətlər tərəfindən sıxışdırılıb, incidilib. Amma dövrün ziddiyyətləri, subyektiv çətinlikləri bu qəzeti yolundan döndərməyib, çünki onlar bu yolun müstəqil Azərbaycanın nicatı olduğuna, ölkəmizin davamlı inkişafına yönəldiyinə əmin idilər. Bu yol Ulu Öndər Heydər Əliyev yoludur. Çoxlarının Ümummilli Liderin adını çəkməyə belə qorxduğu dönəmlərdə "İki sahil" Heydər Əliyev siyasi kursunu heç kimdən çəkinmədən təbliğ edirdi. Ulu Öndərimiz dəfələrlə "İki sahil" qəzetinin xidmətlərini yüksək qiymətləndirib. "İki sahil" qəzeti cəmiyyətimizin aynasıdır, bu aynanın keşiyində duran insanlar həm nümunəvi jurnalist, həm də əqidə sahibidirlər. Bu qəzetdə layiqli insanlar, əsl peşəkarlar çalışır.
Qəzetin 20 illik yubileyi münasibəti ilə baş redaktor Vüqar Rəhimzadəni və kollektivi səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram.