Türkiyənin bir sıra aparıcı qəzetlərinin nümayəndələri ölkəmizdə səfərdədir. Heyətə qardaş ölkənin yüksək tirajlı mətbu orqanlarından "Zaman", "Odays Zaman", "Hürriyyət" "Hürriyyət News", "Star" və "Radikal" qəzetlərinin təmsilçiləri daxildir. Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilən səfərdə məqsəd Azərbaycanın tarixi, mədəniyyəti, çağdaş siyasəti, iqtisadi potensialı, Dağlıq Qarabağ problemi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha ətraflı şəkildə təqdim olunmasında qardaş ölkə mediası ilə daha sıx əməkdaşlığı təşviq etməkdir.
İyulun 22-dək davam edəcək səfər çərçivəsində türkiyəli jurnalistlərin ölkəmizin dövlət və hökumət qurumlarında görüşləri də nəzərdə tutulub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türkiyəli jurnalistlərlə görüşüb. Nazir Azərbaycan-Türkiyə tərəfdaşlığının güclənməsində medianın mühüm rolunu vurğuladı. Qeyd olundu ki, ölkəmizin tarix və mədəniyyətinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya doğru-düzgün çatdırılmasında kütləvi informasiya vasitələrinin fəaliyyəti böyük önəm kəsb edir. Azərbaycanın regionda ən inkişaf etmiş ölkə olduğunu qeyd edən nazir Azərbaycan-Türkiyə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin genişlənməsindən söhbət açıb. Xüsusilə, ölkəmizdə turizmin inkişafına türkiyəli mütəxəssislərin mühüm töhfə verdiyini vurğulayıb: "Bu yaxınlarda Bakıda Türkiyənin aparıcı turizm qurumlarının rəhbərləri ilə görüş keçirildi. Azərbaycanda turizm sisteminin təkmilləşməsində Türkiyənin rolunu yüksək qiymətləndiririk. Hazırda ölkəmizdə hotel sahəsində çoxlu sayda türkiyəli mütəxəssis çalışır".
Nazir Azərbaycanda dünya miqyaslı mədəniyyət tədbirlərinin həyata keçirilməsinə böyük önəm verildiyini deyib. Bu ilin martında Bakıda keçirilən Beynəlxalq Muğam Festivalı, apreldə gerçəkləşən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, hazırda Qəbələ şəhərində keçirilən III Beynəlxalq Musiqi Festivalı və digər irimiqyaslı tədbirlər barədə türkiyəli jurnalistlərə məlumat verildi.
Daha sonra nazir Ermənistanın ölkəmizə hərbi təcavüzdən danışaraq, bu təcavüzün Azərbaycanın mədəniyyətinə, incəsənətinə də qarşı yönəldiyini qeyd edi,. Ermənilərin milli musiqimizi, tarixi abidələrimizi, hətta milli yeməklərimizi öz adlarına çıxmağa çalışdıqlarını nəzərə çatdırıb.
Türkiyəli jurnalistlər erməni təcavüzünə məruz qalmış tarixi abidələrimizin vəziyyəti barədə bilgi alıblar. Qardaş ölkənin media təmsilçiləri, həmçinin, Azərbaycana gələn turistlərin sayı, turizm sektorunda gedən proseslər, həmçinin, 2012-ci ildə Bakıda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsinə hazırlıqla bağlı görülən işlərlə maraqlanıblar.