Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ermənilərin Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları ilə çıxış etməsi zəmnində başlandı. 1994-cü ildə münaqişə tərəfləri arasında atəşkəs rejminə dair anlaşma əldə olunsa da, mənfur ermənilər bu razılaşmanı, demək olar ki, hər gün pozurlar.
Bu gün tarixi abidələrimizi dağıdıb yerlə-yeksan edən təcavüzkar Ermənistanın özündə özbaşınalıq, rüşvətxorluq, xaos, anarxiya baş alıb gedir. İqtidarla müxalifətin qarşıdurması ölkə əhalisini psixoloji cəhətdən çox gərgin duruma salıb. Ağır və böhranlı vəziyyət əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olub. Bütün bunlar azmış kimi, çox "peşəkar" şəkildə narkotik alveri ilə də məşğul olmağa vaxt ayırırlar. İşğal etdikləri Azərbaycan ərazilərini nəinki darmadağın ediblər, hətta orada qeyri-qanuni şəkildə narkotik vasitələr əkib-becərirlər. Təbii ki, bunun vasitəsilə həm istədikləri məbləği qazanır, həm də "nəşələnirlər".
AVP sədri, millət vəkili, Fəzail Ağamalı qəzetimizə açıqlamasında vurğuladı ki, bu gün Ermənistan prezidenti Serj Sarkisyanın işğalçılıq siyasəti yürütməsi bu ölkəni daha da zəiflədib, ağır duruma salıb: "S. Sarkisyan rejiminin devrilməsi bu gün bir çox ermənilər üçün ən önəmli və prioritet məsələlərdən biridir. Çünki erməni milləti də bilir ki, Sarkisyan onları uğurlu, təminatlı gələcəyə aparmayacaq. Demək olar ki, artıq Sarkisyan rejiminin son akkordları çalınır. Həm müxalifət tərəfdarları, həm də əhali, birmənalı olaraq, Serj Sarkisyan rejminin devrilməsinin tərəfdarıdır. Siyasət arenasına təsadüf nəticəsində gəlmiş bu "prezident"in əsas qayəsi, sadəcə olaraq, "prezident"lik kürsüsündə oturmaq və bu adı, imici qoruyub saxlamaqdan ibarətdir."
Millət vəkilinin sözlərinə görə, Ermənistanın iflasa uğraması qətiyyən S.Sarkisyanı maraqlandırmır. Rusiyanın və digər ölkələrin forpostu olan Ermənistan hətta məlum ölkələrin icazəsi olmadan hansısa siyasi proseslərə qatıla bilməz. Sarkisyan yalnız soyqırımı həyata keçirməyi, qətliamlar törətməyi, körpə uşaqları qətlə yetirməyi bacarır. 9 yaşlı Fariz Bədəlovun və 13 yaşlı Aygün Şahmalıyevanın terror nəticəsində qətlə yetirilmələri Sarkisyan siyasətinin tərkib hissəsidir.
F.Ağamalı bildirdi ki, Xocalıda 63 günahsız uşağı, sonra 9 yaşlı F.Bədəlovu, daha sonra 13 yaşlı A. Şahmalıyevanı qətlə yetirmək sanki terrorçu Sarkisyana zövq verir. Axı kim zəmanət verə bilər ki, erməni snayperinin növbəti hədəfi yenə də hansısa azyaşlı körpə və yaxud da mülki vətəndaş olmayacaq? Buna ATƏT-in Minsk Qrupunun "fəal" vasitəçilərimi təminat verəcək? Neçə illərdir ki, irəliləyişə nail olmayıblar, yaxud da nail olmaq istəməyiblər, hətta yeri gələndə Sarkisyan mövqeyindən çıxış ediblər.
Millət vəkili əlavə etdi ki, Ermənistanın bu cür ikili oyunlarını, təxribat xarakterli əməllərini görən beynəlxalq aləm buna göz yumur. Çox maraqlıdır ki, beynəlxalq aləm ərəb dünyasında və digər ölkələrdə baş verən bütün hadisələri olduqca dəqiq formada izləyirlər. Liviya ilə bağlı qətnamə qəbul ediləndən dərhal sonra NATO qüvvələri bu ölkəyə qarşı səfərbər oldu. Liviya ilə bağlı qətnaməyə belə tez bir zamanda ciddi reaksiya və problemin həlli üçün çox az vaxt verildi. Bu hadisə isə, bütün dünyanın gözü qarşısında baş verdi. Amma Azərbaycan dövləti ilə bağlı olan qətnamələrin nə az- nə çox, düz 20 ildir ki, icrası həyata keçirilmir. Deməli, beynəlxalq təşkilatlara üzv olan bütün aparıcı dövlətlər öz ənənəvi təsir dairələrində olan ölkələri itirmək istəmədikləri üçün bu məsələyə bu cür münasibət bəsləyirlər. Boş yerə deyilmir ki, bu gün dünyanı maraqlar idarə edir. Hər hansı bir beynəlxalq quruma özünü təsdiq etmək üçün ən çoxu 2 il zaman kifayət edir. Bu müddət ərzində beynəlxalq qurum özünün ortaya qoyduğu mövqeyini bütün dünyaya çatdıra bilər. 20 ildir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona gəlib-getmələri, dəyişməz mövqelər onu göstərir ki, vasitəçilər bu günə qədər öz fəaliyyətini, bir addım da olsun, irəliyə aparmayıblar.
Dünya birliyi Azərbaycana qarşı bu dərəcədə laqeyd yanaşmasına son qoymalıdır deyə millət vəkili bildirdi. Axı nəyə görə heç bir qətliama, soyqrımına imza atmayan, günahsız körpələrin qətlə yetirilməsinə əmr verməyən Azərbaycanın haqqı tapdanmalıdır? Bu gün cəbhə bölgəsində baş verən atışmalar, təcavüzkar Ermənistanın Azərbaycana qarşı təxribatçı addımları, 9 və 13 yaşlı azərbaycanlı uşağın ölümü məgər bunlar beynəlxalq birliyə bir xəbərdarlıq mesajı deyilmi? Dünyada baş verən bütün bu proseslər onu göstərir ki, siyasətdə çeviklik, obyektivlik mövqeyində çıxış etmək lazımdır. Münaqişə dondurulmuş və yaxud alovlanan vəziyyətdə davam etməməlidir. Təsadüfi deyil ki, Azərbaycanda keçirilən o böyük forumların, konfransların əsas məqsədi, qayəsi dünyaya bir daha bəyan etməkdir ki, problemin həllinin yeganə yolu məhz insanların, dövlətlərin, dövlət başçılarının, beynəlxalq qurumların bir araya gəlməsidir. Bütün hallarda Azərbaycan öz haqlı mövqeyini sonadək müdafiə edəcək və nəhayət ki, bir gün Xankəndində Azərbaycanın möhtəşəm bayrağının dalğalanmasına nail olacaq.
AYLANA RZAYEVA