Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) təşəbbüsü və təşkilatçılığı ilə "Erməni təcavüzü və insanlığın sosial-iqtisadi fəlakətləri" mövzusunda dəyirmi masa keçirildi.
Milli Məclisin deputatlarının, siyasi partiya təmsilçilərinin, Azərbaycanda fəaliyyət göstərən səfirlik əməkdaşlarının və digər beynəlxalq təşkilatların, həmçinin, qeyri-hökumət təşkilatlarının, ictimai-siyasi nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ASRP sədri, millət vəkili, Xanhüseyn Kazımlı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi böyük siyasətin uğurla davam etdirilməsi yönündəki proqram fəaliyyətin dünya ölkələrinin ən mütərəqqi adamlarının diqqətinə çatdırılması istiqamətində silsilə tədbirlərin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirildiyini bildirdi. Daha sonra X.Kazımlı azərbaycanlılara qarşı erməni riyakarlığının uzun illərdən bəri zamanın hər dövründə olduğu kimi bu gün də davam etdiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bir il bundan öncə Azərbaycan Sosial Rifah Partiyasının təşkilatçılığı ilə yaradılan "Avrasiya ölkələri üzrə Beynəlxalq mətbuat və informasiya həmrəyliyi mərkəzinin Avropanın və Asiyanın bir çox ölkələrində nailiyyətlərini yüksək qiymətləndirdi. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mərkəzin fəaliyyətinin önəmli olduğunu xüsusi qeyd etdi. Ə.Amaşov bildirdi ki, bir illik fəaliyyəti olan bu mərkəzin yaradılmasında əsas məqsəd dünyanın ayrı-ayrı ölkələrində baş verən hadisələrin və tarixi həqiqətlərin başqa ölkənin həmin qurumda təmsil olunan yerli müəlliflərinin imzası ilə mətbuat səhifələrinə çıxarılmasından, radio və televiziya dalğalarında səsləndirilməsindən ibarətdir.
Keçirilən tədbirdə respublika rəhbərliyi tərəfindən milli mətbuatımızın dünəninə, bugününə və gələcəyinə göstərilən diqqət və qayğılar xüsusi vurğulandı. Qeyd edildi ki, xalqımız Zərdabi irsinə tez-tez müraciət edir, onun adı və amalı ilə bağlı ardıcıl tədbirlər keçirir. Çıxış edənlər Həsən Bəy Zərdabinin "Bədəni salamat saxlamaq düsturüləməli", "Təbiət və insan", "Əkinçi" adlı kitablarının yenidən işıq üzü görməsində millət vəkili Xanhüseyn Kazımlının gördüyü işləri, onun milli mətbuatımıza olan doğma münasibəti kimi dəyərləndirdilər. Eyni zamanda, hər üç kitaba X.Kazımlı tərəfindən yazılan geniş məzmunlu ön (giriş) sözü, Həsən Bəy Zərdabinin həyat və yaradıcılığını daha geniş əks etdirməsi konfrans iştirakçıları tərəfindən diqqətə gətirildi.
Konfransın sonunda Azərbaycanın İrəvan xanlığı, Zəngəzur mahalına məxsus olan tarixi torpaqları üzərində qurulmuş erməni dövlətinin XIX-XX əsrlərdə də, digər Azərbaycan ərazilərinin işğalı, BMT-nin bu istiqamətdəki məlum 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməməsi barədə səlahiyyətli beynəlxalq təşkilatlara bəyanat qəbul edildi.
R.RƏSULOV