Dünən Səbail rayon icra hakimiyyətində milli mətbuatımızın 136-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Çoxsaylı mətbuat nümayəndələrinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, 136 illiyini qeyd etdiyimiz Azərbaycan Milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Tarixə ekskurs edən icra hakimiyyətinin başçısı A.Əsgərov onu da vurğuladı ki, mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
Səbail rayon icra hakimiyyətinin başçısı söylədi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb: "KİV-lərin fəaliyyətini tənzimləyən qanuvericilik bazası formalaşıb, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. Ölkə Prezidentinin müvafiq Fərmanı ilə senzura ləğv edilib, qəzetlərin nəşriyyata olan borcları əvvəlcə dondurulub, sonradan birdəfəlik ləğv edilib".
A.Əsgərov onu da söylədi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Natiq dövlətimizin başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün də hər cür şəraitin yaradıldığını vurğuladı.
Səbail rayon icra hakimiyyətinin başçısı, həmçinin, onu da bildirdi ki, "Eurovision" Mahnı Müsabiqəsi başlayanadək Bakının Səbail rayonu ərazisində fantastik layihələr gerçəkləşəcək. O, rayon ərazisində maraqlı layihələrin gerçəkləşdirildiyini, o cümlədən, yol çəkilişlərinin aparıldığını da bildirdi: "Müsabiqə başlanan vaxtadək Milli Park Dövlət Bayrağı Meydanına qədər uzadılacaq".
A.Əsgərov bu layihələrlə Azərbaycan Prezidentinin şəxsən maraqlandığını bildirdi və onu da söylədi ki, rayon ərazisindəki "Alov qüllələri" ("The Flame Towers") kompleksinin, "Four Seasons", "Hilton" və "Mariot" otellərinin tikintisi ilin sonunadək yekunlaşacaq.
Daha sonra icra hakimiyyətinin başçısı "İki sahil" qəzetinin 20 illik yubileyi ilə əlaqədar qəzetin redaksiya heyətinə təbriklərini çatdırıb.
Tədbirdə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatımızın 136 il ərzində keçdiyi keşməkəşli və şərəfli yola nəzər salaraq, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin medianın inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışdı. V.Səfərli onu da vurğuladı ki, Azərbaycan Milli mətbuatının bünövrəsi 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən təsis edilmiş "Əkinçi" qəzetinin nəşrə başlaması ilə qoyulub: "Lakin onun ömrü çox olmayıb, ikiillik fəaliyyəti dövründə qəzetin cəmi 56 nömrəsi çıxıb. Ancaq bu iki ildə qəzet ictimaiyyət arasında tanınıb və böyük nüfuz qazanıb. "Əkinçi" qəzeti maliyyə çətinliyi ucbatından nəşrini dayandırmasına baxmayaraq, onun ideyaları həmişə yaşayıb, səpdiyi toxumlar cücərib. Məhz o ideyalarla Azərbaycanda yeni-yeni nəşrlər yaranmağa başlayıb".
V.Səfərlinin sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda Milli mətbuatın inkişafı və formalaşmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olub: "Ümummilli Lider mətbuatın problemlərini yaxından öyrənmək məqsədi ilə müntəzəm olaraq KİV rəhbərləri ilə görüşlər keçirib və problemlərin aradan qaldırılması üçün lazımi göstərişlər verib. Söz və fikir azadlığını təmin etmək məqsədi ilə 1998-ci ildə Ulu Öndər tərəfindən mətbuat üzərindən senzura götürülüb. "Azərbaycan" nəşriyyatına olan borclar müəyyən müddətə dondurulub və sonralar Prezident İlham Əliyev tərəfindən ləğv edilib".
V.Səfərli mətbuatımızın keçdiyi 136 illik yolu 3 mərhələyə ayıraraq, hər bir mərhələnin özünəməxsus cəhətlərini təhlil etdi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbindən sonra ikinci dəfə hakimiyyətə gəlməsi ilə milli mətbuatımızın dirçəldiyini, ona yeni nəfəs verildiyini bildirən icraçı direktor qeyd etdi ki, bu gün Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. O, vurğuladı ki, Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyəsi ilə KİV haqqında qanun təkmilləşdirildi və Azərbaycan Mətbuat Şurası yaradıldı: "Bu yöndə işlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2005-ci ildə dövlət başçısı tərəfindən "Əməkdar jurnalist" adı bərpa edilib və bir qrup jurnalist bu fəxri ada layiq görülüb. Milli mətbuatın inkişafına yardım məqsədi ilə 2008-ci ilin iyulunda "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edildi. Onun əsasında ölkə başçısının 2009-cu il 3 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı".
V.Səfərli Azərbaycan paytaxtında jurnalistlər üçün tikiləcək binanın layihəsi ilə bağlı məsələyə də aydınlıq gətirdi. Onun sözlərinə görə, binanın layihəsi bir neçə dəfə dəyişdirilib: "Sonda binanın 18 mərtəbəli, 2 bloklu, 154 mənzilli olması qərara alınıb. Binada 2 mərtəbəli qaraj, Mətbuat Klubu kimi qeyri-yaşayış sahələrinin olması da nəzərdə tutulub".
Tədbirdə çıxış edən "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə 136 yaşlı mətbuatımızın ildönümü münasibəti ilə toplantı iştirakçılarını təbrik etdi, onlara şərəfli peşələrində uğurlar arzuladı. Mətbuatımızın keçdiyi yolu təhlil edən baş redaktor V.Rəhimzadə Ulu Öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğısından, Onun layiqli davamçısı Prezident İlham Əliyevin, hər sahədə olduğu kimi, mətbuat işçilərinə də diqqət və qayğısını əsirgəmədiyindən, jurnalistlərin sosial problemlərinin həll edilməsi istiqamətində atdığı addımlardan, imzaladığı sərəncamlardan danışdı və dövlət başçısına bütün mətbuat nümayəndələri adından minnətdarlığını bildirdi.
V.Rəhimzadə vurğuladı ki, Azərbaycan mətbuatı yarandığı gündən bu günə kimi böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu inkişaf yolunda öz milli ənənələrini formalaşdırıb və mətbuat cəmiyyət qarşısında özünün təqdim etdiyi jurnalistlər, ziyalılar vasitəsilə müəyyən missiyaları üzərinə götürüb, şərəflə həmin missiyaları reallığa çevirib: "Arzu edirəm ki, hər bir jurnalist dövlətimizin inkişafı və xalqımızın rifahı naminə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsin. Hər bir jurnalist öz vicdanına, qələminə söykənərək, haqqın, ədalətin carçısına çevrilməlidir".
Görüşdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq, Azərbaycanın müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində böyük inkişaf yolu keçdiyini vurğuladı. Dövlətin mətbuatın inkişafına diqqət və qayğısından geniş bəhs edən H.Babaoğlu bildirdi ki, mütəmadi olaraq, bu istiqamətdə mühüm addımlar atılır: "Mətbuatımızın daha da inkişaf etdirilməsi dövlətin siyasətinin əsasında dayanır. Bu gün Azərbaycan dövləti, xalqı həyatının çox önəmli bir mərhələsini yaşayır. Ölkəmiz iqtisadi inkişaf yolunda inamla irəliləyir. Həyatımızın bütün sferaları dinamik inkişaf edir. Azərbaycanın sürətli inkişafı ölkə vətəndaşlarının hər birinin həyatında özünü qabarıq göstərir. Bugünkü Azərbaycan bir neçə il əvvəlki Azərbaycandan, sözün əsil mənasında, bir neçə parametrləri ilə fərqlənir. Azərbaycanda inkişafla yanaşı, müasirləşmə, yeniləşmə prosesi uğurla həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi bu siyasətin uğurlarını respublikamızın hər bölgəsində müşahidə etmək mümkündür. Bütün bunlar Azərbaycanın reallıqlarıdır".
Tədbirin sonunda Səbail rayon icra hakimiyyətinin foyesində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkdirildi.
R.KAMALQIZI