PDF Oxu

Sosial

  • 33

YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”ndə bu il 600-dən yuxarı gənc iştirak edib

YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”ndə bu il 600-dən yuxarı gənc iştirak edib

"Yeni Azərbaycan Partiyası (YAP) gənclərin asudə vaxtının təşkili üçün müxtəlif layihələr həyata keçirir. Bizim həyata keçirdiyimiz layihələrin ana xəttini gənclərə diqqət və qayğı göstərməkdən ibarətdir". Bunu SİA-ya açıqlamasında YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu gün Azərbaycan gəncliyi prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində böyük dəstəyə malik olub. Onun sözlərinə görə, prezidentin imzaladığı "2011-2015-ci illərdə Azərbaycan Gəncliyi" Dövlət Proqramı bu gün həyata keçirilməkdədir və bu proqram müxtəlif sahələri özündə əks etdirir. Partiyanın 541 min nəfər üzvünün olduğunu deyən M.Qurbanlı vurğulayıb ki, onların 45%-ə qədəri gənclərdən ibarətdir.

"Bu gənclərin sırasında yüksək təhsil görən, müxtəlif sahələrdə çalışan mütəxəssislər, tələbələr vardır. Yeni Azərbaycan Partiyasının gəncləri üçün təşkil edilən layihələrdə partiyanın ən fəal gəncləri iştirak edirlər. Bu təklifləri rayon gənclər təşkilatlarının üzvləri irəli sürür ki, onlar da bu və ya digər sahədə uğur qazanan gənclərdir. Biz bu gənclərin asudə vaxtının səmərəli keçməsi üçün layihələr həyata keçirirk. 3 ildən yuxarıdır ki, biz "Yay məktəbi" layihəsini həyata keçirməkdəyik. Eyni zamanda, qışda da "Qış məktəbi" sistemi fəaliyyət göstərəcək. Digər vaxtlarda da gəncləri ayrı-ayrı ölkələrə ezam edirik, kurslar təşkil edir, siyasi diskusiyalar aparır, həmçinin gənclər bu və ya digər işlərə cəlb olunur, müxtəlif layihələr keçirir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bu layihələrin həyata keçirilməsinə dəstək verir. YAP Gənclər Birliyinin rəhbərliyində olan gənclər də ölkənin ictimai-siyasi həyatında özünü təsdiq edən və böyük fəallıq nümayiş etdirən gənclərdir. YAP Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi"ndə bu il 600-dən yuxarı gənc iştirak edib. Artıq "Yay məktəbi"nin 3-cü mərhələsinə qədəm qoymuşuq. "Yay məktəbi"ndə Lerik, Qəbələ və Oğuza hər dəfə 50-55 nəfər olmaqla qruplar göndərilir və onlar 5 gün həmin ərazidə istirahət edir, eyni zamanda, tanınmış şəxslərin iştirakı ilə müxtəlif diskusiya və dəyirmi masalarda iştirak edirlər. Gənclərimiz həmçinin, sosial şəbəkələrdə "Yay məktəbi" ilə əlaqədar geniş proqramlar ortaya qoyur, digər gənclərlə müxtəlif diskusiyalar aparırlar. "Yay məktəbi"nin bu günlərdə III qrupları yola düşəcək. İyulun sonu-avqustun əvvəllərində bu məktəblər öz fəaliyyətini yekunlaşdıracaq. Növbəti mərhələdə isə qışda baş tutacaq və gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı proqramlar həyata keçirəcəyik. Xüsusi təşkil olunan kurslarda gənclər liderlik məktəbi, qlobal məkanda gedən proseslərlə əlaqədar dinləmələr keçirəcəklər. Yay məktəbləri gəncləri bir-birini tanıması, partiya üzvü olan gənclər arasında əlaqələrin daha da sıxlaşması, həmçinin təcrübənin öyrənilməsi baxımından əhəmiyyətlidir. Bu yay məktəblərində respublikanın bütün rayonlarından olan gənclər iştirak edir. Ona görə də yay məktəbləri təkcə Bakı şəhərindən olan gənclər üçün deyil, bütövlükdə Naxçıvan da daxil olmaqla ölkənin coğrafiyasını əhatə edən bir proqramdır. Gənclərin təşəbbüsü ilə olan digər layihələri də bundan sonra həyata keçirəcəyik", - deyə o əlavə edib.

Digər xəbərlər