13 yaşlı Aygün Şahmalıyevanı qətlə yetirməklə terrorçu Ermənistan bir daha öz iç dünyasını göstərmiş oldu. Erməni terroru nəticəsində qətlə yetirilmiş Fariz Bədəlov, Aygün Şahmalıyeva və bir çox körpələrimiz əli silahlı əsgər deyildir. Erməni vandalizmi, vəhşiliyi hələ də susmaq bilmir. Axı, beynəlxalq qanunlar, norma və prinsiplər mülki şəxslərin, ən önəmlisi, körpə uşaqların qətlə yetirilməsinə kəskin şəkildə etiraz edir. Ermənilər hətta Azərbaycanın körpə uşağından belə qorxurlar. Özlərinə sanki bir rəqib bilirlər. Bu gün minbir vəhşiliyə, qətliama, soyqırıma imza atan, günahsız körpələrin qətlinə əmr verən terrorçu Ermənistan bu gün, baxın görün, hansı səfalət, rəzillik içərisində yaşayır. Böhran işğalçı dövlətdə bütün sferalarda özünü göstərməkdədir. İqtisadiyyatı iflic vəziyyətdədir, sosial durumu olduqca ağırdır. Təbii ki, bütün bu proseslər insanların psixoloji durumuna da çox ciddi təsir göstərir. Artıq ölkədə cinayətkarlığın, narkobaronların da sayı getdikcə artmaqdadır. Erməni əhalisi isə, bu cür ağır, sarsıdıcı vəziyyətdən çıxış yolunu bir çox hallarda xaricə miqrasiyada görür.
Politoloq Elman Nəsirov qəzetimizə açıqlamasında bütün bu proseslərin təsiri altında Ermənistanda iqtidarın özündə də parçalanma müşahidə edildiyini vurğuladı: " Bu gün Ermənistanda mərkəzdənqaçma qüvvələri formalaşıb və həmin qüvvələr çox böyük maliyyə imkanlarına malikdirlər. Bu imkanlar vəsaitlər isə, korrupsiya, rüşvətxorluq, narkotik yolu ilə qazanılıb və həmin qüvvələr də Serj Sarkisyan rejimindən uzaqlaşıb neytral vəziyyətdə qalmırlar. Həmin qüvvələr, demək olar ki, müxalifətin sıralarını genişləndirirlər. Terrorun beşiyi olan Ermənistanın nə müxalifət, nə də iqtidar "siyasətçi"ləri arasında qətiyyən bəlli bir mövqe yoxdur".
E. Nəsirov belə bir vəziyyətdə S.Sarkisyan rejiminin isterik bəyanatlar verməsinin normal hal olduğunu vurğuladı: " Bu gün işğalçı Ermənistan çox çıxılmaz bir dönəm yaşayır. Ona görə də, Ermənistan prezidenti Serj Sarkisyan psixoloji gərginliyin təzyiq və təsiri altına düşdüyündən bu cür isterik, mənasız, heç özü də anlamadığı bəyanatlar verir. Məlum məsələdir ki, Sarkisyan və onun komandası tərəfindən verilən sərsəm bəyanatlar daha çox daxili auditoriyanın inqilabi ruhunu söndürməyə hesablanıb. Dağlıq Qarabağ probleminə münasibətdə Sarkisyan rejimi kəskin bəyanatlar verməyə məhkumdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunanadək Sarkisyanın bu məhkumluğu davam edəcək.
Politoloqun da söylədiyi kimi, Ermənistanda S. Sarkisyan, E. Nalbandyan, kimi təcrübəsiz, bacarığı olmayan siyasətçilər çoxdur. Ona görə də, bu gün işğalçı dövlət rəzil vəziyyətindədir. Bu gün erməni siyasətçisi ölkənin inkişafı, uğuru üçün çalışmır, hamısı öz şəxsi maraqlarını, ambisiyalarını təmin edir. Məlum yollarla qazandıqları vəsaiti isə, xarici ölkələrdə narkobiznesin inkişafı naminə xərcləyirlər.
Politoloq qeyd etdi ki, bütün bunlardan çıxış yolu kimi Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllini uzadaraq özünün siyasi məqsədlərini həyata keçirmək istəyir. Çünki məhz Dağlıq Qarabağ münaqişəsinə görə, məlum dövlətlər işğalçı Ermənistana həm maddi, həm də mənəvi dəstəkdir və 20 ilə yaxındır ki, davam edən münaqişənin həllinin uzanmasında maraqlı qüvvələrdir. Sarkisyan da, yuxarıda qeyd edildiyi kimi, bu maraqdan bir növ istifadə edərək Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı işğal altında olan torpaqları qaytarmaq istəmir.
E. Nəsirov təcavüzkar Ermənistana bir çox beynəlxalq təşkilatların ciddi təsir etmədiyini də bildirdi. Qeyd etdi ki, bir çox beynəlxalq qurumlar işğalçılıq siyasətinə görə, Ermənistanı işğalçı dövlət elan ediblər, amma ciddi təzyiq mexanizmləri, rıçaqlar tətbiq etməyiblər. Lakin Azərbaycan bir dövlət olaraq, öz haqlı mövqeyini bütün hallarda müdafiə edəcək və çox tezliklə işğal tapdağında olan torpaqlarımızın qaytarılmasına nail olacaq.
AYLANA RZAYEVA