İyulun 21-də xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti ilə görüşüb. Nazir E.Məmmədyarov Azərbaycanda gedən sürətli inkişaf prosesi və ölkəmizin artan regional rolundan danışıb.
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli prosesinə toxunan nazir, Minsk qrupu həmsədr ölkələrinin liderlərinin bəyanatında qeyd edildiyi kimi, yaranmış vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılmasının zəruriliyini və bunun BMT, Avropa Parlamenti və bir sıra digər beynəlxalq təşkilatların qətnamə və sənədlərində öz əksini tapdığını qonaqların diqqətinə çatdırıb.
AŞPA nümayəndə heyətinin üzvləri mühüm geostrateji mövqeyə malik olan Azərbaycanın enerji sahəsində əməkdaşlıq baxımından Avropa üçün çox mühüm ölkə olduğunu vurğulayıblar. Nümayəndə heyətinin üzvləri Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin ədalətli həllinin tərəfdarı olduqlarını bildiriblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.