PDF Oxu

Sosial

  • 23

Slavyan-türk mədəniyyətinin qovuşduğu ölkə

Slavyan-türk mədəniyyətinin qovuşduğu ölkə

Əvvəli ötən sayımızda


Çox istərdim ki, məhz həmin məqamda həmkarlarımın üzündəki o təəccübü dəyərli oxucularımız da görə biləydilər. Əlbəttə ki, bu cür maraqlı söhbətlərlə biz "Şato" kafesində önümüzdə olan Kiyev-Ukrayna borşunu yeyirdik. (Yeri gəlmişkən, elə "Şato" sözünün özü də türkcədir. Akademik V.V.Bartold yazır ki, qədim çinlilər çöldən axın edən türklərə Şa-to deyirdilər. Bu sözün türkcədə anlamı isə çöldə tikilmiş müvəqqəti evin sakinləri mənasını verir. Elə indi də ruslar və ukraynalılar xüsusi üsulla tikilmiş çadır evciklərə "Şato" deyirlər.) Ukraynalılar borşla yemək üçün bambuşka deyilən xüsusi çörək növü hazırlayırlar və onu bir qədər qurudub borşun içərisinə doğrayaraq yeyirlər. Bu çox ləzzətli olur.


Hər bir rusun dərisini qaşısanız altından tatar qanı axdığını görəcəksiniz


Beləliklə, mən slavyan və türk tarixi, ortaq təmaslarımız haqqında çoxlu sayda misallar gətirdim. Knyaz Trubetskoyun məşhur bir fikrini, həmkarlarıma xatırlatdım. Knyaz Trubetskoy demişdi ki, hər bir rusun dərisini qaşısanız altından tatar qanı axdığını görəcəksiniz. Bu fikir əlbəttə ki, mətbuat nümayəndələrinə Vladimir Putin prezident olarkən Almaniyaya səfəri zamanı səsləndirdiyi fikirdən tanış idi. Ancaq onun müəllifinin kim olduğunu bilmirdilər. Mən nəcabətli knyazı bir növ onlara təqdim etdim, tanıtdım. Onu da bildirmək yerinə düşər ki, Knyaz Trubetskoy Rusiyada o qədər də tanınan ziyalı deyil. Çünki sovet dövründə o inqilabçılar tərəfindən xaricə sürgün olunmuş, əsərləri də qadağan olunmuşdu. Amma son dövrlərdə fikir antologiyası tarixi seriyasında yenidən Rusiyada Knyaz Trubetskoyun əsərləri çap olunmaqdadır.

Mən, eyni zamanda, onun başqa bir fikrini də xatırlatdım. Knyaz Trubetskoy deyirdi ki, biz ruslar hər nə qədər slavyan əcdadlarımızla fəxr ediriksə, bir o qədər də turanlı əcdadlarımızla fəxr etməliyik. Mənim dediyim bu fikirlər Konqresə gəlmiş həmkarlarımda xoş ovqat yaradır və dialoqumuzu daha da səmimi edirdi. Knyaz Trubetskoyun aşağıdakı fikirləri isə həmkarlarımı hər nə qədər məmnun etməsə də, bir o qədər onlarda maraq doğurdu: "Ruslara mərkəzləşmiş dövləti rus-slavyanlar deyil, türk-tatarlar verib. Ruslar mərkəzləşmiş dövlət yaratdıqlarına görə özlərini türk-tatarlara borclu hesab etməlidirlər. 300 illik monqol-tatar əsarəti ruslara mərkəzləşmiş dövlət verib. 100 illik roma-german təsiri isə ruslara 1917-ci ildə dəhşətli qırğınlarla müşahidə olunan inqilab gətirdi. Hər iki şəhadəti müqayisə etsək görəcəyik ki, biz tariximiz, dövlətçiliyimiz üçün daha çox türk-tatarlara borcluyuq". (K.T.)


Rus dilinin və mədəniyyətinin təbliği istiqamətində mühüm addım


Beləliklə, ilkin tanışlıqdan və bu cür dialoqdan sonra Konqres iştirakçıları arasında çox mehriban ünsiyyət yarandı. Məhz bu əhval-ruhiyyə ilə bir gün sonra Konqresin işinə qatıldıq. Onu da deyim ki, Konqresin ruhu da dünyada olan rusdilli mətbuatın, rus dilində nəşr olunan qəzet və jurnalların təmsilçilərinin bir araya gətirilməsindən və bir növ onların yaşadıqları ölkələrdə rus dilini təbliğ etmək, rus mədəniyyətinə bir rəğbət yaratmaqdan ibarət idi.

Konqresdə iştirak edən Ukrayna prezidenti Viktor Yanukoviç çıxışında bu cür tədbirlərin keçirilməsinin dövlətlər, xalqlar arasında münasibətlərin inkişafına, konkret halda isə Rusiya ilə digər ölkələr arasında münasibətlərin istiləşməyə gətirib çıxaracağını bildirdi. Yanukoviçin sözlərinə görə, Ukraynada son dövrlərdə ciddi şəkildə islahatlar aparılır. 2010-cu ildə yeddi istiqamətdə bu cür islahatlar aparılıb. 2011-ci ildə isə 14 istiqamətdə islahatlar aparılacaq. Yanukoviç xüsusi olaraq vurğuladı ki, onun prezidentliyinə qədər Rusiya-Ukrayna münasibətlərində müəyyən soyuqluq olub və bu soyuqluğu aradan qaldırmaq üçün var gücü ilə çalışır.

Onun çıxışından sonra Rusiya Prezidenti Adminstrasiyasının rəhbəri Sergey Narışkin çıxış etdi. Öz çıxışında çox maraqlı məsələlərə toxundu və qeyd etdi ki, rus dilində danışan, beynində rusca düşünən və özünü rusca ifadə etməyi bacaran hər bir şəxs rusdur, rus mədəniyyətinin daşıyıcısıdır. Əlbəttə ki, Sergey Narışkinin bu cəsarətli, amma eyni zamanda, məntiqi və sosial-psixoloji əsası olan fikri ilə mübahisə etməyə dəyməz. Çünki bu doğrudan da, belədir.

Yuxarıda qeyd etdiyimiz kimi, Konqresin məqsədi ayrı-ayrı ölkələrdə rusdilli mətbuatı inkişaf etdirmək, rus diasporasını təşkilatlandırmaqdan ibarət idi. Çünki diaspora da məhz o mətbuat ətrafında təşkilatlanır və Rusiyanın, rus mədəniyyətinin, rus dövlətinin maraqlarını təmin edir. Buna görə də, tədbirə 61 ölkədən 250-dən çox nümayəndə dəvət olunmuşdu. Ancaq çox maraqlı bir nüans vardı. 61 ölkədən gələn 250-dən çox nümayəndənin üçdə ikisindən çoxu qeyri-ruslar idi. Bunların bir qismi yəhudi əsilli rusdillilər, qalan böyük bir qismi isə Rusiyanın və Orta Asiyanın müxtəlif ərazilərindən olan türk kökənli rusdillilər idi. Bu məndə qəribə bir assosiasiya yaratdı. Bir daha bu faktın özü təsdiq etdi ki, Sergey Narışkin nə qədər haqlıdır.

Ona görə də, hesab edirəm ki, rus dövlətçiliyi əldə etdiyi bütün tarixi nailiyyətlərinə görə, nəcabətli knyazın qeyd etdiyi kimi təkcə slavyan etnosuna minnətdar olmamalı, eyni zamanda, rus dilinə, rus mədəniyyətinə, rus ədəbiyyatını sevən insanlara da borclu olmalıdır və onların qiymətini layiqincə verməlidir. Çox sevindirici haldır ki, son dövrlərdə Rusiya Federasiyasının prezidenti və rus dövləti bunu başa düşərək bu istiqamətdə ciddi addımlar atır.


Naharı SSRİ-də etdik


Tədbirimiz çox maraqlı təşkil olunmuşdu və növbəti gün biz Odessaya yola düşdük. Odessa ilə Kiyevin arası təqribən 500 km-dir. 250-ci kilometrdə "SSRİ Salo" adlanan gözəl bir restoranda nahar təşkil olunmuşdu. Və çox qəribədir ki, bu restoranda nahar edən zaman bu adın da kölgəsi altında hər kəs sanki özünü eyni ölkənin vətəndaşı hesab edirdi. Elə bil ki, SSRİ hələ də mövcud idi. Nahar zamanı ayrı-ayrı xalqların dilindən şən, rusdilli nitqlər söylənilir, dostluq, qardaşlıq, birlik şərəfinə sağlıqlar deyilirdi.

Məhz bu cür şən əhval-ruhiyyə ilə də biz Odessa şəhərinə çatdıq. Odessa Qara dənizin sahilində 1 milyondan bir qədər çox əhalisi olan liman şəhəridir. Bu şəhərin çox da qədim tarixi yoxdur.

Sözün doğrusu, şəhərə girər-girməz mən Odessanın tarixi, yazıları və memarlıq üslubu ilə maraqlanmağa başladım. Nəzərdə tutulmuş ekskursiyada bələdçimiz İrina Kremlyova bizə Odessanın tarixi haqqında müəyyən məlumatlar verdi. Bələdçinin verdiyi məlumata görə, Odessanın əsasını qoyan Deribasskaya soyadlı bir ispaniyalı hərbçi olub. Amma sözün doğrusu, bu izah məni qane etmədi və bələdçi ilə bu barədə daha ətraflı danışmağı qərara aldım.


Odessada da türk izi və ya

Deribas kim olub?


Məlum oldu ki, bələdçimiz Odessa Hüquq Akademiyasının dosenti və tarix elmləri namizədidir. Mən soruşdum ki, bəs deribas (dəribas) nə deməkdir və ispan dilində belə söz varmı? Xanım cavab verdi ki, bu sözün izahı yoxdur. Sadəcə olaraq bir soyaddır. O zaman "əgər mən bu sözün mənasını bizim dilimizdə izah etsəm necə olar" sualıma o, "çox yaxşı olar" cavabını verdi.

Dedim ki, dəri bizim dilimizdən tərcümədə "koja" deməkdir, bas isə o dərini emal edən deməkdir. Yəni, dəribas bir peşədir, dəri emal edəndir. Sizin ispan kimi bildiyiniz o şəxs bəlkə türk əsillidir. Bəlkə xristian qıpçaqlardandır. Sözün bizim dilimizdə bu şəkildə, dəqiq izah olunması xanımın xoşuna gəldi. Amma eyni zamanda, sadəcə daxili eqoizmi bunu qəbul etməyə imkan vermirdi. Yenə təkrar etdi ki, o ispaniyalı bir hərbçi olub. Ancaq başqa bir versiya da var ki, o yəhudi imiş. Mənsə təkrar etdim ki, 1415-ci ilədək Odessa tatarlara və xristian qıpçaqlara məxsus yaşayış məskəni olub. Hətta sizin indi Hacıbəy limanı dediyiniz yerin əvvəlki adı Koçubəy limanı olub. Sonradan Osmanlı türkləri buranı 1764-cü ildə işğal etdikdən sonra Koçubəy limanının adını islamlaşdıraraq onu Hacıbəy edirlər. Sonralar isə bura yenidən ruslar tərəfindən işğal edilsə də, Hacıbəy limanı əvvəlki adını yenə də saxlamaqdadır. Deribasskayanın yəhudi olmağına gəlincə isə ola bilər ki, bu şəxs iudizmi (musəviliyi) qəbul etmiş Xəzər türklərindən olsun. Çünki Xəzər xaqanlığının rəsmi dövlət dini iudizm idi. Xəzərlər ərəblərə məğlub olduqdan sonra xaqanlıq çökdü. Xəzər türkləri isə Avropaya səpələndilər. Avropada isə onlar milli-etnik kimlikləri ilə deyil, dini kimlikləri ilə tanındılar. Yəni, hazırda Avropa yəhudiləri kimi tanınan yəhudilərin böyük bir hissəsi musəvi-xəzər türkləridir. Bu izahatıma İrina Kremlyova xeyli maraqla qulaq asdı. Hətta bəzən təsdiqedici hərəkətlər də etdi. Ancaq sonda yenə də ötkəm şəkildə öz fikrini bir daha təkrar edərək bildirdi ki, bizdə elmi dairələrdə ümumiləşmiş fikir belədir ki, Deribasskaya ispandır.

O da bəlli oldu ki, Odessa 1740-cı illərdə Çariça Yekaterinanın vaxtında liman şəhəri kimi formalaşmağa başlayıb. Dəribas soyadlı həmin şəxs orda kiçik bir balıqçı qəsəbəsi qurur və yaşamağa başlayır. Bir müddət sonra Türkiyədən və digər ölkələrdən ora kiçik gəmilərlə gəlib-getməyə başlayırlar. Liman üçün çox uyğun bir yer olduğuna görə orada şəhər formalaşmağa başlayır. Yekaterina öldükdən sonra onun yerinə gələn oğlu Pavel anasına nifrət etdiyi üçün onun gördüyü bütün işləri dayandırır. Ona görə də, Odessa şəhərinin tikilməsi ilə bağlı çar Rusiyasından verilən subsidiyanı dayandırır. Beləliklə, şəhərin tikintisi yarımçıq qalır. Məhz bu zaman Dəribasın daha bir zirək keyfiyyəti ortaya çıxır. Belə ki, o Türkiyə və Yunanıstandan bir gəmi portağal gətirir və onu at arabalarına yükləyərək Sankt-Peterburqa çar Pavelə hədiyyə göndərir. Deyir ki, əgər siz burda şəhərin salınması ilə bağlı maliyyə yardımını dayandırmasanız ən qısa zamanda burda bir gözəl şəhər salacağıq və bu, Rusiya dövlətinin cənub pəncərəsi olacaq. Qara dəniz sahilində Rusiyaya hökmən belə bir liman şəhəri lazımdır. Aldığı hədiyyələrdən və bu məntiqi izahdan sonra Pavel də Odessa şəhərinin tikilməsi üçün büdcədən pul ayırır. Ona görə də, odessalılar bu günə qədər zarafatla deyirlər ki, bu şəhərin əsası rüşvətlə qoyulduğu üçün orada rüşvət alıb-vermək həmişə olub və olacaqdır.

Amma Dəribasın həvəsi bununla da tamamlanmır. Belə ki, o Odessada ilk dəfə ağac əkən şəxs olub. Çünki Odessada su olmadığına görə, yaşıllıq da olmayıb. Ona görə də, bu gün də Dnepr çayından xüsusi kəmərlər vasitəsilə Odessaya içməli su gətirilir.

Dəribas ömrünün axırlarında etiraf edirmiş ki, məni Odessa üçün nəsə etmək ehtirası öldürəcək. Xarakterindəki bütün bu çılğın keyfiyyətləri və mentalitet göstəricilərini təhlil etməklə mən özümdə bir daha əmin oldum ki, Dəribas türk olub. Qoy xanım bələdçimiz nə cür qəbul edirsə etsin...


Bələdçinin sonrakı etirafı...


Yeri gəlmişkən, Bakıya qayıtdıqdan sonra bələdçimiz İrina Kremlyovadan məktub aldım. Hər nə qədər Odessada mənim fikirlərimlə razılaşmasa da, sonradan görünür onların məntiqini qəbul etmək məcburiyyətində qalmışdı: "Sizin dilinizdən çoxlu yeni şeyləri öyrənmək və dərk etmək mənim üçün çox xoş idi (Mne bılo oçen priyatno i poznavatelno uznat mnoqo novoqo iz Vaşix ust )".

Bu İrina xanımın səmimi etirafı idi...!


Odessa hamının şəhəridir


Ümumiyyətlə, Odessada bu gün 131 xalqın nümayəndəsi yaşayır. Bu isə orada insanların bir-birinə mehriban davranmasına və bir-birinə qarşı dözümlü olmasına çox ciddi təsir göstərib. Ona görə də, Odessada heç kəs özünü yad hiss etmir. Bir sözlə, Odessa hamının şəhəridir.

Odessa hələ keçmiş SSRİ zamanından bəri ən varlı şəhərlərdən biri olub. Çünki uzaq ölkələrdən daşınan yüklərin böyük əksəriyyəti Odessa limanı vasitəsilə mənzil başına çatdırılıb. Odessada ən böyük liman Hacıbəy limanıdır. Zaman-zaman bu şəhər Osmanlı türklərinin nəzarətində olub. O dövrdə 1853-1856-cı illərdə olan rus-türk müharibəsi zamanı da Türkiyədən Odessaya ticarət gəmiləri gəlməkdə davam edib. Yəni, o qədər sərbəst bir ticarət zonasıdır ki, hətta müharibə belə o ticarətin qarşısını ala bilməyib.

Odessanın adı barədə maraqlandıqda öyrəndik ki, antik dövrdə Qara dəniz sahillərində Odessius adlı bir şəhər olub. Və Dəribas bu limanın əsasını qoyandan sonra Yekaterinaya məktub göndərir ki, biz qədim Odessius şəhərinin yerində şəhər salmışıq. Əgər istəyirsinizsə, bu şəhərin adını Odessius qoyaq. Ancaq əlbəttə ki, Dəribas səhv edirdi. Çünki antik Odessius şəhəri Qara dənizin şimal sahillərində deyil, qərb sahilləiində yerləşirdi. Amma hər halda belə çıxır ki, Dəribasın dənizdə batmış şəhər haqqında məlumatı olub. Çox maraqlıdır ki, Yekaterina qadın olduğu üçün Odessius sözünü kişi cinsində qəbul etmir. Onu qadın cinsinə çevirərək Odessiya edir və şəhərin adının da Odessa olması barədə xüsusi göstəriş verir..

Digər xəbərlər