Dünən Qaradağ rayon icra hakimiyyətində Azərbaycan milli mətbuatının yaranmasının 136-cı ildönümü münasibətilə jurnalistlərin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə çıxış edən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi. M.Süleymanov bildirdi ki, 136 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub: "Milli mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib".
S.Mikayılov, həmçinin, milli mətbuatımızın keçdiyi yoldan, Ümummilli Lider tərəfindən mətbuat işçilərinə olunan qayğıdan və bu işin davamı kimi ölkə Prezidenti cənab İlham Əliyevin kütləvi informasiya vasitələrinə olan xüsusi diqqətindən söhbət açdı və qarşıda duran vəzifələrdən danışdı: "1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşıb, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. Ölkə Prezidentinin müvafiq Fərmanı ilə senzura ləğv edilib, qəzetlərin nəşriyyata olan borcları əvvəlcə dondurulub, sonradan birdəfəlik ləğv edilib".
Rayon rəhbəri vurğuladı ki, bu gün Azərbaycan öz həyatının, xalqımız isə öz taleyinin çox əhəmiyyətli bir mərhələsini yaşayır: "Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir, müasirləşir. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi bu siyasətin uğurları ölkəmizin bütün sahələrində, o cümlədən, mətbuatda da müşahidə olunmaqdadır. Azərbaycan mətbuatını 10 il əvvəlki dövrlə müqayisə etsək, əhəmiyyətli dərəcədə inkişafın şahidi olarıq. Təbii ki, bütün bunlar Azərbaycan reallıqlarıdır və mətbuatımız bu reallıqları obyektiv, qərəzsiz şəkildə ictimaiyyətə çatdırmalıdır". Azərbaycanda mətbuatın fəaliyyəti üçün bütün şəraitin yaradıldığını söyləyən S.Mikayılov cəmiyyətin demokratik dəyərlər üzərində qurulmasında KİV-in müsbət rol oynadığını vurğuladı. Görüşün sonunda müxtəlif KİV-ləri təmsil edən jurnalistlərə qiymətli hədiyyələr təqdim olundu. "Səs" qəzetinin əməkdaşı da mükafatçılar sırasında oldu.
RƏFİQƏ HÜSEYNOVA