PDF Oxu

Sosial

  • 42

Ermənistan rəsmi olaraq terroru dəstəkləyən respublikadır

Ermənistan rəsmi olaraq terroru dəstəkləyən respublikadır

Bütün dünya terrora, qanlı hadisələrə "yox" desə də, bir sıra dövlətlər aşkar şəkildə terroru dəstəkləməkdə, ondan istifadə etməkdə davam edirlər. Nankor qonşumuz işğalçı Ermənistan da məhz bu yolu tutan terrorçu respublikadır. Erməni xalqının dünyada sayı az olsa da, onun adı ilə bağlı olan terror təşkilatları yüzlərlədir. Bu təşkilatların məqsədi dünyanın müxtəlif yerlərində cinayət törətmək, dinc əhalini qətlə yetirmək, yollarının üstünə çıxanları məhv etməkdən ibarətdir. Erməni terror təşkilatları dəfələrlə Azərbaycan xalqına qarşı qanlı terror aktları törədib. Bunun nəticəsində böyük fəlakətlər baş verib.

Ermənilər yalnız Qarabağ müharibəsi zamanı deyil, atəşkəs dövründə də xalqımızın nümayəndələrini hədəf seçib. Təəssüflər olsun ki, bu terrordan əziyyət çəkənlər sırasında azyaşlı uşaqlar, yeniyetmələr də var. Onlar qəsdən uşaqları öz qurbanlarına çevirir. Uşaqlara qarşı cinayət işlətmək, onları terrora məruz qoymaq vandallıqdır. Uşaqları güllələyən ermənilər isə bunu özlərinə az qala şərəf sayır. Amma anlamırlar ki, bununla dünyanın ən böyük cinayətini edirlər.

Məlumdur ki, onlar uşaqların bir çoxunu qətlə yetirib, müəyyən qədərini əsir götürüb. Atəşkəs dövründə yaşamağımıza baxmayaraq, Azərbaycan uşaqlarına qarşı erməni terroru hələ də davam edir. Onlar nə yolla olursa-olsun, uşaqlarımızın həyatına qəsd edir.

1991-ci ildən başlayaraq ermənilər saysız Azərbaycan uşaqlarını terror hədəfinə götürüb. Ən çox zərər çəkən isə ermənilərlə həmsərhəd kəndlərdə yaşayan ailələrimiz olub. Tovuzda, Qazaxda, Qarabağın əlimizdə olan rayon və kəndlərində yaşayan uşaqlar hər dəqiqəsini erməni əsgərlərinin gülləsinə tuş gəlmək qorxusu altında keçirir. Axı onların həmyaşıdlarının bir neçəsi erməni terrorçularının snayperinə, avtomatına tuş gəlib. Günahsız uşaqlar çöldə qoyun-quzu otardığı yerdə, yaxud gəzib əyləndiyi məqamda terror qurbanı olublar.

Bir neçə gün əvvəl Tovuzun Əlibəyli kəndində 13 yaşlı qız erməni terrorçularının hədəfindən salamat qurtarmayıb. Sankt-Peterburqdan Əlibəyliyə yay tətilinə gələn Şahmalıyeva Aygün Zirəddin qızı qətlə yetirilib, anası isə ağır yaralanıb. Aygün doğma torpağına gəlməmişdi ki, burada erməni terroruna hədəf seçilə. Gəlmişdi ki, doğma torpağını görsün, əzizlərinə qovuşsun. Ermənilər isə heç də "uf" demədən qızın həyatına nöqtə qoydular. Bir neçə ay əvvəl isə Ağdamda 9 yaşlı Fariz Bədəlovu ermənilər güllələdi. Farizin faciəli qətli bütün dünyaya yayıldı, bütün dünyanı sarsıtdı.

Onu da xatırladaq ki, 1994-cü ildə də Tovuzda iki uşaq erməni terroruna tuş gəlib, həyatını itirib, biri isə yaralanıb. Bu hadisənin üstündən illər keçsə də, şahidlər hər şeyi olduğu kimi xatırlayır. O vaxt ermənilər çaya oyuncaq buraxıbmış, uşaqlar da o oyuncağı götürmək istəyərkən partlayış baş vermişdi. Nəticədə iki azyaşlı həlak olmuşdu.

Bakı Dövlət Universiteti Folklor kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Azad Nəbiyev hesab edir ki, ermənilərin uşaqlarımıza qarşı bu cür terror törətməsi dünyanın diqqətini cəlb etməlidir. A.Nəbiyevin sözlərinə görə, erməni terroru nəticəsində həyatını itirən uşaqların məzarlığı bir görk kimi dünyaya təqdim edilməlidir: "Ermənilər uşaqlarımızı qətlə yetirməklə böyük bir cinayətə əl atır. Onların terrorundan Azərbaycan xalqı zaman-zaman əziyyət çəkib. Uşaqlarımızın terror nəticəsində ölməsi isə ürək ağrıdandır. Mən də hesab edirəm ki, bu məzarlıq olsun. Azərbaycana gələn hər kəs erməni vəhşiliyini gözlərilə görsün. Düşünürəm ki, bu, onların bir terrorçu xalq kimi ifşa edilməsi üçün gərəkdir. Bu gün onlar bizim uşaqları terror hədəfinə götürübsə, bunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün bütün Azərbaycan xalqı, ziyalılar həmrəy olmalıdır. O səslərin içinə mən də öz səsimi qatıram. Bütün humanitar təşkilatlardan, uşaqların hüquqlarını qoruyan qurumlardan xahiş edirəm ki, ermənilərin bizim uşaqlara qarşı apardığı amansız terror aktlarının dayandırılmasına kömək etsinlər. Bilirsiniz, ermənilər tərəfindən Qubada qətlə yetirilən insanların sırasında nə qədər uşaq olub? O uşaqların cəsədləri də təklif edilən məzarlığa köçürülsün. Erməni terroru qurbanı olan uşaqların hər biri haqda məlumat verilsin. Ermənilərin bu hərəkəti beynəlxalq qanunlara ziddir. Farizin şəkli İnternet vasitəsilə bütün dünyanı gəzdi, amma buna görə ermənilərə "gözün üstə qaşın var" deyən tapılmadı. Onun ardınca ermənilər Tovuzda da bir qızımızı qətlə yetirdilər. Hər dəfə Azərbaycan dövləti sülh yolu ilə torpaqlarımızın azad olunmasına dair təkliflər irəli sürmək istəyəndə, danışıqlara başlayanda, ermənilər bir uşağımızı öldürürlər. Bununla da beynəlxalq ictimaiyyətin fikrini çaşdırır. Azərbaycan ictimaiyyəti, ziyalılar ermənilərin bu cinayətilə bağlı Beynəlxalq Haaqa Məhkəməsinə müraciət etməlidir. Ermənilər atəşkəs dövründə də ən ağır terror cinayətini uşaqlarımıza qarşı yönəldir. Buna son qoyulmalıdır".

Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı da həmkarının fikirlərinə şərik çıxır. M. Qasımlının dediyinə görə, bu, erməni terrorunun Azərbaycanın soy-kökünü məhv etmək istiqamətində kökləndiyinə bir sübutdur: "Uşaqlarımızın ermənilər tərəfindən öldürülməsi məni çox sarsıtdı. Farizin ardınca Aygünün terror qurbanı olması ermənilərin bizə qarşı amansızlığını bir daha göstərir. Müharibə zamanı uşaqlarımızı öldürüb, başlarına min oyun gətirdilər".


R.RƏSULOV

Digər xəbərlər