PDF Oxu

Sosial

  • 34

Yeni Azərbaycan Partiyasının gənclər layihəsi böyük uğurla davam etdirilir

Yeni Azərbaycan Partiyasının gənclər layihəsi böyük uğurla davam etdirilir

Ölkəmizin və Cənubi Qafqaz regionunun aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası, həmişə olduğu kimi, bu dəfə humanizm yönümlü aksiyalarını böyük uğurla davam etdirir. YAP tərəfindən müxtəlif sahələrdə müxtəlif səpkili layihələrin icrası sayəsində geniş ictimaiyyətin bütün təbəqələri əhatə olunub. Ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfindən həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir, köməkliklər göstərilir.

Cəmiyyət üzvləri də Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirmiş, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdirmişlər. Bütün bunlardan əlavə ölkə gəncliyi, onlara qarşı olan diqqət və qayğı da, YAP-ın humanizm prinsiplərindən kənarda qalmamışdır. Məhz YAP tərəfindən artıq bir neçə ildir ki, böyük uğurla davam etdirilən və bütün ölkəmizin bölgələrindən olan gəncləri əhatə edən "Yay məktəbi" kampaniyası öz fəaliyyətini davam etdirməkdədir. Hər həftə ölkəmizin dilbər guşələrindən olan Oğuz, Qəbələ və Lerik rayonlarına 50 nəfər gəncin iştirakı ilə təşkil olunan ekskursiyalar və orada təşkil olunan digər maraqlı proqramlar gənclərdə böyük marağa səbəb olub. Çünki bu proqramlarda gənclərin asudə vaxtının səmərəli və mənalı təşkili ilə yanaşı, onların ölkəmizin aparıcı ictimai-siyasi xadimləri ilə də görüşləri təşkil olunur. Bu görüşlərdə gənclərlə həm Yeni Azərbaycan Partiyasının aparıcı simaları, millət vəkilləri, ictimaiyyət nümayəndələri həmsöhbət olurlar, həm də onlarla müxtəlif mövzular ətrafında diskussiyalarda da iştirak edirlər. Bundan əlavə, gənclərin elmi- praktiki mövzularla bağlı fikir mübadilələrinin təşkili, idman və digər maraqlı yarışların keçirilməsi də mümkün olmuşdur. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilib. Eyni zamanda, gənclərlə iş baxımından da, bu proqramın əhəmiyyəti xüsusi qiymətləndirilir. Çünki Yeni Azərbaycan Partiyasının bu humanist aksiyası dövlətin gənclərə olan diqqəti ilə yanaşı, onların asudə vaxtının, digər maraqlarının da daim nəzərdə olduğunu nümayiş etdirir.

Məhz bütün bunların davamı olaraq həm də, öz uğurlu proqramları ilə davam edən Yeni Azərbaycan Partiyasının "Yay məktəbi" layihəsinin ölkəmizin dilbər guşələrindən biri olan Oğuz rayonunda dördüncü mərhələsinə start verilib. Təlimlərə paytaxt Bakı ilə yanaşı, ölkəmizin müxtəlif rayonlarını təmsil edən YAP Gənclər Birliyi üzvləri qatılıblar. Qeyd edildiyi kimi, hər həftə bir qrupda 50 nəfər gənc olmaqla keçirilən təlimlər gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edir.

Xatırladaq ki, iyulun 3-dən start götürən "Yay məktəbi" layihəsi respublikanın üç - Oğuz, Qəbələ və Lerik rayonlarında keçirilir. Təlimlərin keçirilməsində əsas məqsəd YAP GB üzlərinin mədəni istirahətini təşkil etmək, gənclərin bir-biriləri ilə ünsiyyətini yaxşılaşdırmaq, region gəncləri ilə paytaxt gəncləri arasında əlaqələri möhkəmləndirmək, gənclərin elmi, intellektual potensialının yüksəldilməsinə xidmət edən yarışların, idman oyunlarının, digər tədbirlərin keçirilməsidir.

Bildirək ki, "Yay məktəbi"nin rəsmi açılışında YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov, millət vəkilləri, müvafiq dövlət strukturlarının rəsmiləri iştirak ediblər.

İyulun 24-də "Yay məktəbi"nin iştirakçıları Oğuz rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gəliblər, burada Ümummilli Liderin xatirəsinə ucaldılan abidənin önünə tər çiçək dəstələri düzüblər. Tədbirdə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmli, YAP GB-nin sədri Seymur Orucov, Oğuz rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Həmin gün Azərbaycanda səfərdə olan Rumıniyanın hakim Demokratik Liberal Partiyasının gənc üzvlərindən ibarət nümayəndə heyəti də Oğuz rayonuna səfərə gəliblər. "Afra" otelinin önündə YAP gəncləri Rumıniyadan olan həmkarlarını gül-çiçəklə qarşılayıblar.

Sonra Oğuz Olimpiya Kompleksində YAP və rumıniyalı gənclər təşkilatları arasında mini-futbol üzrə yoldaşlıq yarışı təşkil olunub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci hissəsində YAP gəncləri daha fəallıq göstəriblər. Birinci hissə 1:0 hesabı ilə "meydan sahibləri"nin xeyrinə başa çatıb. İkinci hissədə qonaqlar fəallıqlarını artırıblar və rəqibi oyunu mərkəzdən başlamağa məcbur ediblər. Az sonra YAP gəncləri də qonaqlara eyni "jest"lə cavab veriblər. Hakimin final fiti səslənənədək YAP gəncləri hesabdakı malik olduqları üstünlüyü qoruya biliblər. Yoldaşlıq görüşü elə 2:1 hesabı ilə də başa çatıb.

Əlavə edək ki, bütün bunların davamında da "Yay məktəbi" iştirakçılarını, eləcə də, Rumıniyadan olan gəncləri maraqlı səfər proqramı gözləyir. Onlar bu layihə çərçivəsində Şəki şəhərinə səfər edəcəklər. Burada Xan sarayı və Karvansarayla tanış olacaqlar, "Marxal" istirahət mərkəzində nahar edəcəklər, Kiş kəndində yenidənqurmadan sonra istifadəyə verilmiş qədim Alban kilsəsi ilə tanış olacaqlar.

Qeyd edək ki, iyulun 29-dək davam edəcək "Yay məktəbi"nin iştirakçıları, həmçinin, müxtəlif dəyirmi masalarda, Oğuz rayon ictimaiyyətinin təmsilçiləri ilə görüşlərdə iştirak edəcək, maraqlı diskussiyaların iştirakçıları olacaqlar.


Tapdıq Qurbanlı

Digər xəbərlər